» » Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Bölmə: Siyasət, MANŞET
Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab
Generalların zirvə görüşü: Bakı-Tiflis-Ankara oxu güclənir; Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçlü görüşünə sayılı günlər qalmış üç ölkə Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Tiflis təmasının pərdəarxası; bu, Ermənistanla yanaşı, onun işğal ortağına da mesajdır...

Azərbaycan iki mühüm qonşusu - qardaş Türkiyə və Gürcüstanla strateji əməkdaşlığı dərinləşdirməkdə davam edir. Bu əməkdaşlıq təkcə iqtisadi-ticari, humanitar və energetika sahələrini əhatə etmir (Azərbaycan və Türkiyə Gürcüstan iqtisadiyyatının əsas xarici investorları və sponsorlarıdır), ən önəmlisi, hərbi və hərbi-texniki sferanı da özündə ehtiva edir. Üç ölkənin prezidentləri ilə yanaşı, vaxtaşırı müdafiə nazirləri də Bakı, Tiflis və Ankarada bir araya gəlir, ortaq müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edirlər.

Bu xüsusda bir neçə ay öncə Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin bölgədən Avropaya uzanan strateji neft-qaz kəmərlərinin təhlükəsizliyinin daha effektli təmin edilməsinə yönəlik ortaq hərbi təlimlərini yada salmağa dəyər. İşğalçı Ermənistandan bu kəmərlərin hədəf alına biləcəyi ilə bağlı zaman-zaman səslənən hədələri nəzərə alsaq, həm bu cür ortaq təlimlər, həm də və bütövlükdə üç qonşu və strateji müttəfiq arasında digər sahələrdə üçlü formatda ildən-ilə dərinləşən əməkdaşlıq təcavüzkar qonşuya ən layiqli cavab və xəbərdarlıq mesajlarıdır.

Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Bu əməkdaşlığın növbəti parlaq təzahürü, İrəvana isə növbəti göz dağı kimi, 12 gün sonraya - oktyabrın 30-na planlaşdırılan və Ermənistanın iqtisadi-kommunikasiya təcridini gücləndirəcək Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimini qeyd eləmək lazım gəlir. Xəbər verildiyi kimi, açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstanın prezidentləri şəxsən edəcəklər (Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan həmin tarixdə Bakıda olacaq).

****

Dünən - prezidentlərin üçlü görüşündən 13 gün qabaq isə Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli təması keçirilib. Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak ediblər.

Məlumatlara görə, generallar üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə habelə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər (APA).

Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər. Görüşün yekununa dair sənəd imzalanıb. Azərbaycanın müdafiə naziri həmçinin Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla ikili formatda görüşüb. Z.Həsənov və H.Akar iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

*****

Diqqət edildisə, bu dəfə müdafiə nazirləri yox, sırf Silahlı Qüvvələrin Baş Qərargah rəisləri bir araya gəlib. Bu da regiondakı həssas duruma, ilk növbədə də Qarabağ münaqişə ətrafında mövcud olan kritik situasiya və Rusiyanın bölgədə fəallaşmasına, onun öz forpostu Ermənistanı sürətlə silahlandırmaqda davam eləməsinə, regionda və dünyada güclənən separatizm dalğasına adekvat sayıla bilər.

Generalların üçlü formatda Tiflis təması ələlxüsus işğalçı Ermənistanın öz əsas qonşularına qarşı davam edən radikal davranışları fonunda mühüm önəm kəsb edir. Söhbət İrəvanın Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstana qarşı da on illərdir sürən əsassız ərazi iddialarından gedir.

Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Bəllidir ki, qardaş Türkiyəyə qarşı torpaq iddiası Ermənistanın hətta konstitusiyası və gerbində də əksini tapıb - Ağrı dağı (ermənilər “Ararat” deyir). Bu günlərdə isə bəlli oldu ki, Cavaxetiyada Rusiyanın “dirijor çubuğu” ilə erməni separatizmi yenidən baş qaldırmaq istəyir.

*****

Generalların dünənki Tiflis görüşü, nəhayət, ondan bir gün öncə Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında uzun fasilədən sonra reallaşan və işğalçı tərəfin günahı üzündən nəticəsiz yekunlaşan növbəti görüşü kontekstində əhəmiyyətli sayılmalıdır.

Məsələ ondadır ki, həmin görüşdən dərhal sonra Sərkisyan Ermənistanın İsveçrədəki səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşüb və Qarabağ məsələsində ənənəvi təxribatçı mövqeyini bir daha ortaya qoyub. Sitat: “Bir neçə dəqiqə əvvəl Azərbaycan prezidenti ilə görüşümüz başa çatdı. Hansısa konkret razılaşma yoxdur. Biz razılaşmışıq ki, ön xətdə itkilərdən qaçmaq üçün gərginliyin böyük ölçüdə azaldılmasına yönəlik tədbirlər görək. Azərbaycan prezidenti və mən bu işdə çox maraqlıyıq”.

Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Lakin bunun ardınca o, Qarabağ probleminin yeganə həll yolu kimi separatçı rejimin müstəqil və Azərbaycanın qanuni sərhədlərindən kənarda mövcud olmalı olduğunu deyib. “Bir məsələdə istərdim ki, əmin olasınız. Bizim üçün Qarabağın təhlükəsizliyinə zərər vuracaq hər hansı qərar mövcud deyil. Bizim üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycandan kənarda olmamasıdır. Heç vaxt heç bir erməni lider başqa cür qərar qəbul edə bilməz. Biz bunun üçün hər şeyi edəcəyik” - Sərkisyan bildirib.

Bu da faktiki surətdə elə müharibə yolunun seçilməsi, sülh danışıqlarının sıfırlanması və Azərbaycana başqa variantın saxlanmaması deməkdir. Çünki Azərbaycan konfliktin birmənalı olaraq özünün ərazi bütövlüyü çərçivəsində həllini tələb edir və bunun üçün lazım gələrsə, bütün vasitələrdən istifadə haqqını özündə saxlayır. Rəsmi Bakı dəfələrlə və açıq şəkildə bəyan edib ki, heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə izn verməyəcək və “bunu gözləyənlər boşuna gözləyir”.

Sərkisyanın Cenevrə həyasızlığına 3 qonşudan sərt cavab

Bu mənada Ermənistan prezidentinin Cenevrə görüşündən sonra tez-tələsik Dağlıq Qarabağı “Azərbaycandan kənarda”, “müstəqil” görmək istəyində israrı konfliktin dinc həll perspektivinə olan kövrək ümidləri də basdırır. Odur ki, generalların Tiflis görüşü Sərkisyanın Cenevrə həyasızlığı və radikallığına qarşı qonşularından sərt təpki və ismarış da sayıla bilər. Bu, region ölkələrinin ərazi bütövlüyü prinsipini Ermənistanla birgə ayaqaltı edən İrəvanın işğal ortağına da mesajdır təbii ki./musavat.com/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler