» » Müsavat BŞİH-ə müraciət etdi

Müsavat BŞİH-ə müraciət etdi

Bölmə: Siyasət
Müsavat BŞİH-ə müraciət etdiGülağa Aslanlı: “Təbii ki, mitinqin kütləviliyinə təsir edən bir sıra səbəblər var və həmin səbəblər mitinq qərarı verilərkən müzakirə olunub”
Müsavat Partiyası Beynəlxalq İnsan Haqları Günü ilə bağlı dekabrın 14-nə saat 15-ə mitinq təyin edib. Müsavat mitinqini Yasamal rayonu, “Məhsul” stadionunda keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) dünən rəsmi məktubla müraciət edib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının “Yeni Müsavat”a verdiyi məlumata görə, mitinqdə siyasi məhbusların azad olunma tələbi irəli sürüləcək.

Qeyd edək ki, ADP, AXP və Ümid Partiyasının liderləri Müsavatdan müraciət olacağı halda 14 dekabr aksiyasında iştirak edəcəklərini bildiriblər. G.Aslanlı isə qeyd etdi ki, partiyalara müraciət etmək barədə hələlik Müsavatın qərarı yoxdur: “Məsələ burasındadır ki, insan haqları məsələsi heç bir partiyanın monopolyasında ola bilməz. Ona görə də hansı partiyalar bu mitinqə dəstək verəcəklərsə, bizim tərəfimizdən müsbət qarşılanacaq”.

G.Aslanlı 10 dekabr Beynəlxalq İnsan Haqları Günü münasibətilə mitinqin 14 dekabra təyin edilməsinin dekabrın 10-nun iş günü olması ilə əlaqədar olduğunu söylədi.

“Müsavat Partiyası xeyli müddətdir təklikdə mitinq keçirmir. Azərbaycan cəmiyyətində isə hazırda mitinq əhval-ruhiyyəsi hiss edilmir. Dekabr ayının 14-də havanın da kəskin olması ehtimalı var. Müsavat Divanı mitinq qərarı verərkən bu və digər halları götür-qoy edibmi” sualına başqan müavini belə cavab verdi: “Təbii ki, mitinqin kütləviliyinə təsir edən bir sıra səbəblər var və həmin səbəblər mitinq qərarı verilərkən müzakirə olunub. Amma beynəlxalq insan haqları günü önəmli gün olduğu, eyni zamanda bələdiyyə seçkilərinə çox az qaldığı üçün belə bir mitinqin keçirilməsinə ehtiyac olduğu qərarına gəlinib. Kütləvilik baxımından isə dediyiniz amillərin olduğu bir vaxtda 3 min nəfərin meydana toplaşmasının özü ciddi hadisə olacaq. Dünyada kütləvi aksiyalarda insanların sayına o qədər önəm verilmir. Hətta 200 nəfərlik mitinqi nüfuzlu telekanallar yayır. Avropada hətta 200 nəfər etiraz aksiyasına çıxırsa, bu, ölkədə etiraz aksiyası kimi qəbul olunur. Amma Azərbaycan hakimiyyəti mitinqlərdə qaldırılan məsələni yox, insanların sayını həmişə qabartmağa çalışır. Bu da Azərbaycan insanına psixoloji olaraq təsir edən faktordur. Biz insan haqları, siyasi məhbusların məsələsini gündəmə mitinq keçirməklə gətirmək istəyirik”.

“Müsavatda qurultaydan sonra müəyyən proseslər yaşandı, müəyyən narazı insanlar var. Bu amilin Müsavatın keçirəcəyi mitinqə mənfi təsiri ola bilərmi” sualını isə G.Aslanlı belə cavablandırdı: “Mən güman eləmirəm. Çünki hər halda, narazılar da Müsavatdaxili seçkinin nəticələrinə və digər daxili məsələlərə görə narazılıq edirlər. Amma onlar daim Müsavat ideyalarına sadiq qaldıqlarını, Müsavatın maraqlarını nəzərə aldıqlarını söyləyirlər. Odur ki, mən hesab edirəm ki, siyasi məhbuslar məsələsində fikir ayrılığı yoxdur. Onlar da siyasi məhbusların azadlığını istəyirlər. Ona görə də inanıram ki, onlar da bir müsavatçı kimi mitinqin keçirilməsində iştirak edəcəklər, özləri də iştirak edəcəklər”.

Qeyd edək ki, daha öncə Milli Şura iki dəfə “Məhsul” stadionunda Bakı meriyası ilə razılaşdırılmış mitinq keçirib. Müsavat Partiyası həmin mitinqlərə könüllü qatılsa da, Milli Şura rəhbərliyi tərəfindən laqeyd münasibət göstərilib.

Dünən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı azvision.az-a deyib ki, AXCP Müsavatın keçirəcəyi mitinqə qatılmayacaq. O qeyd edib ki, cəbhəçilərin Müsavatın mitinqində iştirak etməsi ümumiyyətlə müzakirə mövzusu deyil: “Bu məsələ partiyamızda müzakirə olunmur. Hər kəsin nəticə çıxarmaq imkanını özünə saxlayıram”.

Gülağa Aslanlı isə bildirdi ki, hər halda, bu, Fuad Qəhrəmanlının şəxsi fikridir: “Bu, hələ AXCP-nin qərarı deyil. Ona görə də şəxs olaraq Fuad Qəhrəmanlı iştirak eləməyə bilər. Hər kəsin fikrinə də hörmətlə yanaşırıq”.musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler