» » Azərbaycan Avropa Şurasına ildə nə qədər üzvlük haqqı ödəyir?

Azərbaycan Avropa Şurasına ildə nə qədər üzvlük haqqı ödəyir?

Bölmə: Siyasət
Azərbaycan Avropa Şurasına ildə nə qədər üzvlük haqqı ödəyir?
Dünyanın ən böyük beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı və Avropa Şurasına üzvlük dövlətlərə bir sıra üstünlüklər gətirir. Dövlətlər bu təşkilatlar vasitəsilə inteqrasiya olunur, özünü tanıdır, qarşılaşdıqları problemləri bu qurumların vasitəsilə çözməyə çalışır.

Lakin o da məlumdur ki, dövlətlər həmin beynəlxalq təşkilatlara hər il böyük miqdarda üzvlük haqqı ödəyirlər. Bəs Avropa Şurası, Avropa İttifaqı və BMT kimi təşkilatlara üzlük haqqının məbləği dövlətlər üçün eynidir, yoxsa fərqli? Məsələn, Avropa Şurasına illik üzvlük haqqı olaraq Azərbaycan nə qədər ödəyir?

Beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirdi ki, BMT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar çox milyardlıq büdcələrə malikdirlər. Bu təşkilatların büdcələri bir neçə illik, üzv və ya iştirakçı dövlətlərin ödədiyi üzvlük haqqı ilə və ən əsası üzv ölkələrə tətbiq olunan fərqli hesablama sistemləri vasitəsilə formalaşdırılır. Ölkələrin ödədiyi üzvlük və ya iştirakçılıq haqları, onların makroiqtisadi göstəriciləri, ümumi daxili məhsulunun həcmi və ödəmə qabiliyyəti nəzərə alınmaqla həyata keçirilir: “Bu təşkilatların siyasət və missiyalarına uyğun fəaliyyət strategiyaları, onların həyata keçirmə planları müxtəlif müddətli olduğu kimi, büdcələri də müxtəlif müddətli formalaşır. Məsələn, Avropa İttifaqı uzunmüddətli fəaliyyət həyata keçirən bir təşkilat kimi 7 illik icmal büdcəsini formalaşdırır və bu icmal büdcədə Avropa İttifaqının əsas funksiyasını həyata keçirən 7 qurumun, komissiyaların və üzv dövlətlərin hər il ödəyəcəyi ehtimal edilən bir məbləğ mövcud olur. Əlbəttə, faktiki ödəniş isə icmal büdcədə ehtimal olunan məbləğdən fərqli olur. Ödənilən faktiki üzvlük haqqının məbləğini isə daha öncə də dediyim kimi, ölkənin makroiqtisadi göstəriciləri, ümumi daxili məhsul və ölkələrin ödəmə qabiliyyəti, bəzən isə istəyi formalaşdırır.

Büdcənin formalaşmasına ölkələrin iştirakı haqqında məlumat üçün deyə bilərəm ki 2014-2020-ci illərdə Avropa İttifaqının icmal büdcəsi 960 milyard avro nəzərdə tutulur. Bunun da makroiqtisadi göstəriciləri, ümum daxili məhsulu nəzərə alınmaqla, 150 milyard avro Finlandiyanın payına, eyni göstəricilərə görə isə 5.89 milyard avro isə Estoniyanın payına düşəcək. BMT haqqında danışsaq, bu beynəlxalq qurumun büdcəsi iki illik və əsasən daimi və digər üzv dövlətlərin üzvlük haqqı hesabına formalaşdırılır.

Üzvlük haqqı isə büdcənin, daha öncə də qeyd etdiyimiz kimi, ölkələrin 3 illik makroiqtisadi göstəriciləri, ümum daxili məhsul və ödəmə qabiliyyəti nəzərə alınmaqla, BMT Baş Assambleyasının 5-ci komitəsi olan büdcə və administrasiya komitəsinin tərtib etdiyi hesablama sistemi əsasında müəyyənləşdirilir. Üzvlük haqqı ilə bağlı qeyd etmək istədiyim əsas məqam budur ki, əgər Avropa Şurası və Avropa İttifaqında üzv dövlətlərdən ödəniləcək üzvlük haqqı məbləğinin limiti yoxdursa, BMT-də bu, bir az fərqlidir. Belə ki, 2000-ci ildə BMT Baş Assambleyasının 5-ci komitəsi olan büdcə və administrasiya komitəsinin müəyyənləşdirdiyi qaydaya əsasən təşkilatın daimi və digər üzv dövlətlərin ödəyəcəyi məbləğ, ümumi büdcənin 22 %-ni keçməmək şərti ilə müəyyən edilir ki , digər adını çəkdiyimiz iki təşkilatda bu yanaşma tətbiq olunmur".

Azərbaycan Avropa Şurasına ildə nə qədər üzvlük haqqı ödəyir?

Ekspertin sözlərinə görə, Avropa Şurasında da 2012-ci ildən büdcə formalaşmasında iki illik müddət və buna uyğun olaraq ölkələrin makroiqtisadi göstəriciləri, ümumdaxili məhsulu və ödəmə qabiliyyəti əsasında üzvlük haqqı sisteminin formalaşması tətbiq edilir: “Məsələn, Avropa Şurasının 2017-ci il üçün icmal büdcəsi 456 milyon avro nəzərdə tutulur ki, bunun da ən yüksək ödəniləcək məbləği Fransanın payına düşür-təxminən 40 milyon avro. Avropa Şurasına üzvlük haqqının müəyyən olunmasında Avropa İttifaqından fərqli olaraq, ölkələrin makroiqtisadi göstəriciləri, ümum daxili məhsulu və ödəmə qabiliyyəti ilə yanaşı, həmçinin üzv ölkələrin əhali sayı da nəzərə alınır. Avropa Şurasının 2014-2016-cı illər üçün büdcəsinin əsasını, yəni 57 faizini 5 donor ölkə - Fransa, Almaniya, İtaliya, Rusiya və Böyük Britaniya formalaşdırmışdı. Rusiya və Türkiyənin bu ildən Avropa Şurasının maliyyələşməsini dayandıracağı haqqında fikirlər səslənməkdədir”.

Y.Hacıyeva sonda dedi ki, Azərbaycan Avropa Şurasına ödənəcək üzvlük haqqına görə Cənubi Qafqaz regionunda liderdir. Ölkəmizin Avropa Şurasına ödədiyi məbləğ makroiqtisadi göstəriciləri, ümumi daxili məhsul və əhali sayı nəzərə alınmaqla, 850624 avro təşkil edir./Yeni müsavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler