DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Mükəmməl Konstitusiyanın müəllifi

Mükəmməl Konstitusiyanın müəllifi


11-05-2017, 10:56. Yerləşdirdi: sefa Mükəmməl Konstitusiyanın müəllifi
Konstitusiya müasir demokratiyanın ən mühüm institutlarından, bəşəriyyətin ən mühüm nailiyyətlərindən biridir. Belə ki, müasir hüquqi demokratik dövləti bir tərəfdən şəxsiyyət və cəmiyyət, digər tərəfdən vətəndaş və dövlət arasında mövcud olan ən mühüm münasibətləri tənzimləməklə bir növ cəmiyyətin mikromodeli qismində çıxış edən, hüquq sisteminin əsasını təşkil edən, şəxsiyyətin cəmiyyətdə yerini müəyyən edən, dövlətin təşkilinin demokratik prinsiplərini təsbit edən konstitusiyasız təsəvvür etmək mümkün deyil. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, hər hansı bir dövlətin konstitusiyasının mövcudluğu hələ onun konstitusiya quruluşlu və ya konstitusion dövlət, hüquqi demokratik dövlət hesab edilməsinə imkan vermir. Konstitusion dövlət məhz o dövlət hesab olunur ki, onun konstitusiyası dövlət və cəmiyyətin təşkilinin demokratik prinsiplərini təsbit etsin, cəmiyyət və dövlət bu prinsiplər əsasında qurulsun və fəaliyyət göstərsin. Azərbaycan Respublikası konstitusiya quruluşlu hüquqi, demokratik, konstitusion dövlət kimi xarakterizə edilə bilər. İlk növbədə ona görə ki, demokratik prinsipləri və ümumbəşəri dəyərləri təsbit edən Azərbaycan Respublikasının Konstitusiyası əsasında həyata keçirilən islahatlar hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi uğurlar əldə olunmasına, təkmil hüquq sisteminin və dövlət idarəçilik mexanizminin formalaşmasına, sosial-iqtisadi inkişafın və siyasi sabitliyin bərqərar olmasına gətirib çıxarmışdır.

XX yüzilliyin sonunda xalqımızın yenidən öz müstəqilliyini bərpa etməsi məhz dahi şəxsiyyət, zəngin idarəetmə təcrübəsinə malik olan ulu öndər Heydər Əliyevin sayəsində müstəqil Azərbaycan dövlətinin yaradılması ilə nəticələndi. Bu dövlətin qarşısında duran ən mühüm vəzifə müstəqilliyin qorunub saxlanması və çağdaş demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq üçün mükəmməl hüquqi baza ola biləcək bir konstitusiyanın qəbul olunması idi. Lakin müstəqilliyin ilk illərində konstitusiyanın qəbuluna dəfələrlə cəhd edilsə də, mövcud ictimai-siyasi durum, hakimiyyət uğrunda gedən mübarizə, erməni təcavüzü və torpaqların işğaldan azad olunması uğrunda aparılan müharibə, qeyri-sabit siyasi-hüquqi vəziyyət konstitusiyanın qəbul olunması imkanını aradan qaldırmışdı. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ilk növbədə başlıca missiyası baş verə biləcək vətəndaş müharibəsinin qarşısını almaq, cəbhədə atəşkəsə nail olmaq, siyasi sabitliyi bərqərar etmək, müstəqilliyi itirmək təhlükəsini aradan qaldırmaq oldu. Ulu öndər Heydər Əliyev bu tarixi missiyanı uğurla yerinə yetirdikdən sonra artıq konstitusiyanı qəbul etmək, siyasi, iqtisadi, sosial-mədəni, mənəvi və digər sferalarda yeni münasibətləri formalaşdırmaq məqamı gəlib çatdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımız bu çətin imtahanın da öhdəsindən uğurla gəldi. Belə ki, 2 may 1995-ci ildə Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya komissiyası və onun işçi qrupu formalaşdırıldı və komissiya çox böyük bir tarixi missiyanı - sivil dünya dövlətlərinin təcrübəsində sınaqdan çıxmış demokratik prinsipləri və ümumbəşəri dəyərləri təsbit edən Konstitusiya layihəsinin hazırlanması işini uğurla yerinə yetirdi və Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul olundu. Ulu öndər Heydər Əliyev Konstitusiya layihəsinin müzakirəsi üçün yaradılan komissiyanın ilk iclasında qəbul ediləcək Konstitusiyanın əsas müddəalarını müəyyən edərək demişdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etmək və Azərbaycan Respublikasının özünəməxsus tarixi-milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi sivilizasiyalı dünyəvi dövlət qururuq”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiya demokratik dünya dövlətlərinin təcrübəsinə, milli və ümumbəşəri dəyərlərin sintezinə əsaslanmaqla hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna geniş zəmin yaratdı, ictimai həyatın siyasi, iqtisadi, sosial-mədəni və mənəvi sferalarında əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Yeni Konstitusiya ictimai və dövlət maraqlarını uzlaşdıraraq cəmiyyətdə siyasi sabitliyin bərqərar olmasına, ümumi azərbaycançılıq ideologiyasının formalaşmasına, milli-mənəvi dəyərlərin konstitusiya müstəvisinə daşınmasına və ən yüksək səviyyədə təmin olunmasına hüquqi zəmin yaratdı.

Dövlətin konstitusiya quruluşunun əsaslarını müəyyən edən, xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi və suverenliyin daşıyıcısı olmasını bəyan edən, insan və vətəndaşın hüquq və azadlıqlarını ali dəyərlər kimi təsbit edən və təmin edilməsini dövlət hakimiyyətinin başlıca vəzifəsi elan edən, hüququn cəmiyyətdə dövlət hakimiyyətinin fövqündə durmasına əsaslanan hüququn aliliyi prinsipini tanıyan və dövlət hakimiyyətinin təşkilində hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik ənənələrinin inkişafında və demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda əvəzsiz rola malikdir. Ümumbəşəri dəyərlərə əsaslanan Konstitusiyanın ictimai həyatın müxtəlif sferalarının ilkin başlanğıclarını özündə ehtiva edən aşağıdakı əsas prinsiplərini müəyyən edə bilərik:

- Azərbaycan xalqının dövlət hakimiyyətinin yeganə mənbəyi və suverenliyin daşıyıcısı qismində tanınması;

- insanın, onun hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması, bu hüquq və azadlıqların təmini və müdafiəsinin qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları simasında dövlətin vəzifəsi olaraq müəyyən olunması;

- hüququn aliliyinin tanınması və dövlət hakimiyyətinin daxili məsələlərdə hüquqla və beynəlxalq münasibətlər çərçivəsində isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə məhdudlaşdırılmasının müəyyən edilməsi;

- dövlət hakimiyyətinin hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölgüsü əsasında təşkili və “çəkindirmə və tarazlaşdırma” mexanizmi çərçivəsində həyata keçirilməsi;

- dövlətin sosial siyasətinin insanın layiqli həyat səviyyəsini və sərbəst inkişafını təmin edən şəraitin yaradılmasına yönəlməsi;

- iqtisadi sistemin əsasını mülkiyyət müxtəlifliyinin - dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərinin tanınması və dövlət tərəfindən onlara bərabər təminat verilməsi, habelə haqsız rəqabətin yolverilməzliyi və azad sahibkarlığın inkişafına təminat verilməsinin təşkil edilməsi;

- ideoloji və siyasi plüralizm, çoxpartiyalılıq, fikir və söz azadlığının tanınması və təmin olunması;

- vətəndaş cəmiyyətinin formalaşdırılmasının dövlətin ən mühüm vəzifələrindən biri kimi müəyyən olunması və yerli özünüidarənin vətəndaş cəmiyyətinin ən mühüm institutlarından biri kimi tanınması və ona təminat verilməsi;

- Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunan aktlar istisna olunmaqla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların milli qanunvericiliyə münasibətdə üstünlüyünün tanınması.

Konstitusiyaya əsaslanan siyasi-hüquqi rejim kimi konstitusionalizmin bərqərar olması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının səmərəli fəaliyyəti həm də yuxarıda qeyd etdiyimiz konstitusion prinsiplərin realizəsi mexanizmlərindən bilavasitə asılıdır.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra həyata keçirilən demokratik dəyişikliklərin, məhkəmə-hüquq islahatlarının, siyasi və iqtisadi islahatların, sürətlə beynəlxalq aləmə inteqrasiyanın, respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında böyük uğurların əldə edilməsinin təməlində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri durur. Ölkə həyatının bir çox sahələrində, xüsusilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, habelə insan hüquqları sahəsində əhəmiyyətli dəyişikliklərin baş verməsi, respublikamızın beynəlxalq hüququn tamhüquqlu üzvünə çevrilməsi, bir çox beynəlxalq hüquqi aktlara, o cümlədən insan hüquqları sahəsində konvensiyalara qoşulması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması və qorunması üçün bir sıra yeni prosessual və qeyri-prosessual müdafiə mexanizmlərinin yaradılması, hakimiyyətin təşkili və həyata keçirilməsində hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl olaraq həyata keçirilməsi zərurəti konstitusion islahatların davam etdirilməsi üçün ilkin zəmin yaratdı. Odur ki, Azərbaycan Respublikasının Prezidenti ulu öndər Heydər Əliyev milli qanunvericiliyin ratifikasiya olunmuş beynəlxalq hüquqi aktlara uyğun olaraq təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması və daha etibarlı təmin edilməsi, seçki hüquq institutunun və dövlət idarəçilik mexanizminin daha da inkişaf etdirilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq səsverməsinə çıxardı. Fərmanda bildirilirdi ki, bu addım respublikamızın “İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikası Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlir. 24 avqust 2002-ci ildə keçirilən ümumxalq səsverməsi - referendumla Konstitusiyanın 24 maddəsində 32 əlavə və dəyişiklik edildi və bu dəyişikliklər nəticə etibarilə insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, yeni müdafiə mexanizmlərinin yaranmasını təmin etdi, seçki sistemini inkişaf etdirdi, bütövlükdə dövlət idarəçilik mexanizmini, o cümlədən qanunvericilik hakimiyyətinin təşkili və fəaliyyəti sistemini, prezident seçkilərinin konstitusion əsaslarını, həmçinin məhkəmə hakimiyyətinin təşkili və fəaliyyəti mexanizmini təkmilləşdirdi, vətəndaşlara, məhkəmə orqanlarına və insan hüquqları üzrə müvəkkilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verdi, konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi qaydasını nəzərdə tutan yeni müddəalar müəyyən etdi.

Heydər Əliyevin müəllifi olduğu demokratik hüquqi dövlət quruculuğu konsepsiyası, sosial-iqtisadi inkişaf strategiyası, azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək konstitusion islahatların ardıcıl olaraq həyata keçirilməsi üçün real zəmin yaratdı və nəticə etibarilə 18 mart 2009-cu ildə “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsinə çıxarıldı və Konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişiklik edilərək Konstitusiya bir daha təkmilləşdirildi, konstitusion norma və prinsiplər dövrün tələblərinə uyğunlaşdırıldı və Azərbaycanın gələcək inkişafı üçün müasir hüquqi zəmin yaradıldı.
18 mart 2009-cu ildə “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı özündə əvvəlki konstitusion dəyişiklikləri təsbit edən Referendum Aktından daha geniş məsələləri nəzərdə tuturdu. Bu da ilk növbədə birinci konstitusion dəyişikliklərdən sonra Azərbaycanın ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, cəmiyyətin mənəvi ideoloji sferasında baş verən fundamental inkişaf tempi ilə bağlı idi. Artıq cəmiyyətin bu inkişaf səviyyəsi reallıqlara yeni konstitusion yanaşmanı tələb edirdi. 18 mart 2009-cu il konstitusion dəyişiklikləri predmet baxımından şərti olaraq bir neçə istiqamət üzrə təsnifləşdirmək olar. Birinci istiqamət insan hüquq və azadlıqlarını təsbit edən konstitusiya normalarının məzmun etibarilə zənginləşdirilməsi, yeni imkanların müəyyən olunması, daha geniş təminatı və daha səmərəli müdafiə mexanizminin formalaşdırılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan edən 12-ci maddəsi respublikamızın sosial-iqtisadi inkişaf səviyyəsinin tələblərinə cavab verdiyi və sosial dövləti xarakterizə edən “Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin” təmin olunması müddəası əlavə olunmaqla məzmun etibarilə zənginləşdirildi. Konstitusiyanın ailə, uşaqlar və dövlət münasibətlərinin konstitusion əsaslarını müəyyən edən 17-ci maddəsinə onun məzmununa ciddi təsir göstərən və inkişaf etdirən dörd yeni hissə əlavə olundu. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabərlik hüququnun, 32-ci maddəsində təsbit olunan şəxsi toxunulmazlıq hüququnun da müvafiq maddələrinə bir neçə yeni müddəalar daxil edilməklə məzmun etibarilə daha da inkişaf etdirildi və günün tələblərinə cavab verə biləcək səviyyəyə qaldırıldı. İnsanın sağlam ətraf mühitdə yaşamaq hüququ, vicdan azadlığı, məlumat azadlığı kimi hüquq və azadlıqlarını təsbit edən konstitusion müddəalara da mühüm əhəmiyyət kəsb edən əlavələr edildi. Konstitusiyanın insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan 71-ci maddəsinə edilən əlavələr də ciddi əhəmiyyət kəsb edən müddəaları nəzərdə tutmuş oldu. İnsan hüquqları sahəsində konstitusion müddəaların təkmilləşdirilməsi həm bir tərəfdən milli qanunvericiliyin insan hüquqları sferasında mövcud olan beynəlxalq hüquqi aktların müvafiq müddəaları ilə uzlaşdırılması məqsədi və digər tərəfdən yetərincə sosial-iqtisadi və hüquqi inkişafa nail olan Azərbaycan dövlətinin bu hüquq və azadlıqlara real təminat vermək iqtidarı ilə şərtlənirdi.

Konstitusion islahatların ikinci istiqaməti dövlət hakimiyyəti mexanizmini müəyyən edən konstitusion müddəaların daha da təkmilləşdirilməsi idi. Belə ki, Referendum Aktında Azərbaycan Respublikası Milli Məclisinin təşkili və fəaliyyəti əsasları ilə bağlı məsələləri nəzərdə tutan, habelə Azərbaycan Respublikası Prezidentinin və məhkəmə hakimiyyətinin hüquqi statusunu müəyyən edən bir sira maddələrə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulurdu. Konstitusiyanın 84-cü maddəsinin birinci hissəsinə və 101-ci maddəsinə Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Prezidenti seçkilərinin konstitusion əsaslarının təkmilləşdirilməsinə xidmət edən “müharibə şəraitində hərbi əməliyyatların aparılması ... seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması” müddəası dövrün tələbi ilə bilavasitə səsləşən müddəadır. Aparılan hərbi əməliyyatlar seçkilərin keçirilməsini mümkünsüz edərsə, xalqın iradəsinin keçiriləcək seçkilərdə obyektiv təzahürünü təmin etməyə imkan verməzsə, irəlicədən seçkilər nəticəsində mandat əldə etmiş legitim dövlət hakimiyyət orqanlarının öz fəaliyyətlərini hərbi əməliyyatların sonunadək davam etdirməsi bu zaman daha səmərəli və daha məntiqlidir. Referendum Aktında həmçinin Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin qismən genişləndirilməsinə, bilavasitə demokratiya institutlarının (Konstitusiyanın 96-cı maddəsində Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının da qanunvericilik təşəbbüsü hüququnun subyekti kimi tanınması) inkişafına xidmət edən müddəalar da mövcuddur.
Referendum Aktının konstitusiya islahatlarını müəyyən edən digər istiqaməti yerli özünüidarənin konstitusion statusunun, xüsusilə də bələdiyyələrin müstəqilliyinin təminatlarının təkmilləşdirilməsi ilə bağlıdır. Konstitusiyanın bələdiyyələrin müstəqilliyinin təminatını nəzərdə tutan cəmi bir hissədən ibarət olan 146-cı maddəsi dəyişikliklər nəticəsində dörd yeni hissə əlavə edilərək demək olar ki, tamam yeni məzmun kəsb etdi. Yeni müddəalar bir tərəfdən bələdiyyələrin öz səlahiyyətləri çərçivəsində müstəqilliyini təmin edir, digər tərəfdən onların bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında məsuliyyətini, bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsinin Azərbaycan dövlətinin suverenliyinə xələl gətirməməsini, dövlətin bələdiyyələrin fəaliyyətinə nəzarət etməsini və qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələrin öz fəaliyyətləri barəsində Azərbaycan Respublikası Milli Məclisinə hesabat təqdim etməsini müəyyən edir.

Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən konstitusion islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edir. Yüksək idarəetmə qabiliyyətinə malik olan möhtərəm Prezident İlham Əliyev dünya siyasətinin əsaslarını müəyyən edən dövlətlərlə balanslaşdırılmış, qətiyyətli və uzaqgörən xarici siyasət kursunu davam etdirməklə, terrorçuluğun və dini ekstremizmin geniş vüsət aldığı, müharibələrin səngimək bilmədiyi çağdaş dövrümüzdə Azərbaycanda siyasi sabitliyi və təhlükəsizliyi məharətlə təmin edir, onun rəhbərliyi altında Azərbaycan hərtərəfli və dinamik inkişaf edir, ictimai həyatın bütün sahələrində nailiyyətlər əldə edilir, insan ləyaqətinin və insanpərvərlik prinsiplərinin ali dəyərlər kimi qorunması istiqamətində ardıcıl iş aparılır, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu davamlı olaraq inkişaf etdirilir.

26 sentyabr 2016-cı ildə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qəbul edilməsi respublikamızda həyata keçirilən konstitusion islahatların yeni mərhələsinin başlanğıcı oldu. Respublikamızda konstitusion islahatların davam etdirilməsi bir çox həm daxili, həm də xarici amillərlə, ilk növbədə isə 18 mart 2009-cu ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra həyata keçirilən sosial-iqtisadi islahatlarla, ölkə iqtisadiyyatının inkişaf tempi ilə, habelə bu islahatların uğurla davam etdirilməsini təmin edə biləcək siyasi idarəçilik mexanizminin təkmilləşdirilməsi zərurəti ilə şərtlənir. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar mütəmadi olaraq siyasi sistemin də təkmilləşdirilməsini zəruri edir. Müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daim inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının sürətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, idarəçiliyin elmi-texniki tərəqqinin və informasiya kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə yeni forma və metodlarının seçilməsi, yeni təhlükəsizlik sistemlərinin yaradılması və inkişaf etdirilməsi respublikamızın qarşıda duran ən mühüm vəzifələrindən biridir. Azərbaycan dövləti insan hüquqları sahəsində də fundamental islahatların mütəmadi olaraq həyata keçirilməsində maraqlıdır. Odur ki, konstitusion islahatların aparılmasında insan faktoru, onun hüquq və azadlıqlarının məzmun etibarilə daim inkişaf etdirilməsi, daha səmərəli təminatlarının və müdafiə mexanizmlərinin tətbiqi zərurəti konstitusion islahatların həyata keçirilməsi üçün başlıca amil olaraq qalır.

26 sentyabr 2016-cı ildə qəbul olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsində 34 dəyişiklik və əlavələr, habelə Konstitusiyaya, onun strukturunu dəyişən 6 yeni maddə əlavə edilmişdir.

Konstitusiyaya edilən əlavə və dəyişiklikləri iki əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür. Birinci istiqamət insan hüquq və azadlıqlarının məzmun etibarilə zənginləşdirilməsi, beynəlxalq universal və regional xarakterli hüquqi aktlara uyğunlaşdırılması, təminatların və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. İkinci istiqamət isə hakimiyyət bölgüsü prinsipinin, “çəkindirmə və tarazlaşdırma” mexanizminin, habelə siyasi idarəçilik və yerli özünüidarə sisteminin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan istiqamətdir.

İnsan hüquq və azadlıqları ilə bağlı konstitusion düzəlişlər Konstitusiyanın insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini nəzərdə tutan 24-cü, bərabərlik hüququnu təsbit edən 25-ci, mülkiyyət hüququnu nəzərdə tutan 29-cu, şəxsi toxunulmazlıq hüququnu müəyyən edən 32-ci, tətil hüququnu nəzərdə tutan 36-cı, fikir və söz azadlığını nəzərdə tutan 47-ci, sərbəst toplaşmaq azadlığını təsbit edən 49-cu, vətəndaşlıq hüququnun təminatını nəzərdə tutan 53-cü, seçki hüququnu müəyyən edən 56-cı, müraciət hüququnu nəzərdə tutan 57-ci, birləşmək hüququnu təsbit edən 58-ci, azad sahibkarlıq hüququnu nəzərdə tutan 59-cu, hüquqların məhkəmə təminatını müəyyən edən 60-cı, insan hüquqlarının və azadlıqlarının təminatını nəzərdə tutan 71-ci maddələrini əhatə etməklə bir tərəfdən müvafiq maddələrdə təsbit olunan hüquq və azadlıqları məzmun etibarilə təkmilləşdirir, digər tərəfdən, onun təminatları və müdafiəsi ilə bağlı əlavə imkanları müəyyən edir. Konstitusion islahatların bu istiqaməti Azərbaycan dövlətinin insan hüquqlarına verdiyi önəmlə şərtlənir.

Konstitusion islahatların ikinci istiqaməti isə qeyd etdiyimiz kimi, siyasi idarəçilik mexanizminin və yerli özünüidarə sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmişdir. Burada ilk növbədə diqqət çəkən məsələ Azərbaycan Respublikası Konstitusiyasının 85-ci,100-cü, 121-ci və 126-cı maddələrində edilən dəyişikliklərlə bağlıdır. Belə ki, Konstitusiyanın qeyd etdiyimiz maddələrinin referendumaqədərki mətnlərində müvafiq vəzifələrə seçilmək və təyin olunmaq üçün nəzərdə tutulan yaş məhdudiyyəti referendum dəyişiklikləri ilə aradan qaldırılır və artıq həmin vəzifələrə seçilmək və təyin olunmaq üçün seçkilərdə iştirak etmək hüququna malik olmaq tələbi qoyulur. Göründüyü kimi, bu dəyişikliklər hər üç hakimiyyət qolunun dövlət hakimiyyət orqanında təmsil olunma üçün nəzərdə tutulan yaş məhdudiyyətini aradan qaldırmaqla bağlıdır. Konstitusiyanın 85-ci, 100-cü, 121-ci və 126-cı maddələrinə edilən dəyişikliklər hüquqi demokratik dövlət quruculuğu təcrübəsinə əsaslanır, xalq hakimiyyəti və xalq suverenliyi prinsiplərinin konstitusion əsaslarını inkişaf etdirir, vətəndaşların seçki hüququnun məzmununu genişləndirir, icra hakimiyyəti funksiyalarının daha səmərəli şəkildə həyata keçirilməsi imkanlarını artırır, məhkəmə hakimiyyətinin təşkilində yaranan çətinliyi aradan qaldırmağa imkan verir.

Əhəmiyyət kəsb edən digər məsələlər Konstitusiyaya əlavə edilən və siyasi idarəçilik mexanizminin təkmilləşdirilməsinə xidmət edən 981-ci və 1031-ci maddələrində nəzərdə tutulan müddəalar, habelə 1031-ci maddədən irəli gələrək 105-ci maddəyə edilən dəyişikliklər və 1061-ci maddələrdır. Belə ki, Konstitusiyanın 981-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə müvafiq olaraq, “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Həmin maddənin IV hissəsində isə qeyd olunur ki, “bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər”. Burada hüquqi dövlətin ən mühüm prinsiplərindən biri olan hakimiyyət bölgüsünün ilkin elementləri öz əksini tapir. Konstitusiya nəzəriyyəsinə görə hakimiyyət səlahiyyətlərinin bölünməsi zamanı elə bir mexanizm formalaşdırılmalıdır ki, hər bir hakimiyyət qolu öz üzərinə düşən funksiyanı lazımi qaydada yerinə yetirə bilsin, digər hakimiyyətin müdaxiləsindən mühafizə oluna bilsin, həm də öz funksiyasını yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə konstitusion məsuliyyət daşısın. Konstitusiyanın 7-ci maddəsi qeyd olunan müddəaları qismən ehtiva etdiyindən Konstitusiyaya 981-ci maddəsinin əlavə edilməsi zərurəti yaranmışdır. Konstitusiya hakimiyyət qollarının birgə fəaliyyətini, öz səlahiyyətləri çərçivəsində müstəqilliyini müəyyən etməklə yanaşı, bir hakimiyyət qolunun konstitusion çərçivədə digər hakimiyyət qoluna təsir etmək imkanlarını da müəyyən edir. Parlamentin buraxılmasına dair müddəanın müəyyən edilməsi qanunvericilik və icra hakimiyyətlərinin qarşılıqlı təsir imkanlarını tarazlaşdırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasına yeni 981-ci maddənin əlavə olunması respublikamızda hakimiyyət bölgüsü prinsipi çərçivəsində “çəkindirmə və tarazlaşdırma” mexanizminin daha da təkmilləşdirilməsinə, dövlət hakimiyyəti mexanizmində konstitusion məsuliyyətin labüdlüyünün təminatına xidmət edir.
Azərbaycan Respublikası Konstitusiyasına edilən dəyişikliklərdən biri də Konstitusiyaya “Azərbaycan Respublikasının vitse-prezidentləri” adlanan 1031-ci maddənin əlavə olunması, yeni vitse-prezidentlər institutunun yaradılması ilə bağlıdır. Konstitusiyaya bu müddəanın əlavə edilməsinin əsas məqsədi prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və siyasi idarəetmə mexanizminin müasir dövrün tələblərinə cavab verməsinin təmin edilməsi, icra hakimiyyətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, məsuliyyətinin və intizamının möhkəmləndirilməsidir. Qeyd edilən institutun təsis edilməsi, həmçinin sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsinə və onların icrasının sürətləndirilməsinə xidmət etmək məqsədi daşıyır. Respublikamızda davamlı olaraq dövlət orqanları sistemi və siyasi idarəetmə mexanizmi təkmilləşir, yeni hakimiyyət strukturları yaradılır. Fikrimcə, Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndirilməsi, icra hakimiyyəti sferasında dövlətin funksiyalarının səmərəliliyinin artırılması, icra hakimiyyəti sistemində nəzarət mexanizminin daha səmərəli şəkildə həyata keçirilməsi üçün, vətəndaşların inzibati icraat sferasında hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etmək üçün vitse-prezidentlik institutunun formalaşması mütərəqqi addım hesab olunmalıdır.

Nəticə etibarilə qeyd edə bilərik ki, böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev Şərq və Qərbin qovşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal modern bir dövlət yaratdı. Məhz onun sayəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına və Cənubi Qafqazın ən aparıcı dövlətinə çevrildi. Müstəqil demokratik hüquqi dövlət Heydər Əliyevin gələcək nəsillərə qoyub getdiyi ən böyük əmanətdir və bu əmanətin qorunub saxlanması bir vətəndaş olaraq hər birimizin üzərinə böyük məsuliyyət qoyur.

Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın qloballaşan dünyaya inteqrasiyası, cəmiyyətin və dövlətin demokratik dəyərlər əsasında idarə edilməsi, habelə dövlətimizin sosial-iqtisadi inkişafı, insan hüquqlarının ali dəyərlər kimi tanınması və təmin olunması sahəsindəki fəaliyyəti onun ulu öndərin layiqli siyasi davamçısı olmasını sübut edir, Azərbaycanın dövlət müstəqilliyinin əbədi olmasına və yüksələn üçrəngli bayrağın heç zaman enməyəcəyinə hər bir Azərbaycan vətəndaşında böyük inam yaradır.


Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü
Geri qayıt