» » Türkiyə-NATO münasibətləri -

Türkiyə-NATO münasibətləri - davama, yoxsa tamama doğru...

Bölmə: Siyasət
Türkiyə-NATO münasibətləri -
Son hadisələr Türkiyə ictimai rəyində NATO-ya olan mənfi münasibəti daha da pisləşdirdi, artıq hər iki tərəf üzvlükdən məmnun görünmür.

Türkiyə və NATO arasında yaranmış gərginlik səngimək bilmir. NATO baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək baş vermiş hadisəyə görə üzr istəyib.

Stoltenberq NATO təlimləri zamanı “Atatürk və Ərdoğan düşmənçiliyi” qalmaqalı ilə bağlı istintaq başladıldığını və hadisəyə səbəb olan Norveçdən olan texniki işçinin işdən kənarlaşdırıldığını bildirib. Baş katib bu cür hadisələrin Türkiyə NATO münasibətlərinə zərər vurmayacağına ümid etdiyini bildirib.

Ancaq görünən odur ki, qalmaqal sakitləşənə bənzəmir. Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu NATO-nu sərt şəkildə tənqid edərək “NATO-ya üzvlük məsələsinin yenidən müzakirə etmənin zamanı gəlmişdir” - deyib. “Sputnik”in xəbərinə görə, Topçu “bütün çevrilişlərin və hərbi sənayedə asılılığın arxasında NATO dayanır” deyə bildirib. Baş müşavir bu hadisələrin arxasında Türkiyəni hədəfə alan gizli məqsədlərin yatdığını, əsas hədəfin isə 2019-cu il Türkiyə prezident seçkiləri olduğunu deyib.

Xatırladaq ki, qalmaqala səbəb olan hadisə Norveçdə yerləşən NATO birgə Hərbi Mərkəzində 8-17 noyabr tarixlərində keçirilən “Trident Javelin” adlı NATO təlimlərində baş verib. Təlimlərin sonuncu günü simvolik “düşmən qüvvələri” ölkə liderləri fotoları sırasında Mustafa Kamal Atatürkün fotosu yerləşdirilib. Bundan başqa, təlimlərlə bağlı sosial media paylaşımında Ərdoğan adından saxta hesab açılıb və rəqib qüvvələri dəstəkləyən ifadələr verilib.

Bu detallar təlimlərə qatılan Türkiyə ordusu zabitləri tərəfindən aşkarlanıb. Hadisə barədə Türkiyə Baş Qərargahı məlumatlandırılıb və bundan sonra Türkiyə heyəti təlimlərdən geri çağırılıb. Ardınca Türkiyə prezidenti NATO-dakı hərəkəti sərt tənqid edərək bu hərəkətin müttəfiqliklə bir araya sığmadığını bildirib.

Yeri gəlmişkən, Türkiyə mediası artıq bu detalı üzə çıxaran zabiti də axtarıb tapıb. Məlum olub ki, NATO təlimlərində Türkiyə dövlət xadimlərinə qarşı həqarətləri tapıb aşkarlayan Türkiyə Hərbi-Dəniz Qüvvələrində xidmət edən mayor Ebru Nilhan Bozqurddur. Maraqlıdır ki, Bozqurd özü də bir neçə il əvvələ qədər orduda saxta ittihamlarla üzləşib və FETÖ işində adı keçən şəxslər tərəfindən xəyanətdə ittiham olunub. Ancaq daha sonra məhkəmədə bəraət alıb və yenidən orduda xidmətə geri dönüb.

Baş vermiş hadisəyə görə Y.Stoltenberq Türkiyədən həm yazılı, həm də şifahi şəkildə üzr istəyib. Ancaq görünən odur ki, bu, Ankaranı razı salmayıb. Türkiyə prezidenti isə olaya sərt reaksiya verib, “belə ittifaq, belə müttəfiqlik olmaz” deyib.

Məsələ ondadır ki, bu, ilk hadisə deyil. Üstəlik, görünən odur ki, Türkiyənin son illərdə Rusiya ilə yaxınlaşması, xüsusən də hazırda NATO və Rusiya arasında gərginliyin ən üst səviyyəyə qalxdığı bir zamanda Türkiyənin Rusiyadan S-400 Hava Hücumundan Müdafiə sistemləri alması Alyansda ciddi narazılıq yaradıb. Doğrudur, reaksiyalardan da sezilir ki, olay aşağı vəzifəli işçi və ya işçilərin təxribatı olub. Ancaq Ankaranın qəzəbli reaksiyası Alyansla münasibətlərdə ciddi problemlərin olduğunu göstərir.

Amma bu vəziyyətin, xüsusən də Norveçdə baş verən skandalın Topçunun dediyi kimi, Türkiyənin NATO üzvlüyündən çıxmasına qədər gətirəcəyi inandırıcı deyil. Türkiyə dövlət bürokratiyasının, ordunun bu qədər sərt qərara reaksiyası məlum deyil. Aydın məsələdir ki, hazırda Norveçdə baş verənlərə görə, cəmiyyətdə (bütün təbəqələrdə - K.R.) NATO-ya qəzəb var. Amma bu, sadəcə, təxribatdan dolayı yaranmış qəzəbdir. NATO-dan çıxmaq isə daha kəskin və sərt addımdır. Bunu bir hadisəyə cavab olaraq etmək olmaz. O da faktdır ki, Türkiyə NATO-da artıq neçə ildir ki, formal üzv kimi fəaliyyət göstərir. Qarşıdakı illərdə Türkiyə, ümumiyyətlə, NATO-ya ehtiyac duymaya bilər. Çünki NATO-da aktiv iştirak Türkiyənin Rusiya ilə əməkdaşlığına maneə ola bilər. Digər tərəfdən, son hadisələr göstərir ki, NATO daha əvvəlki kimi Türkiyənin silahlanmasında iştirak etmir. Ankara başqa ölkələrdən silah alır. Və nəhayət, regional münaqişələrlə bağlı Türkiyə daha çox müstəqil xətt yürüdür.

Bu mənada son hadisələr onsuz da soyuyan NATO-Türkiyə əlaqələrini daha da zəiflədəcək. Üstəlik, Türkiyə ictimai rəyində onsuz da Qərbə və onun atributuna çevrilmiş NATO-ya olan mənfi münasibət daha da pisləşəcək. Bu isə ayrılmağa doğru gedən yoldur./Yeni müsavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler