» » Qərb Azərbaycandan nə istəyir?

Qərb Azərbaycandan nə istəyir?

Bölmə: Siyasət
Qərb Azərbaycandan nə istəyir?İnsan hüquqları, demokratiya ilə bağlı iradların arxasında ABŞ və Avropa ölkələrinin maraqları dayanır
Regionda son vaxtlar baş verən hadisələr çox maskaların cırılmasına səbəb oldu. Böyük güclərin keçmiş SSRİ məkanında oynadığı oyunlar bütün çılpaqlığı ilə üzə çıxdı. Ukrayna hadisələri, Gürcüstan və Moldovanın başına gələnlər, ərəb ölkələrində yaşanan inqilablar əslində dünyada nələrin baş verdiyini aydınlaşdırmaq üçün əyani vasitə oldu. Başqa sözlə desək, son vaxtlarda baş verənlər əslində kimin kim olduğunu ortaya qoydu.

Azərbaycan kimi müstəqil siyasət yürüdən, öz xalqının milli maraqlarını düşünən dövlətlər də baş verənlərə uyğun davranmağa başladılar. Ölkənin müstəqilliyinin qorunub saxlanılması, xarici təhdidlərin zərərsizləşdirilməsi üçün müəyyən qabaqlayıcı addımlar atılmağa başladı. Rəsmi Bakı həm də bu mürəkkəb durumda öz müstəqil xarici siyasətinə sadiqlik nümayiş etdirdi. Təbii ki, bu da bəzi dairələrin xoşuna gəlmir. Avtomatik olaraq ənənəvi rıçaqlar işə düşür. Dərhal ölkədə demokratik azadlıqların təmin olunması mövzusu ortalığa gətirilir, söz azadlığı “problemləri” xatırlanır. Elə bəzi Qərb institutlarının Azərbaycanla bağlı son fəallıqları da bununla əlaqədardır. Azərbaycanda istənilən siyasi yönümlü olaya dərhal ABŞ Dövlət Departamenti, Human Rights Watch, Amnesty International və digər təşkilatlardan reaksiyalar gəlir. Bu reaksiyalar da həmişə mənfi tonda olur.

Əslində isə hazırkı durumda ABŞ-ın demokratiyadan, insan hüquqlarından, sərbəst toplaşmaq azadlığının təmin olunmasından danışmağa heç mənəvi haqqı da yoxdur. Son günlər Ferqyuson şəhərində baş verənlər okeanın o tayında ən elementar insan hüquqlarının təmin edilməsi sahəsində ciddi problemlərin olduğunu ortaya qoydu. Deməli, Azərbaycanla bağlı mütəmadi olaraq əsassız və qərəzli bəyanatlar verməkdənsə ABŞ Dövlət Departamenti yaxşı olardı ki, diqqətini öz ölkəsində irqi-ayrıseçkilik, dinc nümayişçilərə, hətta yeniyetmə və azyaşlı uşaqlara qarşı polis zorakılığının törədilməsi, məhkəmə qərarları olmadan insanların həbs edilməsinə - demək olar ki, hər gün baş verən bu kimi hadisələrə yönəltsin. Öz daxilində irqçilik problemini həll edə bilməyən dövlət hansı haqla tolerantlığı dillər əzbəri olan, başqa ölkələrə nümunə göstərilən Azərbaycana tövsiyələr verə, yol göstərə bilər? Bu, məsələnin mənəvi tərəfi. Hüquqi baxımdan da ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verilməyib.
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımovun da qeyd etdiyi kimi, ABŞ-da kütləvi informasiya vasitələrində söz və fikir azadlığı, jurnalistlərin fəaliyyəti ilə bağlı da ciddi problemlər mövcuddur. ABŞ hüquq-mühafizə orqanları tərəfindən informasiya mənbələrinin açıqlanması ilə bağlı sorğuların sayı durmadan artır. Hətta informasiya mənbəyini açıqlamayan jurnalistlər böyük məbləğdə cərimə olunur və yaxud da cinayət məsuliyyətinə cəlb edilirlər.

Misal üçün, bloqer Coş Volf San-Fransiskodakı nümayişlərlə bağlı videomaterialları hüquq-mühafizə orqanlarına təqdim etmədiyinə görə 2007-ci ildə 226 gün həbs cəzasına məhkum olunmuşdu. 2013-cü ildə “Associated Press” Agentliyinin minlərlə telefon danışıqlarının ABŞ Ədliyyə Departamenti tərəfindən yazılması böyük qalmaqala səbəb olmuşdu. 2014-cü il sentyabr ayında Jurnalistlərin Müdafiə Komitəsi ABŞ prezidentinə məktub ünvanlayaraq bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən sərbəst informasiya yayımına göstərilən təzyiqlə bağlı dərin narahatlıq ifadə etmişdi. Ferqyuson hadisələri zamanı 20-ə yaxın jurnalist polis zorakılığını qeydə aldıqlarına görə həbs olunmuşdu. Bütün bunların baş verdiyi bir ölkənin başqa bir ölkədə söz azadlığından danışması nə dərəcədə ədalətlidir?

Nəzərə almaq lazımdır ki, Azərbaycan kimi ölkələri tənqid atəşinə tutan qeyri-hökumət təşkilatları da əslində ABŞ-ın sözünü deyirlər. Bu təşkilatların əksəriyyətinin ofisləri ABŞ-da yerləşir və ümumiyyətlə, onlar faktiki olaraq Dövlət Departamentinin qurumları kimi fəaliyyət göstərirlər.
Təbii ki, Amerika daim öz maraqlarını müdafiə etmək üçün "beşinci kolon"un vasitəsilə müxtəlif addımlar atır. Mərhələ-mərhələ öz adamlarını maliyyələşdirməklə maraqlarının təmin olunmasına çalışır. Başqa sözlə desək, kiçik ölkələrin vətəndaşlarını öz dövlətlərinə qarşı qaldırır, bu cür fəaliyyətləri stimullaşdırır.

Bu baxımdan, şübhə yoxdur ki, ABŞ Dövlət Departamenti və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda gedən proseslərlə bağlı davamlı olaraq yayılan qərəzli, ikili standartlara əsaslanan, qeyri-obyektiv informasiyalar, o cümlədən Xədicə İsmayılova ilə bağlı son reaksiyalar müəyyən dairələr tərəfindən ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsi, demokratik inkişaf istiqamətində böyük uğurlar əldə etməsi, fundamental azadlıqların təmin edilməsi istiqamətində ardıcıl siyasət aparması, beynəlxalq nüfuzunun artması və digər amillər ölkəmizi gözü götürməyən qüvvələri ciddi narahat edir. Fikir versək görərik ki, Azərbaycanda hətta kiçik bir insidentlə bağlı o dəqiqə münasibət bildirən ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqlarının açıq-aydın, kobud şəkildə pozulması hallarına isə faktiki olaraq heç bir reaksiya vermir.

Bütün bunlar kimin haqlı, kimin haqsız olduğunu bir daha sübut edir. Bir daha görünür ki, Azərbaycana qarşı son vaxtlar tirajlanan iradların heç bir əsası yoxdur. Bütün bunlar sadəcə olaraq kiçik ölkələrə təsir etmək vasitələridir. Yəni əslində Qərbin bizdən nə istədiyi aydındır.

Kaspi.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler