» » Həmsədrlər işğalçını xilas üçün hərəkətə keçib

Həmsədrlər işğalçını xilas üçün hərəkətə keçib

Bölmə: Siyasət
Həmsədrlər işğalçını xilas üçün hərəkətə keçib




ABŞ Milli Kəşfiyyatının xəbərdarlığından sonra qəribə bir hərəkətlilik müşahidə olunur; rəsmi Bakı Rusiyanın ardınca digər vasitəçi Fransanın da cavabını verdi; politoloq: “Ermənilər seçkiqabağı təxribatçı gedişlər edəcəklər...”

ABŞ Milli Kəşfiyyatının Qarabağda növbəti müharibə ilə bağlı anonsundan sonra bir hərəkətlilik müşahidə olunmaqdadır. Ermənistanın narahatlığı öz yerində, beynəlxalq təşkilatlarda bu mövzuya daha çox diqqət yetirilməyə başlanılıb.

Ötən günlərdə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı bildirmişdi ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər. Hesabatda qeyd olunmuşdu ki, “tərəflər güzəştə getməyə tələsmirlər”.

Virtualaz.org-un yazdığı kimi, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi öz saytında Rusiyanın hərbi-sənaye şirkətləri ilə sövdələşmələrə girən şirkətlərə və hökumətlərə qarşı sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq yerləşdirib. Dərhal Ermənistanda belə narahatlıq yaranıb ki, xəbərdarlıq son illər güzəştli kredit hesabına Rusiyadan yeni silah və hərbi texnika almağa başlayan Ermənistana qarşı yönəlib. Lakin ABŞ-ın Ermənistandakı səfirliyindən bildirilib ki, Ermənistan hökuməti Rusiya şirkətləri ilə hərbi-kəşfiyyat sahəsində sövdələşmələrin bağlanacağı təqdirdə sanksiyalarla üzləşəcəyi haqda xəbərdarlıq alan tək hökumət deyil. Bu mənada Azərbaycana da sanksiya xəbərdarlığı edildiyi barədə iddialar səslənir.

Əslində ABŞ-dan bu cür davranışlar gözləniləndir. Ona görə yox ki, Azərbaycan Rusiyanın silah bazarının əsas müştərilərindən biri olaraq Vaşinqtonun sanksiya qərarının əleyhinə gedir. Məsələ burasındadır ki, ABŞ Konqresi hələ 1992-ci ilin payızında, Azərbaycan Rusiyanın caynağından tam qopmağa, rus ordusunu ölkəmizdən çıxartmağa çalışdığı zaman ölkəmizə qarşı “907-ci düzəliş” adında sanksiya qərarı qəbul etmişdi. Azərbaycanın işğalçıya qarşı haqq işini dəstəkləmək əvəzinə, Ağ Ev ölkəmizə silah satmaqdan imtina edib, indi də Rusiyanın bazarından da uzaqlaşdırmağa çalışır. Yeri gəlmişkən, 2016-cı ilin aprel döyüşlərindən sonra işğalçı Ermənistanın ordusunu müasir gecəgörmə cihazları ilə təchiz edən ABŞ oldu. Üstəlik, nüfuzlu “Stratfor” təşkilatı Rusiyanın Ermənistana “İsgəndər-M” raketlərini hədiyyə etməsini məmnunluqla qarşıladı və bunu bölgədə “balans yaratmağa” xidmət edən addım saydı.

Bu mənada ABŞ-dan gələn xəbərlər belə nəticə çıxartmağa əsas verir ki, ATƏT-in Minsk Qrupunun həmsədri Ermənistanın işğalına son qoymaq istəyən Azərbaycanın da əl-qolunu bağlamaq niyyətindədir. Bundan əvvəl ATƏT müşhidəçilərinin sayının artırılması istiqamətində cəhdlər də buna hesablanmışdı. Düzdür, hələlik sanksiyalarla bağlı konkretlik yoxdur. Elə səfirlikdən də deyiblər ki, “biz sanksiyaları əvvəlcədən müzakirə etmirik. Bu sanksiyalar barədə o zaman elan edirik ki, onlar artıq mövcuddur, tətbiq edilib. Ümumiyyətlə, əgər sanksiyalar olacaqsa, bu, Rusiya ilə hərbi-kəşfiyyat sferasında əhəmiyyətli sövdələşmələrə girən qeyri-rusiya şirkətləri ilə bağlı olacaq”.

Robert Sekuta ile ilgili görsel sonucu

Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da sükutu pozması diqqət çəkir. “Vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik”, - deyə, diplomat bildirib (APA). Səfir vurğulayıb ki, bu il Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 30 ili tamam olur: “Bütün bu hadisələri, keçmişi xatırlamaq, keçmişdən ibrət dərsi almaq vacibdir. Daha yaxşı gələcək qurmaq bundan da vacibdir. Münaqişənin həlli ilə bağlı vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək məsələnin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik. Biz ABŞ hökuməti olaraq Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik”.

Göründüyü kimi, amerikalı diplomat Azərbaycana torpaqlarını Ermənistanın işğalından azad etməyə dəstək verəcəyini demir, məcburi köçkünlərə yardım edəcəklərini bildirir. Əslində Azərbaycan dövləti öz vətəndaşına on illərdir ki, sahib çıxıb və yüz minlərlə insanın həyatını normallaşdırmağa dəstək verib. Bu mənada məcburi köçkünlərə maliyyə dəstəyindən çox, onların ata-baba yurduna qayıtmasına dəstək lazımdır, həmsədr ölkələrdən də gözlənilən budur. Ancaq bir daha aydın olur ki, ABŞ daxil olmaqla, həmsədr dövlətlər status-kvonun saxlanmasına daha çox üstünlük verirlər və müharibə xəbərdarlığını etməklə kəşfiyyat bunun qarşısının alınmasına çağırış edir.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sanki dalana dirənib: “Buna görə də hər bir dövlət öz marağına uyğun olaraq siyasi gedişlər edir. ATƏT-in Minsk Qrupunda təmsil edilən dövlətlərə gəldikdə, ABŞ tam şəkildə təşəbbüsü öz əlinə almağa və müharibə anonsu verməklə Rusiyanı buna təhrik etməyə və hətta müharibəyə cəlb etməyə çalışır. Rusiya da bunu dərk edir və özü müharibədə iştirak etməkdən çəkinsə də, silah satmaq məqsədilə müharibə anonsları verir”.

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

A.Nağıyev Azərbaycan müdafiə naziri Zakir Həsənovun müharibə bəyanatı ilə bağlı da fikirlərini bölüşdü: “Münaqişənin bu qədər uzanması bizi qane edə bilməz və hərbi yolla həll etmək variant kimi daima gündəmdədir və müdafiə nazirinin bəyanatı başadüşülən və hətta təqdirəlayiqdir. Ermənilər seçkiqabağı müəyyən taktiki gediş edərək təxribatlar törədəcək və bunu Azərbaycan tərəfinin ayağına yazmağa çalışacaqlar. Erməni tərəfi nəyin bahasına olursa-olsun separatçı qurumu üçüncü tərəf kimi danışıqlara cəlb etmək istəyir və hətta ATƏT-in Minsk Qrupunu separatçı qurumun ”müdafiə naziri" ilə görüşdürür. Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsi də bununla bağlıdır. Amma düşünürəm ki, müharibə olmayacaq , çünki bu, supergüclərin çoxunun marağında deyil".

Bu arada Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Moskvaya səfəri də maraq doğurur. Erməni mediası yazıb ki, heyətə qərargah rəisinin müavini, general-mayor Tiqran Xaçatryan rəhbərlik edir. Düzdür, səfərin birgə hərbi təlimlərlə bağlı olduğu bildirilir, ancaq heç şübhəsiz ki, Ermənistandakı narahatlıqlar generalı Rusiyaya üz tutmağa vadar edib. Xüsusilə ötən ay Rusiyadan Azərbaycana daha bir hərbi texnika partiyasının yola salınması işğalçını xəyal qırıqlığına uğradıb.

Xüsusilə də ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatındakı bir məqam erməni tərəfində ciddi narahatlıq yaradıb. Göstərilib ki, genişmiqyaslı müharibə zamanı Rusiya Ermənistana yardım edəcək. Rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov isə Ermənistan nəşrinə ABŞ kəşfiyyatının proqnozunu şərh edərkən deyib ki, Qarabağ münaqişəsi nizama salınmadığından cəbhədə vəziyyət gərgindir və buna görə də genişmiqyaslı müharibənin olması istisna deyil (Modern.az). ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir. “Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır - başqa bir şey deyil”, - L.Şirinyan qeyd edib. Ekspertin fikrincə, müharibə zamanı Rusiya və Türkiyə heç bir problemi həll etməyib. “Bu baxımdan Amerikanın hesabatı ilə razıyam, lakin müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə şübhə edirəm. Rusiya Azərbaycan və Ermənistanla münasibətlərində balanslaşdırılmış siyasət həyata keçirdir. Yəqin ki, Ermənistan Qərbə müraciət edəcək və özünü zərbə altından çıxaracaq. Biz bu istiqamətdə düşünməliyik. Ermənistan ABŞ və NATO ilə aktiv dialoq aparmalıdır”, - L.Şirinyan əlavə edib. Politoloq Ermənistana böhrandan çıxmaq üçün formul da təklif edib: “Sarayların əvəzinə tank və raket almaq lazımdır. Bizdə müqavimət göstərmək üçün daxili resurs yoxdur. Ermənistan strateji məhdudiyyətlərin öhdəsindən gəlməlidir və müharibəyə hazırlaşmalıdır. Yaxın zamanlarda Azərbaycan prezidenti İlham Əliyev dövlətinin siyasi doktrinasını elan etdi - bu, Ermənistanın məhv edilməsidir”.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündəki çıxışı da geniş rezonans doğurub. Nazir görüşdə cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını vurğulayaraq, müharibənin hər an başlaya biləcəyini istisna etməyib. Ehtiyatda olan polkovnik Şair Ramaldanov Axar.az-a deyib ki, müharibənin hər an aktiv fazaya keçəcəyi istisna deyil: “Bugünkü şəraitdə sülhdən çox, hərbdən danışılır və müharibənin hər an aktiv fazaya keçəcəyi istisna deyil”.

Nazir onu da qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər. Bu mənada beynəlxalq aləmdə Qarabağla bağlı hərəkətliliyin müşahidə olunmasının məhz müharibənin “qapıda” olması səbəbindən yarandığını söyləmək olar.

Bunu təsdiqləyən daha bir arqument isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistan mediasında dedikləridir. Səhra köməkçisi deyib ki, əlavə personalın mövcudluğu monitorinqlərin daha tez-tez keçirilməsi üçün potensial yaradacaq. Yeri gəlmişkən, elə bunun ardınca ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinq keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Əslində işğalçı ölkəyə bu, hava və su kimi lazımdır. Düşmən müşahidəçilərin çox olmasını, monitorinqlərin tez-tez keçirilməsini və status-kvonun uzanması şəraitində Qarabağın ilhaqının davamını istəyir. Ancaq Azərbaycan rəhbərliyinin bəyan etdiyi kimi, Azərbaycanın səbri tükənməz deyil və hər an orduya “İrəli” komandası verilə bilər...

Belə bir şəraitdə digər həmsədr Parisin davranışları da Bakının etirazlarına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransa XİN-in açıqlamasına münasibət bildirib. O deyib ki, ciddi narahatlıq doğuran məqamlardan biri də Fransanın XİN və Daxili İşlər Nazirliyinin mərkəzi təlimatına və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın statusuna zidd olaraq, Fransanın regionlarının qondarma rejimlə qanunsuz əlaqələr yaratması və qondarma rejimin nümayəndələrinin Şenqen viza qaydalarının tələblərini pozaraq, Fransa ərazisinə daxil olmaları və propaqanda ilə məşğul olmalarıdır. “Fürsətdən istifadə edərək Fransa Xarici İşlər Nazirliyindən olan həmkarlarımıza Ermənistan və Fransada olan erməni lobbi dairələrinin dezinformasiya və propaqandasına uymamağı tövsiyə edirik” - H.Hacıyev bildirib.

Xatırladaq ki, ötən həftə Rusiya XİN-in rəsmisi Azərbaycan əleyhinə, Ermənistanı müdafiə məzmunlu açıqlama ilə çıxış etmiş və Bakıdan cavabını almışdı. Hər halda, savaş xəbərdarlıqları fonunda həmsədrlərin erməniləri müdafiə etdikləri müşahidə edilməkdədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler