» » Yeni Azərbaycan Partiyasının - 22 ili

Yeni Azərbaycan Partiyasının - 22 ili

Bölmə: Siyasət, MANŞET
Yeni Azərbaycan Partiyasının  - 22 iliSiyasət
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olundu. Təxminən həmin dövrdən başlayaraq ölkəmizin BMT və ATƏT-ə üzv qəbul edilənədək Azərbaycanın müstəqil dövlət kimi tanınması prosesi gedirdi. Əlbəttə ki, dövlətin beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi tanınması özü bir prosedurdur və bu, xarici siyasətin formalaşdırılması, xarici ölkələrlə ikitərəfli münasibətlərin yaradılması, BMT, ATƏT-ə üzv qəbul olunması və bundan irəli gələn vəzifələrin ortaya çıxması, eyni zamanda, Azərbaycanın daxilində müəyyən proseslərin getməsini ehtiva və tələb edirdi.

Daxili proseslər isə ölkənin daxili strukturlarının formalaşması, ictimai-siyasi institutların yaranması və qanunvericilik normalarının müvafiq daxili həyatda iştirakı, "Siyasi partiyalar haqqında" qanunun qəbul olunması və siyasi partiyaların ictimai həyatda iştirak etməsi məsələsi, "Kütləvi informasiyalar haqqında" qanunun qəbul edilməsi və KİV-lərin mətbuat sahəsində fəaliyyətinin hüquqi bazasının normativ əsaslarının yaranması, QHT-lər və onların hüquqi normativ bazalarının formalaşdırılması, ölkənin siyasi sisteminin ayrı-ayrı elementlərinin formalaşması və müvafiq qanunlara uyğunlaşdırılması, ictimai həyat normalarının, ölkənin ümumdaxili davranış kodeksinin yaranması və bunların qanunvericiliyə cəlb olunması və digər məsələləri ehtiva edir.

Sadalananlar içərisində siyasi partiyaların yaranması ən mühüm daxili proseslərdən biridir. Yeni Azərbaycan Partiyası məhz yuxarıda sadalanan proseslərin getdiyi bir dövrdə yarandı.

1992-ci il noyabr ayının 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Amma təsis konfransına qədər təxminən 6 ay müddədində hazırlıq işləri aparılırdı. Azərbaycan ziyalıları o zaman Naxçıvanın Ali Sovetinin Sədri, xalqımızın ümummilli lideri, faktiki olaraq, milli-azadlıq hərəkatının Naxçıvan regional fəaliyyətinə rəhbərlik edən Heydər Əliyevə Azərbaycanda gedən ictimai-siyasi proseslərdən kənarda qalmamaq üçün müraciət edirdi. Həmçinin, Azərbaycanın çətin vəziyyətində xalqa köməyinin lazım və Onun siyasətə qarışmasının mütləq zəruri olduğunu əsaslandıraraq Naxçıvana üz tutanların sayı günü-gündən artırdı. Həm məktublar, həm müraciətlər ünvanlayırdılar, həm də ayrı-ayrı ziyalı şəxslər Naxçıvana gəlirdilər. Mən də o zaman Naxçıvanda yaşayırdım və ulu öndər Heydər Əliyevin ətrafında idim. Bu mənada demək olar ki, Yeni Azərbaycan Partiyasının yaranması 1992-ci ilin əvvəllərindən başlamışdı.

Ümummilli lider Heydər Əliyevin o zaman Azərbaycanın gələcəyi ilə bağlı proqnozlar verməsi, kommunist partiyası rəhbərliyinin yarıtmaz siyasətini tənqid etməsi, SSRİ rəhbərliyinin antiazərbaycan siyasətinə qarşı çıxması, ovaxtkı rəhbərliyin Dağlıq Qarabağ məsələsinə aid xəyanətkar siyasətini və erməniləri dəstəkləmələrini ifşa etməsi və bunlardan irəli gələn təzyiqlər həmin dövrün daxili proseslərinin ümumi xüsusiyyətini müəyyən edirdi. Məhz belə bir proseslərin gedişatında Yeni Azərbaycan Partiyasının ətrafında ümumazərbaycan hərəkatı formalaşmağa başlamışdı və faktiki olaraq, Yeni Azərbaycan Partiyasının yaranması prosesi ümumazərbaycan prosesinə çevrilmişdi. Ona görə də Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilib.

1992-ci ilin noyabr ayına qədər olan müddətdə demək olar ki, Azərbaycan xalqının bütün zümrələri, sosial təbəqələrin nümayəndələri, fəhləsindən tutmuş akademikinə, hərbçisindən tutmuş hüquq-mühafizə orqanlarının əməkdaşlarına qədər bütün insanlar baxışlarını Naxçıvana - ulu öndər Heydər Əliyevə yönəltmişdilər ki, Heydər Əliyev gələcək və Azərbaycanı düşdüyü vəziyyətdən xilas edəcək.

Əlbəttə ki, elə şəraitdə hər bir xalqa müdrik lider lazım olur. Əgər xalqa ümumxalq dəstəyi olan lider tərəfindən rəhbərlik edilməzsə, onun bu və ya digər təşəbbüsləri, iradəsi ortaya qoyulmazsa, ağır şərait dövləti uçuruma apara bilər. Ona görə də 1992-ci ildə YAP-ın yaranması, sözün həqiqi mənasında, həmin proseslərdən doğan və Azərbaycanın faktiki olaraq ictimai-siyasi həyatında bir ümumxalq hadisəsinə çevrilmək prosesi idi. Həqiqətən, Yeni Azərbaycan Partiyasının yaranması yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında tarixi ictimai-siyasi prosesə çevrildi.

Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi sistemi yenidən formalaşmağa başladı və bu partiya ölkənin siyasi sisteminə yeni nəfəs, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizə aparmanın sivil ənənələrini, normalarını gətirdi.

Ümummilli lider Heydər Əliyev heç bir zaman insanları ozamankı hakimiyyətə qarşı çıxmağa çağırmırdı. O, hələ o zaman hər bir azərbaycanlını mövcud hakimiyyət ətrafında birləşməyə və problemlərin öhdəsindən gəlməyə səsləyirdi. Amma O, eyni zamanda, ovaxtkı hakimiyyətin çatışmayan cəhətlərini, nöqsanlarını, qüsurlarını, yürütdüyü siyasətin mənfi tərəflərini açıq-aşkar, lakin konstruktiv şəkildə tənqid edirdi, düzgün yolu göstərirdi, milli birliyin yaradılması və vətəndaş qarşıdurmasından qaçmanın yollarından, daxili siyasətin qurulmasından, insanların potensialından dövlət quruculuğunda istifadənin metodlarından, Dağlıq Qarabağ probleminin həlli vasitələrindən, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən bəhs edirdi. Bir sözlə, hələ o zaman, ulu öndər həqiqi mənada siyasi konseptual məsələləri ortaya qoyurdu.

Ümumiyyətlə, əsas mahiyyətə varmaq üçün o dövrün ictimai-siyasi proseslərinə daha dərindən nəzər salmaq lazımdır. Faktiki olaraq, eyni hərəkat tərkibindən çıxmış və hamısının da eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar. Yəni, o zaman, AXCP, Müsavat, AMİP və digər partiyaların əksəriyyəti eyni hərəkatın tərkibindən çıxmış, eyni məqsədə xidmət etmiş ayrı-ayrı insanların şəxsi ambisiyalarının həyata keçirilməsi üçün yaradıldı. Bunların Azərbaycan dövlətinin gələcək inkişafı ilə bağlı fərqli fikirlərini özündə ehtiva edən proqramları mövcud deyildi. Hamısı eyni ideyaya xidmət edirdi, lakin ayrı-ayrı düşərgələrə parçalanmışdılar. Məhz həmin partiyalar da məqsədi və məramı bəlli olmayan fəaliyyətlərlə məşğul olurdular. Onlar qanun çərçivəsində, demokratik dəyərlərə aid sivil mübarizə metodlarından imtina edərək qeyri-qanuni vasitələrlə fəaliyyət göstərirdilər. Hər biri ətrafına müəyyən qədər silahlı adam toplamışdı və Azərbaycanın ayrı-ayrı yüksək ranqlı vəzifələrinin açarlarını tələb edirdilər. Ortaya şəxsi ambisiyalarını qoymaqla özlərinə xüsusi şərait istəyirdilər. Silahlı dəstələrini Dağlıq Qarabağda düşmənlə mübarizəyə istiqamətləndirmək əvəzinə, hakimiyyət uğrunda savaşlara cəlb edirdilər. Məhz Azərbaycanda müstəqilliyin ilk illərində baş vermiş vətəndaş qarşıdurmalarının və müxtəlif sahələrdə ortaya çıxmış uğursuzluqların səbəbləri elə bunlar idi.

Lakin Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi ilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu. Yəni, görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu.

Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ümumxalq partiyasına çevrilib. YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir. Əlbəttə ki, demokratik bir dövlətdə seçkilərdə yalnız insanların dəstəyi ilə hakimiyyətə yiyələnmək olar. Azərbaycan xalqının da böyük əksəriyyətinin YAP-a böyük dəstək verməsi bu partiyanın davamlı qələbəsini təmin edir. Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının qələbələr seriyasının əsasında ümummilli dəstək, etimad dayanır.

Digər tərəfdən, Yeni Azərbaycan Partiyası proseslərin ümumxalq prosesinin mahiyyətinə çevrildiyi zaman, o vaxt hakimiyyətdə olanlar antimilli fəaliyyətləri ilə insanların dəstəyini və inamını sürətlə itirirdilər. Çünki onlar həmin ərəfədə elə bir yarıtmaz siyasət yürütdülər ki, Azərbaycanı elə bir çətin və çıxılmaz duruma saldılar ki, cəmiyyətin bütün təbəqələri onlardan üz çevirdi. Məhz bu iki proses paralel getdiyindən YAP insanların davamlı dəstəyini alan qüvvə kimi hakim partiyaya çevrildi. Bununla da Azərbaycanda daxili siyasətin yeni ənənələri formalaşdı və bu səbəbdən də YAP o gündən bu günə qədər möhtəşəm zəfərlər qazanmağa başladı.

Xatırlayırsınızsa, ümummilli lider Heydər Əliyev 1992-ci ildə ziyalıların müraciətinə verdiyi cavabında müstəqil Azərbaycan dövlətinin siyasətinin 5 əsas prinsipini açıqlamışdı. Məhz Azərbaycan dövlətini qurmaq, daxili və xarici siyasəti formalaşdırmaq və xalqın etimadını qazanmaq üçün həyata keçirilməsi vacib olan prinsiplərdən biri də Azərbaycan gəncliyinin sağlam, vətənpərvər, intellektual və kreativ yetişməsini təmin etmək, onların potensialını reallaşdıraraq dövlətimizin inkişafına yönləndirməkdən ibarət idi. Ona görə də əminliklə demək olar ki, gənclər siyasəti hələ ulu öndər Heydər Əliyevin partiya quruculuğu dövründə diqqət mərkəzində idi. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, bir dövlətin gənci öz ölkəsinin, millətinin gələcəyinə inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə qoşulmursa, proseslərə biganə yanaşırsa, proseslərin ağırlığını öz çiyinlərinə götürmürsə, o zaman o millətin, dövlətin gələcəyi olmaz. Ulu öndər Heydər Əliyevin bu aforizmlə gənclərə yanaşmasını ortaya qoyması və bu məsələni ümummilli problemlərin əsas ağırlıq mərkəzinə gətirməsinin nəticəsi idi ki, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində demək olar ki, Azərbaycanın bütün gənclərini dövlət və dövlətçilik ətrafında birləşdirdi.

İlk növbədə, qeyd edək ki, seçkili orqanlarda iştirak edərək qələbə qazanmaq, hakimiyyəti formalaşdırmaq, dövlətin, xalqın maraqlarına uyğun siyasət yürütmək partiyanın ölkədaxili idarəçiliyində ehtiva olunur. Eyni zamanda, hər bir partiya bir institut kimi, beynəlxalq əlaqələr əsasında qurulmuş münasibətlərdən bəhrələnməyə, mövcud müsbət təcrübələri əxz etməyə çalışır.

Hər bir partiya dünya siyasətinin, transmilli proseslərin əsas aparıcı institutlarından biri kimi müxtəlif partiyalarla təmasa girir, əlaqələr qurur. Bütün siyasi partiyalar beynəlxalq əlaqələrinin genişlənməsi, beynəlxalq münasibətlər sistemində yer almış partiyalarla əməkdaşlıq etməsi ilə gücünü, nüfuzunu artırır və müasir dünyanın idarəçilik sistemində mövcud olan yenilikləri öz ölkəsində tətbiq etmək imkanı qazanır.

Hazırda Yeni Azərbaycan Partiyasından başqa bu qədər geniş əlaqələrə malik partiya tanımıram. YAP Asiyanın və Avropanın nüfuzlu siyasi partiya birliklərinin üzvüdür. YAP dünyanın aparıcı dövlətlərinin hakim partiyaları ilə konstruktiv münasibətlər qurub. Partiyanın strukturu, onun rəhbərliyi, qadınlar və gənclər təşkilatları ayrı-ayrı ölkələrin müvafiq strukturları ilə əməkdaşlıq edirlər. Bundan başqa, YAP-ın nümayəndələri əməkdaşlıq etdiyi partiyaların qurultaylarında, eyni ilə, xarici ölkələrin partiyalarının nümayəndələri YAP-ın qurultay və beynəlxalq tədbirlərində iştirak edirlər.

Dəfələrlə şahidi olmuşuq ki, YAP-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslarda müxtəlif ölkələrin partiyalarının nümayəndələri iştirak edirlər. Əlbəttə ki, bu cür hal təqdirəlayiqdir. Çünki dövlətinin inkişafına töhfə vermək istəyən partiya daim fikir, təcrübə mübadiləsi aparmalı, müxtəlif güclü partiyalarla əlaqələrini daha da möhkəmləndirməlidir.

Beləliklə, təməli sağlam olan, daim Azərbaycan xalqının maraqlarını müdafiə edən Yeni Azərbaycan Partiyasının prinsipləri, amalları da milli mənafelərə əsaslanır. Ona görə də YAP bundan sonrakı onilliklər, yüzilliklər ərzində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin köklü problemlərinin həllində partiyanın öz dəst-xətti görünəcək.sia.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler