» » Elman Nəsirov: “Məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırıram ki…”

Elman Nəsirov: “Məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırıram ki…”

Bölmə: Siyasət
Elman Nəsirov: “Məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırıram ki…”




Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda keçirilən konfransda səsləndirdiyim bir fikir bəzi populist və qərəzli mövqeli informasiya resursları tərəfindən qəsdən təhrif edilmişdir. Bu yerdə möhtərəm Prezidentimiz İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi mərasimində gənclərə xitabən səsləndirdiyi fikirlərin nə qədər dürüst, aktual və ibrətamiz olduğunu bir daha xatırlatmaq yerinə düşər: “Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik”.

Əvvəla, dövlətimizə və dövlətçiliyimizə qarşı radikal mövqedə dayanan siyasi qruplaşmaların sifarişi ilə məni ittiham edən bəzi “psevdomedia” nümayəndələrinin nəzərinə çatdırmaq istəyrəm ki, sizdən fərqli olaraq bu konfransda müzakirə olunan məsələlərlə bağlı mənim kifayət qədər elmi-nəzəri və praktiki biliklərim vardır. Həmin məsələlərlə bağlı 3 monoqrafiyanın, 100-ə yaxın elmi məqalənin müəllifiyəm: - “ABŞ və dünya 11 sentyabrdan sonra”. Bakı, Adiloğlu, 2003, 262 s;

- Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri. Bakı, Elm və Təhsil, 2010, s.392;

- “ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər)”, Bakı, TEAS Press Nəşriyyat evi, 2018, 344 s)

Məqalələrim, ABŞ-da, İsraildə, Almaniyada, Xorvatiyada, Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda və digər ölkələrdə çap olunmuşdur. Bu sahədə doktorluq dissertasiyası müdafiə etmişəm.

Konfransda çıxışımın təhrif olunmuş hissəsi ilə bağlı onu qeyd edim ki, mövqeyim “ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər” mövzusunda tədqiqat əsərimin 51 və 53-cü səhifələrində əks olunmuş elmi yanaşmalardan qaynaqlanır. Həmin mülahizələrin müəllifi isə ABŞ-ın nüfuzlu Harvard Universitetinin professoru Alberto Abadidir.

Kitabın müvafiq yerindən sitat gətirirəm: “Beləliklə, terrorizm fenomeninin «anatomiyası» ilə bağlı yuxarıda apardığımız təhlil və analizləri ümumiləşdirib, onun yaranması və genişlənməsi motivləri ilə bağlı yoxsulluğu, savadsızlığı, psixoloji patologiyaları, ölkədə demokratiyanın səviyyəsini, coğrafi arealı, dinin rolunu və s. kimi amilləri irəli sürmək mümkündür. Terrorizm problemi ilə məşğul olan əksər mütəxəssislər məhz belə mülahizələrə üstünlük verirlər. Obyektivlik naminə onu da qeyd edək ki, bu amillərin terrorizmin yaranmasında rolu məsələlərinə münasibətdə elmi-akademik dairələrdə heç də birmənalı mövqe mövcud deyildir. Başqa sözlə, bir çox nüfuzlu ABŞ terroloqları terrorçuluğa münasibətdə belə yanaşmaların ziddiyyətli və paradoksal məzmun kəsb etdiyini qeyd edirlər....”

“Məsələn, ABŞ-ın nüfuzlu Harvard Universitetinin professoru Alberto Abadinin fikrincə, mütəşəkkil terrorçuluğun yaranmasına əhalinin siyasi azadlıqlarının səviyyəsi xeyli dərəcədə təsir göstərir. Onun qənaətinə görə, terrorizmə heç də «əlaçılar» və «qeyri kafi alanlar» yox, «kafi» və «yaxşı» alanlar meylli olurlar [158]. Əhalinin yüksək azadlıq səviyyəsi və ya totalitar rejimlərin mövcud olduğu ölkələrdə terrorçuluğun yaranması imkanları siyasi azadlıqların orta səviyyəsinin qeydə alındığı cəmiyyətlərlə müqayisədə daha məhduddur. Eyni zamanda tarix göstərir ki, avtoritar cəmiyyətlərdən demokratiyaya keçid dövrü və liberallaşma prosesləri terrorçuluğun artması üçün münbit şərait yaradır [158].

İstifadə etdiyim 158-ci mənbə isə budur: Paradoksı vozniknoveniə terrorizma. //www.washprofile.org

Beləliklə, ABŞ ekspertinin gəldiyi nəticəyə görə, demokratik və totalitar cəmiyyətlərdə terrorizm üşün münbüt şərait olmur, keçid dövrünü yaşayan dövlətlərdə isə bunun əksi baş verir. Bu nüfuzlu bir elm mərkəzinin ekspertinin gəldiyi nəticədir və mən də elm adamı olaraq onun fikrini də səsləndirmişəm. Gəlin elmi polemikaya ilə məşğul olağın. Bu, inkişafa aparır. Şər və böhtan isə bizə yaraşmaz. Həm də bu yalanlar əqidəli adamlara yapışmaz.



Elman Nəsirov,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler