» » "Xaricdə işləyən alimlərimizi AMEA-nın işinə cəlb etmək lazımdır"-

"Xaricdə işləyən alimlərimizi AMEA-nın işinə cəlb etmək lazımdır"- Akif Əlizadə

Bölmə: Siyasət
"Xaricdə işləyən alimlərimizi AMEA-nın işinə cəlb etmək lazımdır"-"Bu gün xaricdə işləyən və Azərbaycan elmini təmsil edən görkəmli alim və mütəxəssislərimizi Elmlər Akademiyasının işinə daha cəsarətlə cəlb etmək lazımdır"
trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayının açılışında çıxışı zamanı deyib.

AMEA prezidenti bildirib ki, Azərbaycan institutlarının beynəlxalq layihələrdə iştirakı alimlərimizə ən müasir, unikal qurğu və cihazlarla işləməyə yol açır. Bununla yanaşı, Azərbaycan özü də unikal qurğular və təbii fenomenlər təklif edə bilər ki, bunların əsasında beynəlxalq tədqiqat mərkəzləri yaratmaq mümkündür: "Bununla bağlı olaraq Azərbaycanın aparıcı elmi müəssisələrini iri beynəlxalq layihə və proqramların həyata keçirilməsi mərkəzlərinə çevirmək və elmi mübadilə çərçivəsində xarici alimləri tədqiqatlara cəlb etmək olduqca vacibdir. Ancaq bu cür yanaşma müvafiq aktların müasir hüquqi bazasının yaradılmasını gündəmə gətirir".

A.Əlizadənin fikrincə, qanunvericilik aktlarında bəzi müddəaların yer alması vacibdir: "Elm haqqında" qanunda nəzərdə tutulmalıdır ki, tədqiqatların nəticələrindən istifadə edərək gəlir götürən istənilən müəssisə bu gəlirlərin bir hissəsini sonrakı vergidən azad olunmaqla elmin dəstəklənməsinə yönəltməlidir. Beləliklə, bir tərəfdən biz elmin inkişafını stimullaşdırmalı, digər tərəfdən isə elmi işçilərə əməkhaqqı verməliyik. Avropada və bir çox inkişaf etmiş ölkələrdə məhz belə bir yanaşma mövcuddur və biz bu təcrübədən istifadə edə bilərik".

O qeyd edib ki, çoxsaylı layihələrin və qrantların Azərbaycana milyonlarla dollar gətirdiyi nəzərə alınsa, demək olar ki, alimlərimizin nüfuzu yüksək qiymətləndirilir: "2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif Amerika və Avropa təşkilatlarından 140-dan çox qrant alıb. Bu gün xaricdə işləyən və Azərbaycan elmini təmsil edən görkəmli alim və mütəxəssislərimizi Elmlər Akademiyasının işinə daha cəsarətlə cəlb etmək lazımdır. Düşünürəm ki, tanınmış xarici alimlərin müvafiq hüquqi əsasla Elmlər Akademiyasına işə dəvət olunmasına qanuni icazə olmalıdır. Onların Azərbaycanın elmi laboratoriyalarında tədqiqatlarda iştirakı elmi nəticələrə kifayət qədər müsbət təsir göstərə bilər".

A.Əlizadə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu qarşısında da təklif irəli sürüb: "Fikrimizcə, “İlin ən yaxşı alimi” adlı qrantın təsis edilməsi də məqsədəuyğundur. Bu qrant bizim aparıcı alimlərimizə imkan verər ki, həm daha yaxşı işləsinlər, həm də Qərbin nüfuzlu elmi mərkəzlərində və universitetlərində ixtisaslarını artıra bilsinlər".

Qurultayda xarici ölkələrin elm mərkəzləri və universitetlərində çalışan, yəni Azərbaycan elmi diasporunu təşkil edən soydaşlarımızın da iştirak etdiyini deyən akademikin sözlərinə görə, ümumiyyətlə, xaricdə 500-dən artıq azərbaycanlı alim çalışır: "Bu, böyük qüvvədir. Həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən alimlər dövlətimizin, xalqımızın maraqları, onun intellektual potensialının inkişafı naminə öz qüvvələrini səfərbər etməlidirlər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler