» » İsa Qəmbər Müsavatı şəxsi maraqlarına qurban verdi

İsa Qəmbər Müsavatı şəxsi maraqlarına qurban verdi

Bölmə: Siyasət
İsa Qəmbər Müsavatı şəxsi maraqlarına qurban verdiArif Hacılını başqan qəbul etməyənlər yeni fraksiya yaradırlar
Müsavat Partiyasında hər an parçalanma baş verə bilər. Partiya məclisinin oktyabrın 27-də keçirilən iclasında qurultayla bağlı qəbul etdiyi bəyanat sabiq başqanlığa namizəd Qubad İbadoğlunu və onun tərəfdarlarını daha da hiddətləndirib.

Əvvəlcə qeyd edək ki, A.Hacılı artıq özünə müavinlər seçib. Bunlar Tofiq Yaqublu, Yadigar Sadıqlı, Fərəc Kərimli, Gülağa Aslanlı, Osman Kazımov, Nüşabə Sadıqlı, Elman Fəttah və Səxavət Soltanlıdır. 15 nəfərdən ibarət olacaq Divana 10 nəfər seçilib. Köhnə Divan üzvlərindən İsa Qəmbər, Arzu Səmədbəyli, Gülağa Aslanlı, Qubad İbadoğlu, Vurğun Əyyub, Mehman Cavadoğlu, Almaz Əliqızı, Məryəm Oruclu, Tural Abbaslı və Hökümə İbrahimli isə yeni Divanın üzvü deyillər. Qeyd edək ki, onların heç birinin Divan üzvlüyünə namizədliyi olmayıb. Ən maraqlı məqamlardan biri İsa Qəmbərin Divan üzvlüyünə namizədliyini verməməsi hesab edilir. Sabiq başqan Divan üzvlüyünə namizədliyini nə üçün irəli sürməməsinin səbəbini hələ ki açıqlamayıb. Proqnozlara görə, bu siyahıdakı 10 nəfərdən Arzu Səmədbəyli məclis sədri seçilə bilər, bu zaman o, avtomatik olaraq Divan üzvü statusu qazanacaq. Sözügedən 10 nəfərdən Gülağa Aslanlı və Almaz Əliqızının isə boş olan və seçki keçirilməsi nəzərdə tutulan üç Divan üzvü yerinə seçkilərdən sonra Divanda təmsilçilik əldə edəcəkləri də ehtimal edilir.

Məclisin bəyanatından sonra isə vəziyyət kritik həddə çatıb. Öncə məclis üzvü Vurğun Əyyubun açıqlama verərək özünü Müsavat Partiyasının məclis üzvü hesab etmədiyini qeyd edib. V.Əyyub bildirib ki, qurultayda keçirilmiş seçkilərin nəticələrini legitim saymadığı üçün partiyanın toplantılarına qatılmır: "Bundan sonra da məclisin toplantılarında iştirak etmək niyyətim yoxdur". Bu fikirlə demək olar ki, V.Əyyub partiyadan ayrıldığına işarə vurur.

Xatırladaq ki, bəyanatdan öncə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sədri Arif Hacılı haqda kəskin fikirlər səsləndirmişdi. Arif Hacılının başqan seçilməsini İsa Qəmbərin layihəsi adlandıran S.Əlisoy vurğulamışdı ki, Arif Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. Onun sözlərinə görə, İsa Qəmbər onun arxasından çəkilsə, A.Hacılı 2006-cı ildə olduğu kimi, partiyadan getmək barədə qərar qəbul edər.

Oktyabrın 27-də məclisin qəbul etdiyi bəyanatda isə maraqlı məqamlar var. Öncə nəzərə çatdıraq ki, qurultaydan dərhal sonra Qubad İbadoğlunun tərəfdarları faktlar əsasında səsvermədən öncə və səsvermə zamanı baş verən qanun pozuntuları barədə geniş açıqlamalar verdilər. Hətta Q.İbadoğlu əllərində videomaterialların olduğunu da söylədi. Bununla yanaşı, media nümayəndələrinin qurultaydan hazırladığı video və fotoreportajlarda qanun pozuntularını hər kəs görmüş oldu. Amma bəyanatda iddia edilir ki, səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, qurultayda hər hansı pozuntular barədə faktlar ortaya qoya bilməsələr də, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürür, qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Bu, artıq o deməkdir ki, yeni başqan Arif Hacılının tərəfdarları Qubad İbadoğlu və onu dəstəkləyən şəxslərə meydan oxuyur və onların şikayətlərinin yalnız kağız üzərində qalacağını bildirirlər. Bu azmış kimi, məclis partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırıb. Yəni, bundan sonra partiya və A.Hacılının əleyhinə fikir səsləndirənlərə qarşı ciddi tədbirlər görüləcək.

Bu bəyanatdan sonra Səxavət Əlisoy bir daha açıqlama verərək Müsavat Partiyası məclisinin bəyanatının onun üçün önəmli olmadığını söyləyib. O, Müsavat məclisinin bəyanatına münasibət bildirərkən qeyd edib ki, partiya saxtakarlıqlar barədə şikayətləri araşdırmalıdır.

Müsavat məclisinin bəyanatına münasibət bildirən keçmiş başqanlığa namizəd Qubad İbadoğlu isə sərt danışıb: "Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) bizim müraciətimiz əsasında qurultaya qədər təşkilat komitəsinin işində, qurultay günü isə səsvermə prosedurlarındakı pozuntulara dair araşdırması başa çatmadan və rəyi açıqlanmadan Müsavat məclisi siyasi bəyanat verməli deyildi". Q.İbadoğlu bildirib ki, MNTK-nın araşdırması bitmədən qurultaydan sonrakı ilk məclisdəki çıxışlar və bəyanat yalnız bir qrupun mövqeyini ifadə edir: " Odur ki, bu açıqlamaları və bəyanatı MNTK-nın işinə təzyiq kimi qiymətləndirirəm".

Qeyd edək ki, artıq Müsavat məclisinin toplantılarına Qubad İbadoğlunun tərəfdarları qatılmır. Narazı namizədlər və tərəflər Müsavat Partiyası daxilində hazırkı rəhbərliyə müxalif olacaq fraksiya yaradırlar. Fraksiyanın əsas təşəbbüskarı qurultayda başqanlıq seçkisi zamanı namizəd olan Tural Abbaslıdır. T.Abbaslı həmin seçki zamanı 19 səs toplamışdı. Bildirilir ki, artıq T.Abbaslı və tərəfdarları digər məğlub olan namizəd Q.İbadoğlunun tərəfdarları ilə danışıqlara başlayıb. Q.İbadoğlu hazırda xaricdədir, qayıtdıqdan sonra özü ilə danışıqlar aparılacaq. O, fraksiyada iştirak etməyə razılıq verəcəyi təqdirdə, fraksiya həmsədrlik institutu əsasında fəaliyyət göstərəcək. Müzakirə prosesindən asılı olaraq fraksiyanın yarandığı yaxın günlərdə elan edilə bilər. Yeni fraksiyanın adı haqda konkret qərar verilməsə də, "Gənclər fraksiyası" adı ilkin variant kimi müzakirə edilir. T.Abbaslı özü də yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, fraksiya ilə bağlı yayılan xəbərlər doğrudur: "Bu istiqamətdə çoxdan müzakirələr aparılır, danışıqlar gedir. Qubad bəyin tərəfdarları da vaxtikən bu fikirdə olublar, biz də bu məsələləri müzakirə etmişik".

Belə görünür ki, qurultaydan narazı qalanlar və A.Hacılının başqanlığını qəbul etməyənlər öz fikirlərindən dönməyəcəklər. Açıq-aşkar hər iki tərəf qarşıdurmaya gedir. A.Hacılı rəqiblərinə qarşı loyal davranacağını söyləsə də, görünən odur ki, Q.İbadoğlunu və tərəfdaşlarını Müsavat Partiyasından hansısa yolla uzaqlaşdırmağa çalışır. Bu, baş verərsə, sabiq başqan İsa Qəmbər istəyinə çatmış olacaq. Çünki bütün proseslər göstərdi ki, İsa Qəbər Müsavat Partiyasından yalnız şəxsi maraqları naminə yararlanırmış. Artıq Müsavatda hansı proseslərin baş verəcəyi sabiq başqanı heç maraqlandırmır da.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler