» » Prezident və xanımı rəsmi açılışda iştirak etdi

Prezident və xanımı rəsmi açılışda iştirak etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR
Prezident və xanımı rəsmi açılışda iştirak etdiNoyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
“Xalqinfo.az” Azərtac-a istinadən xəbər verir ki, iki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Baş Assambleyada çıxış edən İlham Əliyev qədim tarixi və gözəl mədəniyyəti olan ölkəmizlə tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu deyib. Bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkəmizdə siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğulayıb.

İlham Əliyev bildirib ki, son on ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd olunub. “Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq”, - deyən Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi tanındığını da diqqətə çatdırıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyətin fəal üzvü olan ölkəmizin dünyada mövqeləri güclüdür və iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən dəstəklənir.

Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil ölkəmizin dünyada daha yaxşı tanıdılmasına imkan verir.

Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib. 2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən Prezident İlham Əliyev bunun da ölkəmizin böyük potensialından qaynaqlandığını söyləyib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. O qeyd edib ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan verir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler