» » Türkiyə-Rusiya yaxınlaşması - Qarabağ nizanmlaması da yaxınlaşırmı?

Türkiyə-Rusiya yaxınlaşması - Qarabağ nizanmlaması da yaxınlaşırmı?

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Türkiyə-Rusiya yaxınlaşması - Qarabağ nizanmlaması da yaxınlaşırmı?
Sülh danışıqları ilə bağlı yenə də nikbin proqnozlar səslənməyə başlayıb, ancaq ekspertlərin təxminləri birmənalı deyil; türkiyəli analitik: “Ankara və Kreml Suriya və İraqın ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış eləsə də...”; prezidentlərin növbəti görüşünün yeri məlum oldu...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün öncə Ukrayna səfəri çərçivəsində Krımla bağlı verdiyi bəyanatın sözsüz ki, Dağlıq Qarabağ məsələsinə və Azərbaycana da birbaşa dəxli var. Xəbər verildiyi kimi, Ərdoğan Krımın Rusiya tərəfindən ilhaqını Ankaranın heç vaxt tanımayacağını bəyan eləməklə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə Türkiyənin sadiqliyini bir daha ortaya qoyub.

Təbii ki, qardaş ölkənin Qarabağ məsələsində mövqeyi də analoji xarakter daşıyır və Ankara birmənalı şəkildə Azərbaycanın yanındadır - üstəlik, hər cür dəstək verməklə. Separatizmi pisləyən Türkiyədən fərqli olaraq, Rusiya isə postsovet ölkələrində dağıdıcı separatçılığı himayə etməkdədir, Krımı zorla özünə birləşdirib, Donbasda iki separatçı qurum yaradıb, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq adı ilə orada böyük sayda hərbi qüvvə yerləşdirib, nəhayət, Ermənistanla Azərbaycan torpaqlarının işğal ortağıdır.

Bir sözlə, Türkiyədən fərqli olaraq Rusiya separatçılıq məsələsində diametral zidd mövqe tutmaqdadır. Doğrudur, Moskva formal olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq Qarabağ probleminin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün real iş də görmür. Amma o da faktdır ki, Rusiya ilə Türkiyə arasında münasibətlər kifayət qədər istidir və bu da ən çox işğalçı Ermənistanı narahat edir.

Bəs, Türkiyə-Rusiya yaxınlaşması ilə Dağlıq Qarabağ nizamlanmasının da yaxınlaşması mümkündürmü? Siyasi təhlilçilərin bu xüsusda fikirləri birmənalı deyil.

*****

“Türkiyənin Rusiya ilə münasibətləri heç bir sahədə rahat şəkildə inkişafda olmayacaq. Nədən ki, bu iki dövlət beynəlxalq münasibətlərə aid heç bir məsələ üzrə razılığa gələ bilmir”. Musavat.com-un məlumatına görə, bu barədə rusdilli Vesti.az saytına açıqlamasında Türkiyədəki Strateji Tədqiqatlar Mərkəzinin analitiki və eksperti Engin Özer bildirib.

Ərdoğanın son Ukrayna səfərini və onun Krımla bağlı bəyanatına diqqət çəkən ekspert Türkiyənin Krımdakı referendumu tanımadığını və indi də tanımadığını qeyd edib. “Ankaranın bu məsələdə mövqeyi Moskva ilə əlaqələrin necə inkişaf eləməsindən asılı olmayaraq, həmişə dəyişməz qalacaq”, - deyə o vurğulayıb.

“Baxmayaraq ki, rəsmi Ankara və Moskva Suriya və İraqın ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış edib və anlaşma əldə edib, həmçinin bu yöndə əməkdaşlıq davam edir, Ermənistanın Dağlıq Qarabağı işğal eləməsi, Rusiyanın İrəvana dəstək verməsi və Ukrayna problemləri ilə bağlı heç bir irəliləyiş yoxdur” - türkiyəli analitik əlavə edib.

Kremlin belə ikili standartı şübhəsiz ki, ən əvvəl Rusiyanın həmsərhəd postsovet ölkələrin suverenliyini və müstəqilliyini hələ də qəbul edə bilməməsi, özünün sərhədləri boyu NATO-nun, ABŞ-ın (bütövlükdə Qərbin) güclənməsindən yana xofla bağlıdır. Bu narahatlığı hətta az öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov dilə gətirmiş, bununla da faktiki şəkildə Rusiya ilə həmsərhəd ölkələrdə separatizm ocaqlarına Moskvanın dəstək verdiyini etiraf eləmişdi.

Image result for Kreml

*****

Konkret olaraq, Dağlıq Qarabağ ixtilafının bunca uzanmasının əsas səbəblərindən biri də sözsüz ki, budur - həlli uzanan Qarabağ konflikti hesabına öncəliklə Azərbaycanı Rusiyadan “çox uzağa” getməyə qoymamaq. Hərçənd son vaxtlar sülh danışıqlarında yenə də müəyyən hərəkətlilik müşahidə edilməkdə, hətta bəzi nikbin proqnozlar səslənməkdədir.

“2018-ci ilin mart ayından sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı intensiv və sürətli danışıqlar prosesi başlayacaq. Bu intensiv danışıqlar prosesinin başlanmasına startı prezidentlərin görüşü verəcək”. Bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevdən Qarabağ probleminin həlli üçün vaxt istəməsi ilə bağlı rusiyalı ekspertin açıqlamasına münasibət bildirərkən deyib (Axar.az).

Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşündə yenidən Rusiyanın 5 rayonun qaytarılması ilə bağlı planı gündəmə gəlib və bu məsələlər ətrafında fikir mübadiləsi edilib. “Qəribə burasıdır ki, həmin görüşdə bundan öncə özünü naza qoyan Ermənistan danışıqlara gedəcəyini bildirdi. Bu görüşdən sonra demək olar ki, iki ölkənin də xarici işlər nazirləri 5 rayonun qaytarılması məsələsində razılığa gəldilər. Onun ardınca Minsk Qrupunun həmsədrləri həm Ermənistana, həm də Azərbaycana rəsmi səfər etdi, iki ölkənin dövlət başçıları ilə görüşdülər. Onlar iki ölkənin prezidentinin görüşü üçün də razılıq əldə etdilər”, - deyə politoloq qeyd edib.

Onun qənaətincə, Dağlıq Qarabağ problemi ilə bağlı olan açar dövlət Rusiyadır və ona görə də bir çox məsələlər də onunla razılaşdırılmalıdır: “Ona görə belə qərarları verərkən olduqca diqqətli olmalıyıq ki, Rusiyanın məsələdə mövqeyi bizim xeyrimizə olsun”.

Yada salaq ki, Musavat.com bu günlərdə xəbər vermişdi ki, rusiyalı analitik və politoloq Vladimir Yevseyev “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib ki, 2017-ci ilin iyulunda Soçidə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik qismən səngiyib. Rusiyalı ekspertin qənaətincə, Qarabağ cəbhəsində nisbi sakitlik gələn ilin martında Rusiyada gözlənilən prezident seçkiləri ilə birbaşa bağlıdır. “Fikrimcə, Moskva Soçi görüşü zamanı regionda sabit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb” - Yevseyev bildirmişdi.

*****

Bir çox ekspertlər isə rəsmi Moskvanın Dağlıq Qarabağ konfliktini həll eləmək üçün ciddi səylər göstərməkdən daha çox, vaxt udmağa çalışdığını düşünürlər. Bu isə işğalçı Ermənistanın da maraqlarına cavab verir. Azərbaycan isə təbii ki, danışıqlar yolu ilə status-kvonun tezliklə dəyişməsini və ərazilərin işğaldan azad olunmağa başlamasında maraqlıdır. Əks halda, müharibə qaçılmaz olacaq. Üçüncü yol, sadəcə, mövcud deyil.

Image result for Turey Russia

Bu arada Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyevlə Serj Sərkisyanın 2017-ci ildə ilk görüşünün gələn həftə İsveçrənin Cenevrə şəhərində baş tutacağı haqda məlumat yayılıb. Bunu hakim Ermənistan Respublika Partiyası sədrinin müavini, parlamentin xarici əlaqələr komissiyasının başçısı Armen Aşotyan bəyan edib.

Armen Aşotyan deyib ki, görüş məsələsi oktyabrın 12-si Respublika Partiyasının icra orqanının toplantısında qurumun sədri, prezident Serj Sərkisyanla müzakirə olunub. Onun sözlərinə görə, görüş razılaşması ATƏT-in Minsk qrupunun Fransa, Rusiya, ABŞ-dan olan həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsinin ötən həftə İrəvanda və Bakıda apardığı danışıqlarda əldə edilib.

Azərbaycan XIN-i isə prezidentlərin görüşünün tarixini də açıqlayıb. XİN-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, həmsədrlərinin təklifi əsasında münaqişənin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü keçiriləcək.

Image result for prezidentlərin görüşü

Xatırladaq ki, 1998-ci ildən bəri Azərbaycan və Ermənistan prezidentləri 53 görüş keçiriblər. Bunun 23-ü Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 21-i İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

İlham Əliyevlə Serj Sərkisyan ilk dəfə 2008-ci ilin iyun ayında, sonuncu dəfə 2016-cı ilin iyun ayında bir araya gəliblər:

5 iyun 2008-ci il - Sankt-Peterburq, Rusiya

2 noyabr 2008-ci il - Moskva, Rusiya

28 yanvar 2009-cu il - Sürix, İsveçrə

7 may 2009-cu il - Praqa, Çexiya

4 iyun 2009-cu il - Sankt-Peterburq

17-18 iyul 2009-cu il - Moskva

8-9 oktyabr 2009-cu il - Kişinyov, Moldova

22 noyabr 2009-cu il - Münhen, Almaniya

25 yanvar 2010-cu il - Soçi, Rusiya

17 iyun 2010-cu il - Sankt-Peterburq

27 oktyabr 2010-cu il - Həştərxan, Rusiya

5 mart 2011-ci il - Soçi

24 iyun 2011-ci il - Kazan, Rusiya

25 yanvar 2012-cu il - Soçi

19 noyabr 2013-cü il - Vyana, Avstriya

10 avqust 2014-cü il - Soçi

4 sentyabr 2014-cü il - Nyu-Port, Uels

27 oktyabr 2014-cü il - Paris, Fransa

19 dekabr 2015-ci il - Bern, İsveçrə

16 may 2016-cı il - Vyana

20 iyun 2016-cı il, Sankt-Peterburq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler