DataLife Engine > Siyasət > Qəbulu gecikdirilən qanun layihələri…

Qəbulu gecikdirilən qanun layihələri…


21-07-2017, 13:53. Yerləşdirdi: sefa Qəbulu gecikdirilən qanun layihələri…
Azərbaycan Milli Məclisi bəzi qanun layihələrini illərdir qəbul edə bilmir. Ya müzakirələr uzanır, ya da toz basmış sənədlər “arxivdə” yatır…

Modern.az saytı həmin qanun layihələrinin adlarını dəqiqləşdirməyə çalışıb.

Qəbulu gecikdirilən qanun layihələrindən biri Rəqabət Məcəlləsidir. Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Bu qanun layihəsinin qəbul üçün parlamentdə dəfələrlə məsələ qaldırılıb. Nəhayət ki, Rəqabət Məcəlləsi parlamentin payız sessiyasında gündəliyə çıxarılacaq. Qanun layihəsinin qəbul edilməsi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Parlamentdən bildirilib ki, qanun layihəsinin üzərində son tamamlanma işləri görülməkdədir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov saytımıza açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsinə müəyyən qurumlar tərəfindən baxılır.

“Biz neçə ildir ki, Rəqabət Məcəlləsinin qəbul olunması təklif edirik. Düzdür, Rəqabət Məcəlləsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşa çıxarılmırdı. Amma 2017-ci ildə Rəqabət Məcəlləsinin qəbul olunması “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb”.

Vahid Əhmədov deyib ki, Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirə ediləcəyi gözlənilir.

“Azərbaycanda sahibkarlığın inkişafı, bərabər hüquqları təmin etmək və investisiya yatırımını artırmaq üçün Rəqabət Məcəlləsinə çox böyük ehtiyac var. Bu Məcəllənin qəbul edilməsi ilə Azərbaycanda monopoliya və inhisarçılıq aradan qalxacaq. Yəni hər bir sahibkar Azərbaycanın qanunlarına uyğun olaraq bərabər hüquqlu fəailliyyət göstərə biləcək. Sahibkarlığın inkişafını, azad rəqabətin yaranmasını, inhisarçılığın aradan qalxmasını istəyiriksə, bu qanun mütləq qəbul edilməlidir”.

Qəbulu gecikdirilən digər sənəd "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsidir. Qanun layihəsi 27 maddədən ibarətdir. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib, Və "surroqat ana" müddəası etirazlara səbəb olduğundan, o bənd layihədən çıxarılıb. İndiyədək sənəd bir neçə dəfə dəyişikliyə məruz qalıb.Bu qanun layihəsinin də parlamentin payız sessiyasının gündəliyinə daxil edilib və müzakirə edilməsi nəzərdə tutulub.

Parlamentdən saytımıza verilən məlumata görə, qanun layihəsi artıq iş planına da daxil edilib. Parlamentdə yaradılan işçi qrup artıq “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində işi yekunlaşdırıb. Sadəcə ardıcıllıq məsələsinə görə, müzakirəyə çıxarılmayıb. Qanun layihəsi parlamentin payız sessiyasının ilk iclasının gündəliyinə daxil ediləcək.
Geri qayıt