DataLife Engine > Siyasət, MANŞET > “Atamla onu çox yaxın dostluq əlaqələri bağlayırdı...”

“Atamla onu çox yaxın dostluq əlaqələri bağlayırdı...”


10-01-2017, 18:38. Yerləşdirdi: sefa “Atamla onu çox yaxın dostluq əlaqələri bağlayırdı...”

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub.

Prezident İlham Əliyev eyni zamanda İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müxbirinə müsahibə verib.

"Xalqinfo" prezidentin Ayətullah Haşimi Rəfsəncani ilə bağlı fikirlərini təqdim edir:

"İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Haşimi Rəfsəncani cənablarının vəfatı ilə əlaqədar bütün qardaş İran xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah ona rəhmət eləsin.

Cənab Haşimi Rəfsəncani İran İslam Respublikasının inkişafında çox mühüm rol oynamışdır, böyük işlər görmüşdür, çox unudulmaz iz qoymuşdur. İran xalqı da onun xidmətlərini yüksək qiymətləndirirdi.

Ayətullah Haşimi Rəfsəncani İran-Azərbaycan əlaqələrinin inkişafında da çox fəal rol oynamışdır, bu əlaqələrin inkişafının böyük tərəfdarı idi. Mənim atam, Prezident Heydər Əliyev ilə onu çox yaxın dostluq əlaqələri bağlayırdı. Onlar – həm Prezident Heydər Əliyev, həm də Prezident Haşimi Rəfsəncani birlikdə İran-Azərbaycan əlaqələrinin təməlini qoydular. Sağlam təməl qoydular ki, bu əlaqələr dostluq, qardaşlıq şəraitində inkişaf etsin.

Mən cənab Haşimi Rəfsəncaninin Azərbaycana səfəri zamanı Prezident Heydər Əliyev ilə olan görüşləri xatırlayıram. O görüşlərin bəzilərində mən də iştirak etmişəm. Şəxsən görürdüm ki, onlar doğrudan da bir-birinə qarşı çox böyük hörmətlə yanaşırlar. Mən Prezident olandan sonra İrana etdiyim səfərlərin birində cənab Haşimi Rəfsəncani ilə Tehranda görüşmüşəm və o görüş də mənə çox gözəl təəssürat bağışlayıb.

O, doğrudan da çox böyük dövlət xadimi, müdrik siyasətçi idi. Öz xalqına çox bağlı olan bir insan idi və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüşdü. Hesab edirəm, o da sevinirdi ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir.

Mən bundan sonra da çalışacağam ki, hörmətli həmkarım cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim.

Allah rəhmət eləsin".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində
Geri qayıt