DataLife Engine > Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM > “Biz onlara çox barmaq edə bilmərik...” - Arif Rəhimzadə

“Biz onlara çox barmaq edə bilmərik...” - Arif Rəhimzadə


16-06-2017, 16:25. Yerləşdirdi: sefa “Biz onlara çox barmaq edə bilmərik...” - Arif Rəhimzadə
Milli Məclisin deputatı, eyni zamanda MM regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, keçmiş dövlət müşaviri Arif Rəhimzadə “Ölkə.Az” xəbər portalına müsahibə verib.

"Xalqinfo" həmin müsahibəni təqdim edir:

– Ümumrusiya Azərbaycan Konqresinin birdəfəlik bağlanılması ilə bağlı fikirlər səsləndirilir. Bu məsələ ilə bağlı vəziyyət necədir?

– Ümumrusiya Azərbaycan Konqresinin bağlanması həmin təşkilatın öz təqsiri üzündən olub. Burada Rusiyanın ciddi təqsirini görmürəm. Rusiya dövləti Ümumrusiya Azərbaycan Konqresinə bir neçə dəfə xəbərdarlıq edib ki, lazım olan sənədləri qaydasına salsın. Ancaq Konqres deyilənlərin heç birini etməyib. Belə bir halda Rusiya nə etməli idi? Bu addım Rusiyanın normal dövlətçilik tədbiridir. Ona görə də Azərbaycan-Rusiya münasibətləri heç zaman pisləşə bilməz. Bizi birləşdirən daha böyük və qlobal məsələlər var. Təbii ki, biz istəməzdik ki, belə bir hal da olsun. Ancaq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirən məsələ deyil. Mən şəxsən belə hesab edirəm.

– Bəs bu məsələ baş verən ərəfədə Milli Məclisdə etiraz çıxışları olmuşdu, Azərbaycanın bir çox rəsmi və tanınmış şəxslər bu qərara görə Rusiyaya etiraz etmişdi. Ancaq onlar heç də sizin kimi düşünmürdülər...

– Bilirsiniz, elə dərindən düşündəndə Ümumrusiya Azərbaycan Konqresi həmin ölkənin ərazisində yaşayan azərbaycanlıların təşkilatıdır. Biz onlara çox barmaq edə bilmərik. Rusiyada yaşayan azərbaycanlılara nəzarət etmək, onlara hər hansı göstərişlər vemək heç bizim işimiz də deyil. Azərbaycanda da rusların diaspor təşkilatı mövcuddur. Görün, Rusiya həmin təşkilatın fəaliyyətinə qarışır? Bura adam qoyub, adam çıxarırmı? Onların fəaliyyətinə nəzarət edirmi? Təbii ki, xeyr! Əgər Rusiya bunu edirsə, bizim də işimiz ondan ibarət olmalıdır ki, biz Rusiyadakı azərbaycanlıların problemlərinə müəyyən köməklik göstərməliyik. Yəni, çalışmalıyıq ki, Rusiyada olan soydaşlarımızın başı ağrımasın, rifahları və dolanışıqları yaxşı olsun. Bizim fəaliyyətimiz yalnız bu cür olmalıdır. İndi bu məsələyə görə Rusiya əleyhinə sərt çıxış edənləri başa düşə bilmirəm. Axı onlar nə düşünür? Düşünürlər ki, Ümumrusiya Azərbaycan Konqresi sırf Azərbaycan təşkilatıdır? Axı bu bizim dövlətin təşkilatı deyil! Bu, bizim xalqın, Azərbaycandan gedən insanların, ancaq Rusiya dövlətinin təşkilatıdır. Ümumrusiya Azərbaycan Konqresində təmsil olunanlar arasında təkcə azərbaycanlılar deyil. Onların arasında rusu və digər millətlərdən olanları da var.

– Azərbaycanda rus dili tədrisinin ləğv olunması ilə bağlı müəyyən çağırışlar var. Bu barədə siz necə düşünürsünüz?

– Bu cür çağırışlar tamamilə əsassızdır. Bu cür düşüncələrin heç bir əsası yoxdur. Biz rus dilinə Rusiyanın xoşuna gəlmək üçün icazə vermirik. Yaxud da buna görə Rusiya bizə nə isə üstünlük versin! Rusiya, rus dili, elmi və mədəniyyəti bizə lazımdır. Çünki biz ruslarla tarixən əlaqədə olmuşuq. Rus dilindən də imtina edək və təcrid olunmuş vəziyyətdə qalaq, o zaman biz dünyaya hansı dillə çıxacağıq? Biz bir məsələni anlamalıyıq ki, Azərbaycan xalqının və dövlətinin formalaşmasında Rus İmperiyasının, Sovet İttifaqının, Rusiyanın böyük rolu olub. Doğrudur, müəyyən zamanlarda Rusiyada Azərbaycana qarşı qısqanclıq olub. Bunu heç kəs də inkar etmir. Ancaq Azərbaycanda və müsəlman Şərqində ilk demokratik və müstəqil ölkənin yaradılmasında Rusiyanın böyük rolu var. 1918-ci ildə Cənubi Azərbaycanda da demokratik respublika yaradaydılar da, bəs nə üçün yarada bilmədilər? Deməli, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması da məhz Rusiyanın təsiri nəticəsində mümkün olub. Buna rəhbərlik edənlər Rusiyada təhsil almış insanlar idi. Gəlin etiraf edək də! Sovet İttifaqının ilk illərində biz özümüzü azərbaycanlı hesab etmirdik. Bir zamanlar özümüzü müsəlman, sonra isə türk adlandırırdıq. Ancaq biz Azərbaycan xalqıyıq. Xalq kimi formalaşmağımızda da Sovet İttifaqının müsbət rolu vardır. Yəni, demək istəyirəm ki, ruslardan bizə qarşı qəddarlıq və digər xoşagəlməz hallar olsa da, ancaq bununla yanaşı müsbət cəhətləri də olub. Biz rus dilini ona görə yaymırıq ki, Rusiyanın xoşuna gələk. Bu, ilk növbədə bizim özümüzə lazımdır. Çünki biz indiyədək rus dili vasitəsilə Avropa və dünyaya çıxmışıq. Bəlkə də gələcəkdə hamımız rus dilini ingilis dili qədər bilərsək, o zaman bu dilə ehtiyac olmaz. Ancaq indi rus dilini atıb ingilis və ya digər xarici dillərə üstünlük vermək doğru deyil.

Mən rus dilini ingilis dilindən o mənada üstün bilirəm ki, bu dil artıq Azərbaycan xalqı bilir. Ona görə də mən deyirəm ki, biz dünyaya daha çox rus dili vasitəsi ilə çıxmalıyıq. Təsəvvür edin ki, sabah rus dilini atıb, yerinə ingilis dilinə üstünlük verirsən. Bəs ingilis dilini öyrənmək və bununla dünyaya çıxmaq üçün nə qədər vaxt lazımdır? Bəs o zamana qədər nə edəcəksən? Hansı dillə dünyaya çıxacaqsan?

– Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət nəticəsində belə bir fikir formalaşıb: “Rusiya Azərbaycana ermənidən daha çox düşmənçilik edib”. Bu deyimlə razısınızmı?

– Belə bir klassik fikir var ki, siyasətdə daim dost yox, daimi maraqlar olur. Ona görə də Rusiyanın öz, Azərbaycanın isə öz maraqları var. Rusiyanın maraqlarını ermənilərin maraqları ilə heç müqayisə etmək olmaz. Çünki ermənilər bizi tamamilə məhv etmək və ərazilərimizi zəbt etmək istəyir. Ancaq Rusiyada belə ideyalar yoxdur. Əlbəttə ki, Rusiyanın Azərbaycanda maraqları var. Rusiya çox istəyir ki, Azərbaycan onun maraqlarına uyğun hərəkət etsin. Hətta, Rusiya heç zaman istəməz ki, biz neft-qaz ehtiyyatlarımızı müstəqil şəkildə dünyaya nəql edək. İstərdi ki, Azərbaycan neft-qazını Rusiyanın istəyi ilə nəql etsin. Bütün bu istəklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən və balanslaşmış siyasəti nəticəsində bu problemin həllinə də nail olmuşuq. Bu gün Rusiyanın Azərbaycanda maraqları olduğu kimi, bizim də bu ölkədə öz maraqlarımız var. Rusiya böyük və qonşu dövlətdir. Ona görə də biz Rusiyanın maraqlarını müəyyən qədər nəzərə almalıyıq. Çalışmalıyıq ki, Rusiya-Azərbaycan münasibətlərinə xələl gəlməsin.

– Bu günlərdə Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməklə bağlı çağırış edib. Bu təklifi Rusiyanın imperiya iddialarının artırması kimi başa düşmək olarmı?

– Hesab edirəm ki, Azərbaycanda buna ehtiyac yoxdur. Deyə bilmərəm, bəlkə buna digər MDB ölkələrində ehtiyac var, ancaq Azərbaycanda bu lazım deyil. Azərbaycan dili var və inkişaf edir. Türk dilləri içərisində ən inkişaf etmiş dil Azərbaycan dilidir. Bu dil daha da inkişaf etməlidir.
Geri qayıt