» » Avropadakı müxalifət bir-birini “qırır” -

Avropadakı müxalifət bir-birini “qırır” - son gəlişmələr

Bölmə: Siyasət
Avropadakı müxalifət bir-birini “qırır” -



Fərəc Quliyev: “Azərbaycanın siyasi mühitinə bu şəxslər mənəviyyatsızlıq gətirməklə məşğuldurlar”; Əli Orucov: “Xaricdəki söyüş makinasının Azərbaycan cəmiyyətinə, ictimai fikrə təsiri yoxdur”
Avropadakı “söyüş müxalifəti” bir-birini “qırır”. Əvvəllər Azərbaycan hakimiyyətinin yüksək pilləsində təmsil olunanları, onların ailələrini təhqir edən bu müxalifətin öndə gedən təmsilçiləri eyni sözləri indi də bir-birilərinin ailələri üçün deyirlər.

Fransadakı mühacir Vidadi İsgəndərlinin Londonda yaşayan hüquq müdafiəçisi Qurban Məmmədova etdiyi videomüraciət buna sübutdur. Orada normal bir ifadəyə rast gəlmək mümkün deyil. Başdan-ayağa söyüşlərdən ibarətdir. Bunun ardınca da V.İsgəndərli ilə Azərbaycandan Ata Abdullayevin bir-birini təhqir edən, ən ağır söyüşlərin işlədildiyi videonun yayılması gərginliyi daha da artırıb. Son olaraq da, mühacir Rəfael Priyev video yayıb. O, Milli Şura sədri Cəmil Həsənlini, AXCP rəhbəri Əli Kərimlini təhqir edərək, hədəfinin bundan sonra hakimiyyət deyil, bu şəxslər olacağını bəyan edib.



Rəfael Priyev

Bütün bu sadaladıqlarımıza diqqət yetirdikdə görürük ki, Avropadakı müxalifət özünü bitirmək, tamamilə gözdən salmaqla məşğuldur. Siyasi mübarizənin ən pis yolunu seçən bu şəxslər nə etdiklərini özləri də bilmir, heç bir əxlaq normalarına əməl etmirlər. Artıq iş o həddə çatıb ki, ölkə daxilindəki müxalifət də onlara etiraz etməyə başlayıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev yaranan vəziyyətdən çox təəssüfləndiyini dilə gətirdi: “Bu çox ağır məsələdir. Bizim mentalitetə uyğun olmayan, millətimizə yaraşmayan davranışlardır. Siyasəti bir tərəfə qoyaq. Bu cür davranış sərgiləməyi insan özünə necə sıxışdıra bilər? İnsan biri ilə düşmənçilik etsə belə, onun namusuna bu cür baxmaz, özünü bu şəkildə alçaltmaz. Sənin biri ilə düşmənçiliyin varsa, onun arvadını, övladlarını məsələyə qatmaq nə dərəcədə doğrudur? Türk adət-ənənəsində belə hallar yoxdur. Hətta düşmənlər belə son anda o qədər mərd olurdular ki, bəzən ailələrini bir-birinə etibar edirdilər. Tarixdə belə nümunələrimiz az deyil. Belə məsələləri nəzərə almaq lazımdır. Təəssüf ki, Azərbaycanın siyasi mühitinə bu şəxslər mənəviyyatsızlıq gətirməklə məşğuldurlar. Məqsəd millətin var olmasına, onu inkişaf etməsinə, torpaqlarımızın qalmasına, işğal edilmiş ərazilərimizin geri qaytarılmasına yönəlməlidir. Burada strateji olaraq bir yanaşma olmalıdır. Məncə, bunların kökündə bir ideya ətrafında birləşmə durmur. Yanaşmalarda müxtəlif ideologiyalar ola bilər. Bu da normaldır. Normal olmayan bu cür davranışlardır. Sizə kiçik bir epizodu deyim. Biz Ordubadda fəaliyyət göstərəndə çobanı öldürüb qoyun sürüsünü aparmışdılar. Mən ermənilərin qatarını girov götürdüm. Orada 250-yə qədər erməni var idi. Dərhal əsir qadınları, uşaqları, qocaları və xariciləri göndərdim. Sonra başabaş bir qoyuna bir erməni dəyişdim. Qəhrəmanlığım üçün bunları demirəm.

O məqamda belə biz qadınlara, uşaqlara fərqli yanaşdıq. Biz ermənilərə qarşı o münasibəti ortaya qoymuşuqsa, bir-birimizə qarşı bu cür davranmamalıyıq. Adamlar nəyə görə bir-birinin ailələrinə dil uzadırlar? Gedib Avropada oturub, demokratiyadan danışırlar. Öz aləmlərində dünyaya demokratiya verən ölkələrdə yaşadıqlarını düşünürlər, amma davranışlarının fərqində deyillər. Onların ailələrinə dil uzatdıqları şəxslər cinayətkar olsalar belə, axı onların həyat yoldaşları, övladları buna görə məsuliyyət daşımırlar? Bu, demokratiyanın çox sadə bir prinsipidir. Belə halları siyasətə qatmaq qətiyyən olmaz. Hesab etmirəm ki, onları çağırışlarla sahmana salmaq olar. Bunun Azərbaycan siyasətinə, Azərbaycan türkünün mübarizə tarixinə heç bir aidiyyəti yoxdur. Siyasi palitrada olan insanları belə şəxslərlə əməkdaşlıq etməməyə, onlarla əlaqələr qurmamağa çağırıram. Belə pis ənənələri cəmiyyətimizə gətirmək qətiyyən olmaz. Bu, Azərbaycan xalqının, türk etnosunun ənənələrinə, İslam qaydalarına söykənən, tərbiyəli şəkildə vəziyyəti yaxşıya dəyişmək üçün bir yoldur. Bunu praktikada həyata keçirmək lazımdır. Çox təəssüf edirəm ki, bu cür davranışlar vardır. Ciddi platforma ətrafında Azərbaycanda dəyişiklik etmək istəyənlərin bu tipli şəxslərlə əməkdaşlıq etmələrini məsləhət görmürəm”.



AMİP katibi Əli Orucov “söyüş müxalifəti” ilə heç bir əlaqələrinin olmadığını qeyd etdi: “Bizim xarici müxalifət adlandırılan müxalifətlə uzaqdan-yaxından heç bir əlaqəmiz yoxdur. Şəxsən mən heç onları o qədər də izləmirəm. Rəfael adlı şəxsi də indi sizdən eşitdim. Ona görə də onların arasında nələrin baş verməsindən, kimin kimi söyməsindən, təhqir etməsindən məlumatım olmur. Lakin müəyyən insanlar bu barədə məlumat verəndən sonra baxıb görürəm ki, həqiqətən də xoşagələn hallar baş vermir, heç bir etik, əxlaq normaları gözlənilmir. Belə şeylər cəmiyyətimizə də hörmətsizlikdir. Mübarizə və rəqabət inkişaf deməkdir. Lakin bunu söyüşlə, təhqirlə aparmaq kökündən yanlışdır. Mən bir şey deyim, xarici müxalifət adlandırılan həmin simalar ümumi müxalifəti təmsil etmir və edə də bilməz. Azərbaycan müxalifəti demokratik, sivil, etik və əxlaq normaları çərçivəsində mübarizəsini aparır. Hətta görürsən ki, müxalifətin özü xarici müxalifətin mənəvi terroruna, hücumlarına məruz qalır. Onların bu hərəkətləri Azərbaycandakı müxalifətə də zərbə sayıla bilməz. Çünki hərə öz adı ilə danışır və bu danışıqla öz kimliyini, öz əxlaq və tərbiyəsini ortaya qoyur. Bunlar tam ayrı-ayrı şeylərdir və xarici müxalifətlə daxili siyasi müxalifəti eyniləşdirmək, əlaqələndirmək, bir tərəziyə qoymaq tamamilə yanlışdır və bu iqtidarın təbliğatından başqa bir şey deyil.

Çünki hakimiyyət təbliğatı həmin qrupları da daxili siyasi müxalifətin gözünə qatmaqla mənfi imic formalaşdırmağa çalışır. Məlumdur ki, xaricdəki söyüş makinasının Azərbaycan cəmiyyətinə, Azərbaycan ictimai fikrinə təsiri yoxdur. Həmçinin onların hakimiyyətə gəlmələri də heç ehtimal edilmir. Mən demirəm ki, xaricdəki müxalif fikirli insanların hamısı bu cür tərbiyəsizlik edirlər. Qətiyyən belə deyil. Nə yaxşı ki, sağlam qüvvələr daha çoxdur. Sadəcə, onların səsi az eşidilir. Bir qədər fəal deyillər. Bundan başqa, sanki cəmiyyətin özündə də hay-küyçülüyə, pafosa, populizmə, söyüşə, nifrətə, avantüraya meyllənmə hiss olunmaqdadır. Narahatverici məqam budur. Bunu yaradan səbəbləri köklü surətdə araşdırıb tapmaq və aradan qaldırmaq lazımdır. Çünki nifrətə, düşmənçiliyə, tərbiyəsizliyə, əxlaqsızlığa, zorakılığa əsaslanan qüvvələrə meyllər gələcəkdə çox ağır fəsadlar verə bilər. Bu tendensiya dayandırılmalıdır. Bunun üçünsə ilk növbədə daxili ictimai-siyasi, o cümlədən iqtidar-müxalifət münasibətlərini qaydaya salmaq lazımdır ki, cəmiyyət daxilində yığılıb qalan hirs-hikkə, dözümsüzlük aradan götürülsün”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler