» » “Əli Kərimli bəri başdan məğlubiyyətə düçar olacaq” -

“Əli Kərimli bəri başdan məğlubiyyətə düçar olacaq” - Sərdar Cəlaloğlu

Bölmə: Siyasət
“Əli Kərimli bəri başdan məğlubiyyətə düçar olacaq” -





Son günlərdə müxalifət düşərgəsində birlik çağırışları səslənməyə başlayıb. Nə qədər təəccüblü görünsə də, hər zaman müxalif qüvvələrin birliyinin qarşısını almağa çalışan yaxud birlikləri dağıdan AXCP sədri Əli Kərimli bu dəfə daha aktiv görünür.



Bu çağırış ilk dəfə onun tərəfindən facebook üzərindən canlı yayımların birində edilib. AXCP sədrinin artıq ənənəvi müxalifətin bəzi simaları ilə gizli görüşdüyü və birlik məsələlərini müzakirə etdiyi bildirilir. Onun görüşdüyü siyasətçilər sırasında Müsavat başqanı Arif Hacılı, sabiq daxili işlər naziri, AMDP rəhbəri İsgəndər Həmidov və digərlərinin adları çəkilir.





Ə.Kərimlinin bu canfəşanlığı bir çox müzakirələrə yol açıb. 17 noyabrdakı “həbs şousu”ndan sonra AXCP sədrinin fəallaşmasının təsadüf olmadığı vurğulanır. İki günlük həbsindən sonra özünü daha çox cəmiyyətə müxalifətin əsas lideri kimi sırımağa çalışan Kərimlinin müxalif birlik yaradaraq həmin birliyin lideri kimi görünməyə çalışdığı qeyd olunur.



Gələn ilin əvvəllərində ölkəmizdə parlament seçkilərinin keçiriləcəyi barədə yayılan xəbərlərin ardından AXCP sədrinin hətta zaman-zaman düşmən gözündə gördüyü şəxslərə belə “qucaq açması”nın sırf bu seçkilərə yönəldiyi iddia olunur. Əslində onun bir müxalif birliyin görünən lideri kimi hakimiyyətə alternativ olmaq niyyəti hər zaman özünü büruzə verib.

Kərimlinin birlik çağırışlarının arxasında hazırda cəmiyyət daxilində daha çox fəal görünən Qarabağ Komitəsini ya daxildən parçalamaq, ya zəiflətmək, ya da sıradan çıxarmaq niyyətlərinin dayandığı da səslənən fikirlər sırasındadır. AXCP sədrinin indiyə qədər komitənin bəzi aparıcı simaları ilə görüşdüyü, digərlərinə isə görüş üçün müraciət etdiyi bildirilir.

Müxalifət partiyalarının Ə.Kərimlinin birlik çağırışları ilə bağlı mövqelərini öyrəndik.



AXP sədri, Qarabağ Komitəsinin əsas qurucularından sayılan Pənah Hüseyn bunları dedi: “Bu mövzuda heç bir qeyri-şərt qoymadan istənilən yerdə, istənilən vaxt partiyamız müzakirələrə hazırdır. Bizim mövqeyimiz daim bundan ibarətdir. Müzakirələrin gedişində səslənən təkliflərə istər təşkilatımızın, istərsə də, mənim mövqeyim o situasiyadan asılı olaraq dəyərləndiriləcək. Prinsip etibarı ilə hər zaman müxalif qüvvələrin birliyinin tərəfdarlarından olmuşam”.



ADP sədri Sərdar Cəlaloğlu da müzakirələrə hazırdır. Bununla belə o, Əli Kərimlinin səmimi olmadığı qənaətindədir: “Məndə Əli Kərimlinin birlik yaratmaq üçün fəaliyyətə başladığı yöndə məlumatlar yoxdur. Amma bizə birliklə bağlı müraciətlər edilsə, biz bu proseslərdən kənarda qalmayacağıq. Əgər Əli Kərimlinin birlik yaradıb lider oynamaq niyyəti varsa, bəri başdan məğlubiyyətə düçar olacaq. Çünki niyyətin özü məqsədə aparmayan niyyətdir. Yəni “mən lider olub, insanları ətrafıma yığım, özüm önə keçim” kimi niyyətlərlə uzağa getmək olmaz. Əgər hərəkat yaranacaqsa, ümumi proseslərə xidmət etməlidir, ayrı-ayrı şəxslərin maraqlarına deyil”.
Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı, Qarabağ Komitəsinin təsisçilərindən olan Tural Abbaslı məsələyə bu cür şərh verdi: “Əvvəla onu deyim ki, bu yöndə bizə AĞ Partiya olaraq hələlik heç bir partiya və ya liderdən təklif gəlməyib. Ancaq, Qurban Məmmədovun şəxs olaraq bu yöndə təşəbbüsü var. Biz də bu təşəbbüsə müsbət yanaşmışıq və müxalifətin ümumi və şərtsiz birliyi istiqamətində lazımı addımlara hazır olduğumuzu bildirmişəm. Ola bilər ki, Əli Kərimli hansısa birlik yaradılması istiqamətində Qarabağ Komitəsində təmsil olunan hansısa partiya və ya şəxslərlə müzakirələr aparsın. Burada qeyri-adi nəsə görmürəm. Ancaq bizimlə bu istiqamətdə hər hansı görüş və ya təşəbbüs olmayıb. Həmçinin onu da bir daha vurğulayıram ki, Qarabağ Komitəsi siyasi quruluş deyil ki, Əli Kərimli bu komitə ilə rəqabətə girsin. Əgər özlüyündə belə bir rəqabətə girib və bu komitənin "parçalanması" istiqamətində iş aparırsa, özünü əbəs yerə əziyyətə salır. Komitənin bir işi var, o da Qarabağ. Ümumiyyətlə isə müxalifətin birlik cəhdlərini müsbət qiymətləndirirəm. Əgər, bu cəhdlər əvvəlkilər kimi qeyri səmimilik üzərində formalaşacaqsa, bunun da taleyi əvvəlkilər kimi olacaq. Mən hətta hansısa partiyaların indidən ehtimal olunan növbədənkənar parlament seçkilərinə hazırlaşmalarını da normal qarşılayıram. Ancaq burada da səmimiyyət və xalqın maraqları öndə tutulmalıdır. Əgər kimlərsə əvvəllər olduğu kimi yenə partiya və qrup maraqlarını öndə tutacaqsa, bunun da nəticəsi olmayacaq. Hələliksə proseslərin gedişatını izləmək və doğru addımlar atmaq lazımdır”.



REAL-ın icraçı katibi Natiq Cəfərli heç bir birlikdə təmsil olunmayacaqlarını bildirdi: “Bizə birliklə bağlı görüş üçün müraciət olunsa, qapımız hər kəsə açıqdır, istər iqtidar, istərsə də, müxalifət partiyası olsun. Konkret bir müzakirə mövzusu varsa, bunu müzakirə etmək siyasətçilərin işidir. REAL görüşlərdən, müzakirələrdən qaçan bir təşkilat deyil. Birlik müzakirələrinə gəlincə, bizim seçki strategiyamızda seçkilərə tək qatılmaqla bağlı qərar var. Sadəcə seçki dönəmində dairələrlə bağlı müxtəlif partiyalarla müzakirələr aparıla bilər. Dairələrdə namizədlərin bir-birinə mane olmamağı şərti ilə danışıqlar gedə bilər. Amma hər hansı bir birlik modelində yer almağımız indiki qərarlarımıza uyğun deyil. Bu günə qədər 11 birlik modeli olub. Bunların heç birində təəssüflər olsun ki, ciddi bir uğura imza atılmayıb. Ona görə hər hansı bir birlik modelində yer almaq fikrimiz yoxdur. Amma istənilən siyasi partiyaya qapımız açıqdır, gəlsinlər, istənilən müzakirələri aparaq. Seçkilərə biz onsuzda hazırlaşırıq. Parlament seçkiləri istər növbədənkənar, istərsə də, 2020-ci ildə vaxtında keçirilsin, biz seçkilərə hazır olacağıq. Hazırda üç qanun layihəsinin Milli Məclisə təqdim olunması üçün imzatoplama kampaniyası aparırıq. 2020-ci ildə seçkilər olarsa, daha çox qanun layihələri ilə çıxış edəcəyik. Bunların üzərində də seçki təbliğatımızı qurub vətəndaşlardan səs istəyəcəyik. Artıq bu proseslərə biz çoxdan başlamışıq. Birlik çağırışları əməllər, ideyalar üzərində olanda daha effektli olur. Birlik xatirinə birlik modellərinin təklif olunması dəfələrlə şahidi olmuşuq ki, effekt verməyib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler