DataLife Engine > Siyasət, BLOK XƏBƏR > İranla Qərbin tarixi anlaşmasının bəzi detalları –

İranla Qərbin tarixi anlaşmasının bəzi detalları –


4-04-2015, 11:17. Yerləşdirdi: Tural İranla Qərbin tarixi anlaşmasının bəzi detalları –
BMT sanksiyaları da daxil olmaqla, İrana qarşı bütün embarqolar ləğv ediləcək, İslam Respublikası isə nüvə silahı proqramlarından imtina edir
Uzun sürən gərgin danışıqlar prosesindən sonra nəhayət, İran və “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü + Almaniya) ölkələri arasında razılaşma əldə olunub. Razılaşma ilə bağlı ilk məlumat Almaniya XİN-in twitter səhifəsində elan olunub. Öz növbəsində İranın xarici işlər naziri Cavad Zərif özünün mikrobloqunda yazıb ki, danışıqların gedişi zamanı “qərarlar tapılıb” və tərəflər təcili şəkildə layihə sənədinin hazırlamasına girişməyə hazırdır.

Bundan az sonra gecə danışıqların keçirildiyi İsveçrənin Lozanna Universitetində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Moqerini birgə mətbuat konfransı keçirilib. AB xüsusi təmsilçisi bəyan edib ki, danışıqlarda əldə olunan razılaşmaya əsasən İrana qarşı sanksiyalar ləğv olunacaq. Bundan sonra hər iki tərəf anlaşmanın detallarını açıqlayıblar.

İranın İRNA Agentliyinin məlumatına görə, yayılan birgə bəyanatda mövcud həll yolları çərçivəsində İranın nüvə proqramı ilə əlaqədar heç bir obyektinin fəaliyyəti dayandırılmayacaq və İranın Nətənz, Fordo, İsfahan və Ərak kimi bütün nüvə obyektlərində dinc məqsədli nüvə fəaliyyətləri davam edəcək.

Razılaşma İran daxilində uranın zənginləşdirilməsi proqramının davamına zəmanət verir və İran İR Yekun Müştərək Təşəbbüs Proqramının müddəalarına əsasən nüvə stansiyalarının yanacağının təmin olunması üçün öz nüvə yanacağı sənayesini davam etdirəcək.
Həmçinin İran nüvə yanacağı obyektlərinin istehsalı və uranın satın alınması qarşılığında onun beynəlxalq bazarlara ixracı üçün zənginləşdirilmiş mövcud ehtiyatları ayıra biləcək.
Razılaşmaya əsasən Fordo nüvə obyekti modern nüvə və fizika tədqiqat mərkəzinə çevriləcək və həmçinin Fordo obyektinin yarısı 5+1 Qrupunun bəzi ölkələrinin əməkdaşlığı ilə modern nüvə tədqiqatları və sənaye, kənd təsərrüfatı və tibb sahələrində önəmli istifadəyə malik davamlı izotopların istehsalı üçün ayrılacaq.

Bundan başqa, Ərak Ağır Su Tədqiqat reaktoru qalacaq və dizaynı yeniləşdirilərək yüksəldiləcək və modernləşəcək. O cümlədən İran şəffaflıq və etimadın yaradılması istiqamətində könüllü şəkildə əlavə protokolu müvəqqəti icra edəcək və bu protokolun təsdiqlənməsi prosesinin davamı olaraq, cədvəlin əsasında o, prezident və İslam Şurası Məclisinin səlahiyyətləri çərçivəsində təsdiqlənəcək.

Və nəhayət, əldə olunmuş razılaşmaya əsasən yekun müştərək təşəbbüs proqramı təsdiqləndikdən sonra Təhlükəsizlik Şurasının bütün qətnamələri ləğv olunacaq, Avropanın çoxtərəfli və Amerikanın birtərəfli bütün maliyyə və iqtisadi sanksiyaları, o cümlədən bank, sığorta, investisiya və onunla əlaqədar bütün xidmətlər, neft, qaz, neft-kimya və avtomobilqayırma sektorlarına tətbiq olunan sanksiyalar dərhal ləğv olunacaq.

Həmçinin İranın nüvə proqramı ilə əlaqədar hüquqi və fiziki şəxslər, təşkilatlar, dövlət və özəl qurumlar, o cümlədən Mərkəzi Bank, digər maliyyə və bank müəssisələri, SWIFT, İran İslam Respublikasının gəmiçilik və təyyarə, neft tankerlərinə tətbiq olunan sanksiyalar hərtərəfli şəkildə dərhal ləğv olunacaq. 5+1 Qrupuna üzv ölkələr nüvə məsələsində yeni sanksiyalar tətbiq etməkdən çəkinmək üzrə öhdəlik götürüblər.

Eyni zamanda danışıqların nəticələrinə əsasən iyulun 1-də yekun sazişin imzalanmasını təmin etmək üçün yaxın müddətdə görüşlər başlanacaq. Yekun müqavilə mətni - Yekun Müştərək Təşəbbüs Proqramı bir qətnamə çərçivəsində BMT Təhlükəsizlik Şurasında təsdiqlənəcək. Razılaşma ən azı qarşıdakı 10 ili əhatə edir. ABŞ dövlət katibi Con Kerri isə bildirib ki, bu razılaşma İranın nüvə silahlı əldə etmək imkanlarını heçə endirir.



Açıqlanan müddəalara əsasən Qərb bu günə qədər İrana qarşı tətbiq olunan bütün sanksiyalardan imtina edir, bunun qarşılığında isə İran nüvə silahı yaradılması fəaliyyətlərindən imtina edir. Bütün təsisatlar yalnız dinc məqsədli nüvə yanacağı istehsal edəcək və bu fəaliyyətlər beynəlxalq nəzarət üçün açıq olacaq. Bununla da 10 il davam edən gərginlik dövrü arxada qalmış olur. Anlaşma ilə bağlı xəbərdən dərhal sonra İran XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub. Barak Obama Ağ Evdə etdiyi çıxışında bildirib ki, Amerika İranla tarixi bir anlaşma əldə edib. Obama razılığın əsas fikir ayrılıqlarını aradan qaldırdığını və İranı nüvə bombası istehsalı etməkdən çəkindirdiyini bildirib.
Anlaşma xəbəri İranda böyük sevinclə qarşılanıb. İranın böyük şəhərlərində, eləcə də Tehranda əhali küçələrə axışıb, sevinc və qələbə şüarları səsləndirilib.

Dünyanın öndə gələn ekspertləri, media quruluşları yazır ki, İran - Qərb (əslində ABŞ) anlaşması bölgədəki siyasi mənzərəni və gedişatı kökündən dəyişəcək. Artıq anlaşmaya kəskin etiraz edən İsrail dövlətinin reaksiyası bu dəyişikliklərin anonsu da sayıla bilər.
Anlaşmanın Azərbaycanın taleyinə də ciddi təsir edəcəyini iddia edən bakılı politoloqlar var. Onlar deyirlər ki, İranın Qərblə birbaşa dialoqunun yaranması Azərbaycanın “demokratiya paytaxtlarındakı” əhəmiyyətini azaldır. Eləcə də neftin ucuzlaşmasına təsir etməklə, Azərbaycanın gəlirlərini azaldır. İranda 30 milyon Azərbaycan türkü yaşayır. Tehranın qələbəsi kimi təqdim olunan (əslində də belədir) Qərblə anlaşma milli azlıqlar istiqamətində həyata keçiriləsi islahatlara da təsir edəcək, İranın teokratik rejiminin mövqelərini gücləndirəcək.

Ancaq təbii ki, bu sazişdən narazı olanlar da var. İlk növbədə İsrail və regionda ərəb rejimləri İranın bu anlaşmadan sonra mövqelərinin möhkəmlənəcəyindən əndişələnir. Hətta nüvə danışıqları gedişində İsrail və ərəb ölkələrinin rəhbərləri Vaşinqtona təzyiq göstərməyə çalışıb. Bundan başqa, İran hakimiyyəti daxilindəki mühafizəkar qruplar bu anlaşmanın Həsən Ruhaninin və bütövlükdə islahatçı komandanın mövqeyini möhkəmlədəcəyindən və eləcə də regional siyasətdə İranın mövqeyinin zəifləyəcəyindən narahatdır. Eyni zamanda ABŞ-da respublikaçılar İranla anlaşmaya qarşıdırlar.

Avropa ölkələri isə bu vəziyyətdən, yəni Avropanın köhnə iqtisadi tərəfdaşı olan İrana qarşı embarqoların götürülməsindən çox məmnundurlar. Çünki İran Avropa üçün böyük bazar olmaqla yanaşı, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynayan bir ölkədir. Bu mənada, İran-Qərb anlaşması bir çox tərəflər üçün uğurlu, bir çoxları üçünsə arzuolunmazdır.



Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Qərb-İran anlaşmasını mühüm siyasi hadisə kimi qiymətləndirir. Onun fikrincə, ilk növbədə bu anlaşma regionu böyük bir təhlükədən xilas etmiş olur: “İranın nüvə silahı əldə etməsi çox ciddi qlobal bir təhlükə olmaqla yanaşı, Azərbaycan üçün də ciddi bir təhlükə idi. İranın nüvə silahı əldə etməsi Azərbaycanın suverenliyini əhəmiyyətli dərəcədə təhdid edə bilərdi. Bu baxımdan razılaşmanın əldə olunmasını müsbət dəyərləndirirəm. Bunu Obama hakimiyyətinin ciddi diplomatik uğuru hesab edirəm”.

Bu hadisənin çox ciddi dəyişikliklərə gətirib çıxaracağını qeyd edən İ.Qəmbərin fikrincə, anlaşmanın əldə olunması qlobal və regional miqyasda təhlükəsizliyə xidmət edəcək, bir sıra istiqamətlərdə, qüvvələr nisbətində dəyişikliklərə gətirib çıxaracaq: “Bu hadisənin mənfi tərəfləri haqqında da mülahizələr söylənilir haqlı olaraq. Ancaq düşünürəm ki, biz mənfi cəhətləri sadalamaqdansa, real olaraq razılaşmanın əldə olunduğunu qeyd etməliyik. İranın nüvə silahı yaratmayacağı, ikincisi, İrana qarşı Qərbin sanksiyalarının aradan qaldırılacağı, üçüncüsü, İranın xüsusən də enerji sahəsində dünya iqtisadi sisteminə yenidən dönməsi və digər məqamlar çox ciddi dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər artıq qaçılmaz hal aldığı üçün Azərbaycan da bu gerçəklikdə nə edəcəyinə qərar verməlidir”.

Qərb-İran anlaşmasının Azərbaycanın Qərbdə önəminin azalması ilə bağlı iddiaların müəyyən mənada həqiqəti əks etdirdiyini etiraf edən mərkəz rəhbərinin fikrincə, bu anlaşma eyni zamanda Azərbaycan üçün yeni imkanlar açır.

İ.Qəmbərə görə, İranın nüvə məsələsi diplomatiya tarixinə maraqlı bir proses kimi düşəcək: “Azərbaycan da dünyanın yenilənmə istiqamətindən düzgün nəticə çıxararaq ölkəmizin demokratikləşməsi, azad dünya ilə əlaqələrin gücləndirlməsi istiqamətində addımlar atmalıdır. Bu halda Qərb-İran anlaşması Azərbaycanın da maraqlarına köklü dərəcədə faydalı olacaq”.

Geri qayıt