» » Tehran sammiti: mühüm geosiyasi aspektlər

Tehran sammiti: mühüm geosiyasi aspektlər

Bölmə: Siyasət
Tehran sammiti: mühüm geosiyasi aspektlər
İranın paytaxtında Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşünün keçirilməsinə ekspertlərin marağı böyük olub. Orada müzakirə olunan məsələlərin regional və qlobal inteqrasiyaya ciddi yardım edəcəyi qənaəti vardır. Müxtəlif kontekstlərdə təhlil edilən görüşün tarixi əhəmiyyətini də vurğulamaq lazımdır. Bu müzakirələr Azərbaycanın təklif etdiyi üçtərəfli əməkdaşlıq formatı çərçivəsində baş tutub. Birinci zirvə görüşü Bakıda keçirilmişdi. Tehran sammiti ikinci addımdır. Gələn il prezidentlər Rusiyada görüşməyi qərara alıblar. Bu prosesin davamlı olması proqnozlaşdırılır. Çünki müzakirələrdə əhəmiyyəti olan geosiyasi, iqtisadi, ekoloji, mədəni, enerji, təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparılır və müəyyən qərarlar qəbul edilir. Onların reallaşması istiqamətində də konkret addımlar atılır. Azərbaycanın maraqları baxımından da bu prosesin əhəmiyyəti çoxdur. Biz məsələnin həmin kontekstdə başlıca geosiyasi məqamları üzərində dayanmaq istərdik.

Bakı təşəbbüsü: Tehrana aparan yol

Azərbaycanın yeni əməkdaşlıq formatlarının təşəbbüskarı olduğu yüksək səviyyələrdə qəbul edilmiş faktdır. Keçən il Bakıda Rusiya, İran və Azərbaycan dövlət başçılarının həmin çərçivədə apardıqları müzakirələr regional əlaqələrin inkişafında vacib mərhələ kimi qiymətləndirilib. Ekspertlər rəsmi Bakının bu istiqamətdə əhəmiyyətli addım atdığını yekdilliklə vurğulayıblar. Yenə də üç dövlət başçısının – Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehrandakı görüşü Bakının təklif etdiyi əməkdaşlıq formatının çox səmərəli olduğunu təsdiqləyib. Məsələ heç də görüşlərin sayında deyil. Bu formatın sanbalı müzakirə olunan məsələlərin geosiyasi miqyası, alınan qərarların əhəmiyyəti və onların tam olaraq yerinə yetirilməsi ilə bağlıdır.

Tehran sammitinə bu prizmadan baxanda onun regional əməkdaşlıq və təhlükəsizliyin təmini istiqamətində irəliyə doğru atılmış bir addım olduğunu qəbul etmək gərəkdir. Rusiya, Azərbaycan və İran ekspert dairələrinin də verdikləri qiymət bu ruhdadır. Maraqlıdır ki, Avropa KİV-i də Tehran müzakirələrinə yer verib. Onlar bu prosesin bütövlükdə təhlükəsizlik və əməkdaşlığa ciddi töhfə verdiyi qənaətindədirlər. Görüşün başlıca məqamlarının təhlili həmin tezisin doğruluğunu sübut edir.

Tehrandakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu əməkdaşlıq formatının təməlində dayanan və təbii olan əsas məqamı vurğulayıb. Dövlət başçısı deyib: "Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm İran, həm də Rusiya ilə sərhədləri var. Ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığımızın önəmli amilidir. Xalqlarımızın tarixi əlaqələri isə üç ölkə arasında tərəfdaşlığın möhkəm təməlini təşkil edir"

Dövlət başçısı bunun beynəlxalq geosiyasi miqyasda əsası olduğunu da dolğun və lakonik ifadə edib. Fikirlərinə davam edən İlham Əliyev bildirib ki, "Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətimizi qeyd etmək istərdim. Biz BMT çərçivəsində də fəal əməkdaşlıq edirik" (bax: əvvəlki mənbəyə).

Bu cümlələrdə üçtərəfli əməkdaşlıq formatının məzmun və məramını gözəl ifadə edən məqamlar mövcuddur. Konkret deyilsə, söhbət ondan gedir ki, Azərbaycan Rusiya və İranla ilk növbədə beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq əməkdaşlıq edir. Onun təsdiqlərindən biri də hər iki ölkə ilə müxtəlif beynəlxalq təşkilatlardakı əməkdaşlıqdır. Bu, Azərbaycanın hər iki böyük dövlətlə yalnız müstəqil, suveren və xeyirxah ölkə kimi əlaqələr qurduğunun nümayişidir. Azərbaycan regional miqyasda müstəqil oyunçudur, o, atdığı addımlarda hər şeydən öncə milli maraqları əsas götürür.

Bu fikirlərdə yuxarıda vurğulanan məqamlardan əlavə üçtərəfli əməkdaşlıq formatının mərkəzi faktorunun təbii olaraq Azərbaycan olduğu dəqiqlik və incəliklə vurğulanıb. Dövlət başçısı onun iki aspektini xüsusi olaraq önə çəkib. Birincisi, Azərbaycan dövlət kimi Rusiya və İranla sərhədi olan yeganə ölkədir. Regionda bu cür əlverişli siyasi-coğrafi mövqeyi olan ikinci dövlət yoxdur. O cümlədən Ermənistan və Gürcüstan bu mövqedə deyillər. Deməli, Azərbaycanın müstəqil dövlət kimi regionun iki nəhəng gücü – Rusiya və İranın uzunmüddətli əməkdaşlığına ciddi töhfə verə biləcək ölkədir. Bu səbəbdən həm Moskvanın həm də Tehranın Bakı ilə səmərəli əməkdaşlıq etməyə marağı vardır.

Üçtərəfli əməkdaşlığın geosiyasi aspekti: Azərbaycan mərkəzi rol oynayır

Onu deməliyik ki, həmin fakt kifayət qədər ciddi geosiyasi məzmuna malikdir. Çünki müasir qlobal proseslərdən aydın görünür ki, Rusiya və İran kimi böyük dövlətlərin əməkdaşlığı onların təhlükəsizliyi üçün böyük önəm daşıyır. Əgər bu tam miqyasda baş tutmazsa, Moskva və Tehranın özü çətin duruma düşər. Azərbaycanla əməkdaşlığa olan böyük ehtiyacın mühüm aspektini həmin özəllik təşkil edir.

Yeri gəlmişkən, İran və Ermənistanda bəzi ekspertlər məsələnin bu tərəfini qəsdən arxa plana çəkmək istəyirlər. Rusiya KİV-də bir iranlı ekspert Azərbaycanı ikinci dərəcəli tərəfdaş qismində və əsas olaraq İranla Rusiyanın əməkdaşlığından tam asılı bir tərəfdaş kimi təqdim etməyə çalışıb. Tehran Universitetinin dekanı Seyid Məhəmməd Mərəndi hesab edir ki, "... Azərbaycan İranla Rusiya arasında ticarətin daha səmərəli olması aspektində vacib ölkədir..." (bax: Встреча трёх президентов: на пути к более тесному сотрудничеству / "Валдай", 3 noyabr 2017). Məsələyə bu cür baxış birtərəflidir. Çünki üçtərəfli əməkdaşlıq formatı yalnız iqtisadi sfera ilə məhdudlaşmır və həm də burada bütün tərəflər bərabərhüquqludurlar, onların əməkdaşlığı qarşılıqlı faydalılıq prinsipinə əsaslanır. Bu səbəbdən Azərbaycanı İranla Rusiyanın iqtisadi əməkdaşlığına xidmət edən tərəf kimi göstərmək ciddi yanlışlıqdır.

Təxminən eyni mövqe erməni və onlara yaxın ekspert dairələrində müşahidə edilir. Məsələn, Stanislav Tarasov yazır ki, "Azərbaycan-Rusiya-İran üçlüyündə zəif həlqə Azərbaycandır"

Bu cür birtərəfli və qərəzli qiymətləndirmənin səbəblərini başa düşürük. Elə dairələr var ki, Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsindən ciddi narahatdırlar, onlar Bakının təşəbbüslərinə kölgə salmağa çalışırlar. Reallıq isə ondan ibarətdir ki, məhz Azərbaycan Rusiya və İranı regional məsələlərdə bir araya gətirə bilən konkret əməkdaşlıq formatını irəli sürüb. Bakı bu əməkdaşlığın tam mənası ilə bərabərhüquqlu və vacib bir tərəfini təşkil edir. Əgər Bakı kənara çəkilsə, onda Mərəndi və Tarasovun "arqumentləri" də havada qalmış olacaq. Bakının geniş manevr imkanlarının olduğu hamıya məlumdur.

Əslində, Rusiya ekspert dairələri Tehran görüşünü daha obyektiv analiz edirlər. Onlar bütövlükdə Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolu açıq yazırlar. Bu bağlılıqda mütəxəssislər Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması məsələsini önə çəkirlər. Bu layihə sözün həqiqi mənasında böyük geosiyasi təsiri olan faktordur. Məsələ ondan ibarətdir ki, həmin dəhliz vasitəsilə Hindistandan başlayıb Mərkəzi Asiyadan keçən ticari marşrut İran-Azərbaycan-Rusiya xətti ilə məhsulları Avropaya çatdırmağa imkan yaradır. Artıq bunun ilk sınağı keçirilib – Hindistandan yüklənən mallar Sankt-Peterburqa çatdırılıb. Tehran sammitində də dövlət başçıları bu məqama xüsusi diqqət yetiriblər. Şimal-Cənub dəhlizinin işə salınmasının qlobal miqyasda əməkdaşlığa yeni təkan verəcəyi vurğulanıb.

Azərbaycan bu prosesdə kifayət qədər fəal rol oynayır. Bakı Astaradan İran ərazisinə qədər dəmir yolu çəkir. İran tərəfdə də 14 hektar ərazini uzunmüddətli icarəyə götürərək, orada da dəmir yolu xətti çəkir. Yəni Azərbaycan, əslində, Şimal-Cənub dəhlizinin Rusiya və İranla olan sərhəd hissəsində aparıcı rol oynayır. Şimal tərəfdə Xaçmaz istiqamətində gömrüyə qədər olan hissədə avtomobil yolunun tikintisinin son mərhələsidir. O hissə yüksək səviyyədə inşa edilib. Cənubda isə vurğuladığımız kimi, hətta İran ərazisində tikinti işləri apara bilirsə, Azərbaycan bu layihənin əhəmiyyətli iştirakçısıdır.

Bütün bunları nəzərə alaraq rusiyalı ekspert Konstantin Truevtsev yazır: "Aydındır ki, strateji qazancı bütün iştirakçı ölkələr əldə edir. Sonra isə bu, layihəyə İndoneziya, Malayziya və Cənub-Şərqi Asiyanın başqa ölkələrinin qoşulması perspektivini açır. Bu dəhliz Çinin "Böyük İpək Yolu" layihəsində iştirak etməyən ölkələr üçün əlavə imkanlar açır. Rusiya, Azərbaycan və İran üçün o, yalnız birbaşa iqtisadi qazanc vəd etmir, həm də əlavə rəqabət üstünlükləri gətirir" (bax: Константин Труевцев. Россия-Азербайджан-Иран: контуры трёхсторонней стратегии / "Валдай", 2 noyabr 2017).

Şimal-Cənub dəhlizi qlobal kontekstdə: marşrutlar Bakıda kəsişir

Vurğulanan fikirlərdə Şimal-Cənub dəhlizinin geosiyasi əhəmiyyəti üç aspektdə ifadə olunub. Birinci aspekt Uzaq Şərqdən tutmuş Avropaya qədər çoxlu sayda ölkənin bu layihədən faydalanmaq imkanının olması ilə bağlıdır. Həmin mənada dəhliz, əslində, qlobal əməkdaşlığın müasir nümunələrindən biridir. İkinci aspekt "Yeni İpək Yolu" layihəsindən kənarda qalan ölkələrin birgə əməkdaşlığı üçün şans yaranması ilə əlaqəlidir. Bura kifayət qədər ölkə daxildir. Məsələyə bu reallıq müstəvisində baxdıqda Şimal-Cənub dəhlizi layihəsində açar dövlətin Azərbaycan olduğunu görürük. Bu tezisin əsaslı sübutu vardır.

Azərbaycan "Yeni İpək Yolu" layihəsinin aktiv və əsas iştirakçılarından biridir. Onun ərazisindən Şərq-Qərb dəhlizi keçir. Azərbaycan həm də bu kimi proyektlərin işləyə biləcəyi infrastruktura malikdir. Misal: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Supsa, TAP, TANAP! Bu layihələrin hər biri qlobal əməkdaşlığı təmin edə biləcək müasir infrastruktur şəbəkəsinin mövcudluğu deməkdir. İkinci elə bir ölkə yoxdur ki, bu səviyyədə müxtəlif marşrutları özündə birləşdirsin. Deməli, Azərbaycan 60-dan çox ölkənin əsas iştirakçısı olduğu nəhəng qlobal bir layihənin Cənubi Qafqazda açar ölkəsidir!

İndi məsələyə Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycanın rolu kontekstində baxaq. Ekspertlər vurğulayırlar ki, "Yeni İpək Yolu" layihəsindən kənarda qalan onlarla ölkə bu proyektdən istifadə edə bilər. Və həmin marşrutun Cənubi Qafqazdakı hissəsi tam olaraq Azərbaycandan keçir. Onda məhz Azərbaycan müasir dövrün iki nəhəng əməkdaşlıq layihəsinin kəsişdiyi məkandır! Hər iki layihənin Bakıya ehtiyacı var. İkinci belə bir rol oynaya biləcək ölkə varmı? Yoxdur! Deməli, rusiyalı ekspertin vurğuladığı məqam əhəmiyyətli geosiyasi mənası olan faktorlarla sıx əlaqəlidir. Azərbaycanın "əlavə rəqabət üstünlüyünə" sahib olması tezisi arxasında duran məqamlardan biri bundan ibarətdir. Bu, üçüncü aspekti ifadə edir.

Tehran sammitinin geosiyasi əhəmiyyətini ifadə edən digər faktor Rusiya-Azərbaycan-İran enerji körpüsünün yaranması ilə bağlıdır. Bu məsələni gündəmə Moskva gətirib və Bakı ona aktiv dəstək verir. Burada üç Xəzəryanı ölkənin enerji sisteminin birləşdirilməsindən söhbət gedir. İndi Rusiya, Azərbaycan və İran arasında elektrik enerjisi sisteminin birləşdirilməsi prosesi aparılır. Sərhəd bölgələrində qarşılıqlı enerji mübadiləsi mövcuddur. Bu prosesin inkişaf etdirilməsi gözləniləndir.

Həmin bağlılıqda Tehran görüşündə, ümumiyyətlə, üç dövlətin karbohidrogen ehtiyatlarından istifadə məsələsində koordinasiyalı, qarşılıqlı məsləhətləşmə və bir-birinin maraqlarını gözləmə kontekstində imkanların müzakirəsi ekspertlərin diqqətini çəkib. Onlar haqlı olaraq vurğulayırlar ki, məsələnin bu tərəfi mürəkkəbdir və çoxlu sayda faktorlardan asılıdır. Lakin Rusiya-OPEK əlaqələri təcrübəsi göstərir ki, bir sıra punktlarda ortaq mövqe nümayiş etdirmək olar. Tərəflər hesab edirlər ki, aradan qaldırıla bilməyəcək problemlər yoxdur. Hətta prosesləri rəqabətlilik müstəvisindən strateji tərəfdaşlıq mövqeyinə keçirmək şansı üzərində düşünmək olar (bax: əvvəlki mənbəyə). Çox maraqlı yanaşmadır və regionun geosiyasi reallıqlarına uyğundur.

Azərbaycan tərəfdən hər hansı bir maneənin ola biləcəyini düşünmürük. Lakin bu istiqamətdə konkret nəticələrin yalnız Ermənistanın təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra mümkün ola biləcəyini proqnozlaşdırırıq. Çünki Rusiya və İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdə real yardım göstərməsələr, enerji sahəsi kimi strateji bir məsələdə əməkdaşlıqdan söhbət gedə bilməz. Deməli, Moskva və Tehranın çox arzuladığı bu məsələ onların regional siyasətlərinə ciddi düzəliş etmələrinə bağlıdır. Sözdə Azərbaycanı dost, qardaş, ortaq tarixi olan ölkə saymaq mərhələsi arxada qaldı. İndi real olaraq ədalətli mövqe tutmaq zamanıdır!

Tehran müzakirələrində yer almış Xəzərin statusu məsələsi də bu kontekstdə kifayət qədər aktual problem olaraq qalır. Hər üç dövlət başçısı həmin aspektə diqqət yetiriblər. Xüsusilə Rusiya və İran prezidentləri bu məqamı vurğulayıblar. Onların marağı aydındır. Xəzərin enerji ehtiyatlarından beynəlxalq layihələr çərçivəsində istifadədə Azərbaycan liderdir. Həm konkret əməkdaşlıq müqavilələri, həm daşınma marşrutu, həm də axtarış-kəşfiyyat işlərində Bakı geniş surətdə dünyanın nəhəng enerji şirkətləri ilə uğurlu əməkdaşlıq edir. Bu yaxınlarda Azərbaycan 2050-ci ilə qədər enerji sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzaladı. Orada Rusiya və İranın iştirakı yoxdur. Ancaq bu, Azərbaycanın deyil, Moskva və Tehranın seçimidir.

Eyni zamanda, Azərbaycan TAP, TANAP, "Cənub Qaz Dəhlizi" kimi layihələri reallaşdırmaqla Xəzərin əhəmiyyətli beynəlxalq marşrut məkanına çevrilməsinə ciddi töhfə verməkdədir. Görünür, bu kimi məqamlar Rusiya və İranı bir az fəallaşdırıb. Onlar Xəzərin geosiyasi-hüquqi statusu məsələsini gündəmdə saxlamaqla müəyyən məqsədlər güdürlər. Bakı dəfələrlə bəyan edib ki, problemin ədalətli həllinə hazırdır. Tehranda da Rusiya və İran prezidentlərinin tez-tez "Xəzəryanı ölkələr" ifadəsini işlətməsini başa düşmək olar.

Terrorla mübarizə: Moskva və Tehran Bakının yanındadırlarmı?

Bu məsələ həm də ekspertlərin vurğuladığı bir faktorla sıx bağlıdır. Biz Rusiya-Azərbaycan-İran əməkdaşlığının iqtisadi sferadan siyasi müstəviyə transformasiyası imkanlarını nəzərdə tuturuq. Bu məsələnin tərəfləri çoxdur: təhlükəsizlik, müdafiə məsələləri, terrorla mübarizə, narkoticarətə qarşı birgə mübarizə, ekoloji vəziyyət və s. Hər üç dövlət üçün xarici siyasətin diversifikasiyası istiqamətində əlavə imkanlar meydana çıxır. Hazırda bu çərçivədə iki məsələnin önəminin daha çox olduğunu ekspertlər vurğulayırlar. Onlardan birincisi Ermənistanın terroru dəstəkləməsinə olan münasibət, ikincisi isə Suriyadakı vəziyyətdir.

Azərbaycan üçün təbii ki, erməni terroru daha önəmlidir. Maraqlıdır ki, Tehranda Rusiya və İran Suriyada İŞİD-i tam darmadağın edənə qədər əməkdaşlıqdan bəhs ediblər, lakin Ermənistanla bağlı bir kəlmə də olsun KİV-ə məlumat verilməyib. Yəni strateji tərəfdaş olan Azərbaycanın terrorla bağlı ən ağrılı məsələsinə belə münasibəti ədalətli və normal saymaq olarmı? Təbii ki, olmaz! Həm də Suriyadakı hadisələrə belə aktiv müdaxilə fonunda bu, nonsens təsiri bağışlayır! Hesab edirik ki, Moskva və Tehran bu ziddiyyəti ciddi surətdə nəzərə almalıdırlar.

Onu deyək ki, erməni terroru başqa faktorlarla yanaşı, İŞİD-lə mübarizə aspektində də təhlükəsini özündə saxlayır. Çünki İŞİD Qafqaza doğru hərəkət etsə, onun buradakı müttəfiqi mütləq erməni terrorçuları olacaq. Onlar açıq, yaxud gizli şəkildə müxtəlif təxribatlar törətməklə işidçilərə dəstək verəcəklər ki, vəziyyət qeyri-müəyyən olsun. Belə şəraitdə ermənilər işğalçılıqlarını davam etdirə bilirlər.

Bunlar onu göstərir ki, Tehran sammiti terrorla mübarizədə Rusiya və İranın zəif tərəflərini bir daha nümayiş etdirdi. Onlar da Qərb dövlətləri kimi terrorun bütün formalarına qarşı eyni dərəcədə obyektiv ola bilmirlər. Nəticədə, ciddi iqtisadi, enerji və nəqliyyat əməkdaşlığına malik olduğu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə heç bir real töhfə vermirlər. Bu, heç kimin gözündən qaçmır.

Bütün bunlar Rusiya-İran-Azərbaycan əməkdaşlığının geosiyasi perspektivləri haqqında hansı nəticələri çıxarmağa imkan verir? Öncə qeyd edək ki, bütövlükdə bu, səmərəli bir əməkdaşlıq formatıdır. Regional səviyyədə gərginliyin azaldılmasında və inteqrativ tendensiyanın güclənməsində onun əhəmiyyəti böyükdür. Artıq təsdiq olunur ki, bu üçtərəfli əməkdaşlığın regional miqyasla yanaşı qlobal səviyyədə də ciddi surətdə müsbət təsiri vardır. Bura iqtisadi, ticari və nəqliyyat sferaları ilə bərabər geosiyasi-təhlükəsizlik aspektləri də daxildir.

Eyni zamanda, Tehran sammiti bir daha Azərbaycanın haqlı tələblərinə əməl edilməsi zərurətini nümayiş etdirdi. Konkret olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin zamanı yetişib, hətta gecikmə vardır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə bu problemi aradan qaldırmaq imkanı çox az görünür. Lakin regionun böyük dövlətləri birləşib, münaqişəni həll edə bilərlər. Bunun üçün təcavüzkarı yerində oturtmaq kifayətdir. Məsələ ondan ibarətdir ki, bu, baş verməsə Şimal-Cənub dəhlizinin uzun müddət işləməsi mümkün deyildir. Çünki Ermənistanın təcavüzü davam etdikcə regionda təhdidlər qalır və vəziyyət istənilən an nəzarətdən kənara çıxa bilər. Bütün bunlara görə, ola bilsin ki, növbəti Moskva sammitinə qədər regionda fərqli vəziyyət formalaşsın.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler