» » Baydenin yeni İran siyasətinin hədəfi

Baydenin yeni İran siyasətinin hədəfi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Baydenin yeni İran siyasətinin hədəfi
Vaşinqton münaqişə tərəfi deyil, ədalətli arbitr rolunu oynamağa hazırlaşır
İran artıq 20 faiz zənginləşdirilmiş 17,2 kiloqram həcmində urana sahibdir. Bu barədə Beynəlxalq Atom Enerjisi Təşkilatı (İAEA) ötən həftə məlumat yayıb. Həmçinin açıqlamaya əsasən, İslam Respublikası ötən il noyabrda sahib olduğu 2442 kiloqramlıq zənginləşdirilmiş uran ehtiyatını 2968 kiloqrama qədər artırıb. Eyni zamanda, İAEA İranın açıqlamadığı nüvə materiallarının ola biləcəyini ehtimal edir.

Qeyd edək ki, 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında imzalanmış nüvə sazişinə əsasən, İslam Respublikası yalnız 202,8 kq uran ehtiyatı saxlamağa və uranı yalnız 3,67 faiz zənginləşdirmək hüququna malik idi. Ancaq 2018-ci ilin mayında ABŞ prezidenti Donald Trampın müqavilədən çıxmasına cavab olaraq İran müqavilədəki bəzi bəndlərdən, o cümlədən uran ehtiyatının həcmi və zənginləşdirilmə faizi ilə bağlı öhdəlikdən geri çəkildi. Hazırda İran sözügedən müqavilədəki normadan təxminən 15 dəfə çox urana malikdir. Bu isə Qərbi narahat edir.
Baydenin yeni İran siyasətinin hədəfi
Bu ilin yanvarında isə rəsmi Tehran uranı 20 faiz həcmində zənginləşdirdiyini açıqladı. Ötən il noyabrın 28-də İran nüvə fəaliyyətlərinə rəhbərlik edən fizik Möhsin Fəxrizadənin Tehran yaxınlığında sui-qəsdə məruz qalmasından sonra Tehran nüvə fəaliyyətlərini daha da sürətləndirib. Yanvarda isə Tehran artıq uranın zənginləşdirilməsini 20 faizə qaldıracağını bəyan edib.

Bu həftə isə İran parlamenti 2015-ci il müqaviləsinə əsasən nüvə mərkəzlərinin beynəlxalq müfəttişlər tərəfindən yoxlanılmasına icazə verən protokoldan 3 ay ərzində çıxacağını elan edib. Bu, həm də Tehranın yeni ABŞ administrasiyası ilə danışıqları sürətləndirmək üçün tələbidir.
Bayden hökuməti isə Tehranla danışıqları bərpa etməkdə qərarlı görünür. ABŞ-ın yeni administrasiyası Tehranla danışıqları bərpa etmək yolundakı bundan əvvəlki administrasiyanın tətbiq etdiyi məhdudiyyətləri yavaş-yavaş aradan qaldırmaqdadır. Ancaq məsələ ondadır ki, indi İranla güzəştli danışıqlara qarşı ciddi müxalifət mövcuddur. Söhbət təkcə Vaşinqtondakı İran əleyhdarlarından getmir. Danışıqlar prosesinə qarşı olanlar Vaşinqtondan Tehrana qədər müxtəlif ünvanlarda yerləşir.
Baydenin yeni İran siyasətinin hədəfi
Məsələ ondadır ki, ABŞ-dakı mühafizəkar qanad İranla yumşaq davranmağa qarşıdır. Bu mənada indi səsləri Tramp zamanında olduğu qədər gur çıxmasa da, Tehranla danışıqlara qarşı olan ciddi bir müxalifət mövcuddur. Amma onlar tək deyil, Tehranda da danışqılara xoş baxmayan ciddi qüvvələr var. Paradoksal olsa da, indi onlar hakimiyyətdə daha güclü mövqelərə sahibdirlər. Həsən Ruhaninin rəhbərlik etdiyi və ABŞ-la danışıqlara isti yanaşan dairələr xeyli zəifləyib. Ali dini liderin ətrafı, ordu, o cümlədən parlament mühafizəkarların nəzarətindədir. Onlar isə ABŞ-la danışıqlar masasında güzəştlərə soyuq baxırlar.

Hər iki paytxatla yanaşı Yaxın Şərqdə bir sıra əhəmiyyətli ölkələrdə də Baydenin İran siyasətinin müxalifləri mövcuddur. Bu sırada ön yeri əlbəttə ki, İsrail tutur. Düzdür, baş nazir Benyamin Netanyahu Tramp zamanında olduğu qədər cəsarətli görünmür. Bir tərəfdən 3 ildə elan olunan 4-cü seçkilərin vəd etdiyi qeyri-müəyyənlik, bir tərəfdən isə haqqında qaldırılan məhkəmə iddiaları və güclü müxalifətinin mövcud olması Netanyahunu əvvəlki qədər cəsarətli göstərməsə də, İran məsələsində İsrail dövlətinin mövqeyi dəyişməzdir. Rəsmi Təl-Əviv İranın nüvə fəaliyyətini dayandırması üçün ən sərt müdaxiləyə hazır olduğunu bildirir. Lakin Bayden hökumətinin qətiyyətli mövqeyi İsrail hökumətini İran məsələsində təmkinli olmağa sövq edir.
Baydenin yeni İran siyasətinin hədəfi
İsrail mediasının xəbərinə görə, İsrail hökumət rəsmiləri İran mövzusunda ABŞ hakimiyyəti ilə fikir ayrılıqlarını ictimaiyyət qarşısında açıq şəkildə dilə gətirməməyə çalışır. Bunu da Bayden hakimiyyətinin mövqeyinə görə edir. Bu barədə razılaşma baş nazir Netanyahunun İran məsələsi ilə bağlı müdafiə naziri Benni Qantz və xarici işlər naziri Qabi Aşkenazi ilə birgə müzakirələri zamanı qəbul olunur. Hər bir halda İsrail ABŞ-la hesablaşmağa məhkum olduğunu anlayır. Ancaq bu, heç də o demək deyil ki, Bayden administrasiyasına İran mövzusunda təzyiqləri davam etdirməcəyək.

İran mövzusunda ABŞ-a daha bir başağrısı isə körfəz ölkələridir. Düzdür, İsrail kimi onların da indi Vaşinqtona təzyiq etmək imkanları yoxdur. Bunun əvəzinə Obama dövründə körfəz ölkələri, xüsusən də Səudiyyə Ərəbistanına qarşı tutulan məsafəli siyasətə geri dönmə cəhdləri hiss olunur. ABŞ-ın Yəmən müharibəsindən çəkilməsi buna bir nümunə ola bilər. Ərəb hakimiyyətlərinin Vaşinqtona İran mövzusunda birbaşa təsiri olmasa da, son zamanlar Rusiya ilə BƏƏ və Səudiyyə Ərəbistanı arasındakı yaxınlaşma elementləri Vaşinqtona sətiraltı mesajdır.
Baydenin yeni İran siyasətinin hədəfi
Hazırda Vaşinqtonun İran siyasəti ilə bağlı ən ciddi problemi Tehrandakı mühafizəkar qanaddır. Vaşinqton artıq Tehranın yeni nüvə qərarları ilə bağlı qayğılarını dilə gətirib. Çünki aydın məsələdir ki, bu ilin yayında müddəti başa çatan Həsən Ruhani gedəcək. Hazırkı vəziyyətdə İranda yeni bir islahatçının seçilməsi ehtimalı da azdır. Əvəzinə son illərdə güclənən mühafizəkar qanad ABŞ-la danışqılara soyuq baxır, ya da ən azından güzəştlərə meyilli deyil. Lakin Vaşinqtonun yeni administrasiyası geri çəkilmək fikrində deyil. Çünki Bayden Trampdan fərqli olaraq Yaxın Şərqdə iki düşmən cəbhənin birinin təmsilçisi rolunu oynamaq istəmir. Bunun əvəzinə hər iki tərəflə masaya oturan və təsir gücünə sahib olan üst oyunçu lider rolunda olmaq fikrindədir. Digər tərəfdən daha böyük planlara malik Baydenin Rusiya və Çin kimi daha böyük rəqiblərlə mübarizədə İranı əks cəbhəyə itələmək istəmir. Çünki bundan əvvəlki təcrübə göstərdi ki, Vaşintonun siyasəti nəinki İranı tamamən çökdürə billmədi, əksinə, Rusiya və Çin kimi ABŞ-ın əsas rəqiblərinin regionda daha da möhkəmlənməsinə səbəb oldu. Bu səbəbdən də Baydenin siyasəti münaqişənin tərəfi deyil, üst arbitrı olmaqdır. Bunun üçünsə bütün tərəflərlə masaya oturmaq lazımdır. Bayden administrasiyası buna çalışır.
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler