» » Anar Məmmədov da Fazil Məmmədovun yolunu getdi

Anar Məmmədov da Fazil Məmmədovun yolunu getdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Anar Məmmədov da Fazil Məmmədovun yolunu getdi
Deyəsən, maliyyə problemləri üzündən idman federasiyalarının bağlanması Azərbaycan idmanı üçün adi hala çevrilir. Bu günlərdə ölkə KİV-ləri məlumat yaydılar ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov prezidenti olduğu Azərbaycan Qolf Federasiyasının fəaliyyətini faktiki olaraq dayandırıb.

Maliyyə vəsaiti ayırmır, buna müvafiq olaraq, Federasiya beynəlxalq tədbirlərdə iştirak etmir, daxili yarışlar keçirilmir, əməkdaşlar isə maaş ödənilmədiyindən pərən-pərən olublar.

Anar Məmmədov da Fazil Məmmədovun yolunu getdi

Halbuki Məmmədovun Azərbaycanda qolfun inkişafı ilə bağlı nəhəng planları var idi. Verdiyi bəyanatlara görə, Azərbaycan qolfçuları 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiadada iştirak etməli, qolf ölkəmizdə... kütləvi idman növünə çevrilməli idi.

Qolf? Kütləvi? Azərbaycanda?! Bizdə heç futbolu sözün əsl mənasında kütləvi idman növü adlandırmaq mümkün deyil – pulsuz meydançalar kifayət qədər deyil, burada isə söhbət qolfdan gedir – bu idman növündə meydançanın sahəsi 60 hektardan az deyil.

Aydın məsələdir ki, Azərbaycan Rio Olimpiadasında təmsil olunmadı, qolf isə kütləvilikdən nə qədər uzaq idisə, elə həmin səviyyədə də qaldı. Anar Məmmədovun qolfluq halı qalmamışdı. 2015-ci ilin oktyabr ayında “Xəyal adası” layihəsi çərçivəsində qolf-klubun açılışı keçirildi. Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi mərasimdə Qolf Federasiyasının prezidenti Məmmədov gözə dəymədi. Aydın məsələ idi – o vaxta kimi onun nazir atasının, demək olar ki, bütün səlahiyyətləri əlindən alınmışdı, Məmmədovların biznes imperiyasının aktivləri isə sahiblərini dəyişirdi.

Anar Məmmədov indiyə kimi rəsmən Federasiyanın prezidentidir. Onun rəhbərlik etdiyi təşkilatın keçmiş əməkdaşları ümid edirlər ki, tezliklə qolfa yeni başçı tapılacaq. Lakin təcrübə göstərir ki, bu proses illərlə uzana bilər. Həndbol Federasiyasını yada salmaq kifayətdir. 2008-ci ildə bu qurumun prezidenti Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad edildikdən sonra ölkə həndbolu 8 il sahibsiz və ciddi maliyyə dəstəyi olmadan qaldı. Yalnız 2016-cı ilin dekabrında prezident vəzifəsinə “Azəravtoyol”un rəhbəri Saleh Məmmədov təyin edildi. Halbuki, qolfdan fərqli olaraq, həndbolun ölkəmizdə əsası hələ sovet dövründə qoyulmuş müəyyən ənənələri var. Əgər bu idman növü belə öz növbəsini 8 il gözlədisə, Qolf Federasiyasında rəhbərliyin dəyişdirilməsi çox uzun müddət çəkə bilər.

Yeni rəhbər uğrunda mübarizədə qolfçuların “rəqiblər”indən biri kimi hokkeyçiləri qeyd etmək olar – otüstü hokkeyçiləri. 2015-ci ilin iyul ayından Fazil Məmmədov məşqçilərə və idmançılara maaşların verilməsini dayandırıb. Azərbaycan komandaları heç bir yarışlarda iştirak etmirlər, milli komandamız isə dünya reytinqindən çıxarılıb və illər boyu zor-bəla ilə topladığı bütün xallar silinib.

Maraqlıdır ki, Fazil Məmmədov Hokkey Federasiyasını vergilər naziri vəzifəsindən kənarlaşdırıldığı vaxtdan xeyli əvvəl bağlamışdı. Əslində, bu heç bir izahat verilmədən Bakıdakı Birinci Avropa Oyunlarından dərhal sonra edilmişdi. Yalnız güman etmək olar ki, birinci devalvasiyadan sonra pullarını Koreyadan, Pakistandan və digər ölkələrdən gətirilən legionerlərə xərcləmək və bunun müqabilində gözlədiyi nəticəni almamaq Məmmədova ağır görünüb. Nəzərə alsaq ki, o, həm də güləş və velosiped idmanı federasiyalarının prezidenti idi (hələ də prezidentidir), sabiq nazir, sadəcə olaraq, çoxlu xərc tələb edən komanda idman növündən canını qurtarmaq qərarına gəlib.

Biz Fazil Məmmədovun Azərbaycan güləşinə fəal şəkildə rəhbərliyə davam etməsindən, görüşlər keçirməsindən və göstərişlər verməsindən yazmışıq. Burada yada düşür ki, Heydər Babayev nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra gəzən söz-söhbətlərə görə, guya o, biznes layihələrindən qazandığı pullarla həndbolu maliyyələşdirməkdə davam etməli idi. Fazil Məmmədovun da güləş və velosiped idmanı federasiyalarına həmin şərtlərlə rəhbərliyə davam etməsini istisna etmək olmaz. Lakin təcrübə göstərir ki, nazir kreslosu olmadan pul vəsaitləri tələb edən ictimai idman təşkilatına uzun müddət və keyfiyyətlə rəhbərlik etmək az adama nəsib olur.
Virtualaz.org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler