» » Bu həftə prezidentliyə iddiaçılar imza toplamağa başlayır

Bu həftə prezidentliyə iddiaçılar imza toplamağa başlayır

Bölmə: Siyasət
Bu həftə prezidentliyə iddiaçılar imza toplamağa başlayır
Mikayıl Rəhimov: “Müraciət edənlərin ərizəsinə beş gün ərzində baxıb, imza vərəqələri verməliyik”; Tural Abbaslı: “İndiki məqamda seçkilərin boykot edilməsini doğru addım hesab etmirəm”

11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkilərinə iki ay qalır. Günlər keçdikcə prezidentliyə iddialıların sıraları genişlənir. Eyni zamanda, seçkiləri boykot edənlərin də sayı çoxdur.

Milli Şura və AXCP-nin ardınca ALP, GAP, ADR, REAL, NİDA, D18 və son olaraq, ötən həftənin şənbə günü Müsavat və Ümid partiyaları seçkilərdə iştirakdan imtina etdilər.

Bununla belə müxalifətin seçkilərdə iştirak edəcək qurumları da artıq məlumdur. Belə ki, AĞ Partiya, VİP, YAXCP və ALDP kimi partiyalar iştirakda qərarlıdırlar. KXCP ilə bağlı isə müəmmalı durum yaranıb. Doğrudur, partiyanın Ali Məclisi sədr Mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürüb. Lakin partiya oktyabrda gözlənilən seçkilərlə bağlı namizədini irəli sürmüşdü. Qəfildən seçki vaxtının aylar öncəyə çəkilməsi KXCP-ni seçim qarşısında qoyub. ADP-də də eyni situasiya yaranıb. Hələ bu partiyanın da seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyil. Qurumun sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a verdiyi açıqlamada seçkilərdə iştirakın tərəfdarı olduğunu, lakin maliyyə durumlarının aşağı olduğunu, maddi köməklik olacağı təqdirdə iştirak edəcəyini bildirmişdi.

AMİP-in də yekun qərarı yoxdur. Bu partiyanın da seçkilərdən imtina edəcəyi ehtimalı daha yüksək görünür.

Seçkilərdən imtina ilə bağlı ən müxtəlif mövqelər meydana çıxıb. Qərarı doğru sayanlar da, səhv olduğunu deyənlər də var. Ən çox müzakirə edilən məsələlərdən biri boykotçuların əslində iştirak edən iddiaçılara namizədliklərinin qeydə alınması ilə bağlı kömək etdikləri yönündədir. Nə qədər az müxalif namizəd seçkilərdə iştirak etsə, bunun onların xeyrinə işlədiyi bildirilir.

Prezidentliyə namizədliyini irəli sürən AĞ Partiya başqanı Tural Abbaslı ile ilgili görsel sonucu

Prezidentliyə namizədliyini irəli sürən AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, boykot qərarı heç bir halda faydalı deyil: “İndiki məqamda seçkilərin boykot edilməsini doğru siyasi addım hesab etmirəm. Çünki hakimiyyət tərəfindən siyasi fəaliyyət meydanının maksimum dərəcədə daraldıldığı bir zamanda seçki mühitinin gətirəcəyi fürsətlərdən imtina etmək məntiqi deyil. Hələ nəzərə alsaq ki, boykot qərarının seçkilərin legitimlik məsələsinə nə ölkəmizdə, nə də beynəlxalq aləmdə heç bir hüquqi, siyasi təsir mexanizmi yoxdur, o zaman bu qərar ümumiyyətlə əhəmiyyətini itirir. Digər müxalifət partiyalarının boykotu fonunda AĞ Partiya olaraq bizim seçkilərdə iştirakımızın bizə əlavə dividentlər gətirib-gətirmədiyini deyə bilmərəm. Çünki biz ümumiyyətlə bu barədə düşünmürük və müzakirə aparmırıq. Özünü əsas müxalifət partiyaları hesab edənlərin prosesdən çəkilməsi məncə nə bizim, nə də ümumi proses üçün faydalı deyil. Ümumi prosesə niyə faydalı olmadığı barədə yuxarıda fikirlərimi bildirdim. Bizə AĞ Partiya olaraq niyə faydalı deyil? Ona görə ki, seçki mərhələsində meydanda nə qədər az müxalifət namizədi olsa, hakimiyyətin təzyiqləri daha çox olacaq. Həmçinin seçkinin müxtəlif mərhələlərində partiyaların bu və ya digər məsələlərdə birgə fəaliyyətinin önü kəsiləcək. Buraya istər imzatoplama, istər təbliğat-təşviqat, istər seçkilərin müşahidəsi və s. mərhələləri daxildir ki, bu mərhələlərdə tək başına olmaq çox ağırdır. Üstəlik boykot qərarı verən siyasi qüvvələr iştirak edən qüvvələrin üzərinə hücum da edərsən, basqı yaratmağa çalışarsa, daha bir problem ortada olacaq. Artıq boykot qərarı verən siyasi quruluşlar əks mövqedə olan müxalifət partiyalarının üzərinə siyasi, mənəvi, psixoloji hücum etməyə başlayıb. Belə olan halda isə seçkidə iştirak etmək qərarı alanlar iki cəbhədə - həm hakimiyyətlə, həm də özünə müxalifət deyən qüvvələrlə mübarizə aparmağa məcbur olacaq. Biz hələ hakimiyyətlə seçki mübarizəsinə başlamamışdan özümüzün müxalifət cəbhəmizdən olan hücumları dəf etməyə məcbur qalmışıq. İndi özünüz düşünün ki, bu boykot qərarları bizim və Azərbaycan xalqının xeyrinədir, ya ziyanına?”

Mikayıl Rəhimov ile ilgili görsel sonucu

Bu həftə seçkilərlə bağlı hansı prosedurların aparılacağı ilə bağlı MSK-nın katibi Mikayıl Rəhimovla əlaqə saxladıq. O, prezidentliyə namizəd olmaq üçün müraciət edənlərə bu həftə imza vərəqələrinin paylanılacağını bildirdi: “Prezident olmaq istəyən vətəndaşlarımıza imza vərəqələri paylanacaq. Müraciət edənlərin ərizəsinə beş gün ərzində baxıb, imza vərəqələri verməliyik. Bundan sonra da imzatoplama kampaniyası başlayacaq. Həftənin sonunda yəqin maarifləndirmə tədbirlərimiz başlayacaq. Hələ ki bu mərhələdir. Hər bir namizəd imzanı toplayıb hazır edəndən sonra seçkilərə 50 gün qalmışdan 30 gün qalmışa qədər imzaları Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bu da mart ayının 12-nə qədərdir. Bu həftə qeyd etdiklərim olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler