DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > "Bizə qarşılıqlı etibar lazımdır"- İlham Əliyev

"Bizə qarşılıqlı etibar lazımdır"- İlham Əliyev


6-02-2015, 22:01. Yerləşdirdi: Tural "Bizə qarşılıqlı etibar lazımdır"- İlham Əliyev
Fevralın 6-da 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi “dəyirmi masa”sı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “dəyirmi masa”da iştirak edib.

“Dəyirmi masa”da çıxış edən prezident İlham Əliyev bildirib ki, Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır: “İndi - “Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.

Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də istehsalat sahəsində əsas investisiyaları əldə etmək üçün bizə nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, enerji strategiyamızın lap əvvəlində biz neft şirkətlərindən ibarət beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün investisiyaları cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru kəmərlərini inşa etməyə başladıq. Biz artıq bu dəhlizləri tikmişik. On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm bir addım atmışdıq”.

İlham Əliyev deyib ki, bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir: “İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb. Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir. Biz 1996-cı ildən etibarən bp və digər tərəfdaş şirkətlərlə bu yatağın işlənməsi üzərində çalışmışıq. Biz artıq Azərbaycan qazını hasil və onun regional bazarlara çıxışını təmin etmişik. Bizim qonşularımız olan Gürcüstan, Türkiyə, İran və Rusiya Azərbaycan qazını alırlar. 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu – TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan “Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı”.

İlham Əliyev xatırladıb ki, 2013-cü ildə Trans-Adriatik – TAP boru kəməri əsas təchizat marşrutu kimi seçilib: “2014-cü il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. İndi hər şey hazırdır və biz artıq Avropanın əsas enerji və infrastruktur layihələrinin icrasına başlamışıq. “Şahdəniz” yatağının işlənməsi, boru kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq. Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək dəmir yolu layihələrinin icrasına nail olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə daha çox əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır”.

Dövlət başçısının sözlərinə görə, aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir: “Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Biz bu il fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurasını keçirəcəyik. Biz bu layihədə iştirak edən bütün ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb. Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq.

Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də “Cənub” qaz dəhlizi layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə etdik. Çünki bu ölkə Yunanıstan-Bolqarıstan və ya Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə bilər. Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o deməkdir ki, Nabukko komandasının bir üzvü artıq TAP-ın üzvüdür. Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük miqyaslı layihə olacaq.

Onu söyləmək istəyirəm ki, biz düzgün istiqamətdəyik, işlər qrafik üzrə gedir, tikintiyə artıq başlanıb, borular sifariş olunub, podratçılar seçilib. Biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır”.
Geri qayıt