» » İşğalçı ölkəyə aprel xəbərdarlığı - Sərkisyana Nyu-York zərbəsi

İşğalçı ölkəyə aprel xəbərdarlığı - Sərkisyana Nyu-York zərbəsi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
İşğalçı ölkəyə aprel xəbərdarlığı - Sərkisyana Nyu-York zərbəsi
Azərbaycan prezidenti BMT-də Ermənistana və havadarlarına “aprel dərsi”ni xatırlatdı; politoloq: “Beynəlxalq aləm və işğalçı dövlət növbəti aprelə hazırlaşmalıdır”; erməni ekspert: “Əslində Ermənistan məğlub olub...”

Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı partlayış effekti verdi. Xüsusilə də işğalçı Ermənistan prezidenti Serj Sərkisyanın səsləndirdiyi iddiaların darmadağın edilməsi, onun özünün Xocalı soyqrımının iştirakçısı olduğunun xatırladılması, Azərbaycanın haqlı tələblərinin yüksək tribunadan səsləndirilməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasının qəbuledilməzliyinin vurğulanması, həmçinin düşmənə aprel xəbərdarlığının edilməsi baxımından dövlət başçısının nitqi çox böyük hadisə oldu.

Onu da vurğulamaq yerinə düşər ki, sessiyanın ilk günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ problemini beynəlxalq hüquqa uyğun surətdə, özü də təcili həll etməyə çağırması, əks təqdirdə, bölgədə çox irimiqyaslı, həm də beynəlxalq xarakterli qarşıdurmanın yarana biləcəyini deməsi də Azərbaycana mühüm qardaşlıq dəstəyi oldu. Bununla Türkiyə lideri həm dünyanın diqqətini Qarabağın işğalına yönəltdi, həm də Azərbaycanın yanında olduğunu bir daha xatırlatdı. Eyni zamanda İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycanla əməkdaşlığı genişləndirməsini xatırlatması Bakı - Təl-Əviv münasibətlərini pozmağa çalışan Ermənistana cavab oldu. Ancaq bütün bu çıxışların ardınca Azərbaycanın dövlət başçısının heç zaman olmadığı kimi, açıq mətnlə işğalçıya və ona havadarlıq edənlərə xəbərdarlıq etməsi BMT Baş Assambleyasının 72-ci sessiyasının əsas hadisələrindən biri kimi qiymətləndirilə bilər.

Təbii olaraq Azərbaycan prezidenti BMT-nin ali kürsüsündən bu qurumun Təhlükəsizlik Şurasının 24 ildir kağız üzərində qalan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsini gündəmə gətirdi, qətnamələrə əməl etməyən Ermənistana qarşı sanksiyaların tətbiqini zəruri saydı. Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycan əleyhinə yalanlar danışması, ölkəmizə qarşı iftiralar söyləməsinin ömrü cəmi bir neçə saat çəkdi və prezident Əliyev öz sərrast arqumentləri ilə onun nitqini darmadağın etdi. Bununla da Xocalı soyqırımı zamanı əli qadınların və uşaqların qanına batan bir şəxsin ədalətdən danışmağa haqqının olmadığını nəzərə çatdırdı. İlham Əliyev BMT-dəki çıxışında birmənalı şəkildə dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına, dinc əhalimizə qarşı təxribatlarına son qoyulmasa, Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq.

Bu xəbərdarlığa kimsədən etiraz, yaxud reaksiya olmadı. Hətta erməni tərəf də susqunluq nümayiş etdirdi. Deməli, dünya Ermənistanın işğalçı siyasətindən bezib və Azərbaycanın öz hüquqlarından istifadəsinə də normal yanaşır. “Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir” - xəbərdarlığı, hər halda, Azərbaycanın hətta 5, ya 7 rayonun azadlığı müqabilində Dağlıq Qarabağın itirilməsi ilə barışmayacağı deməkdir, 200 dövlətin rəhbər şəxslərinin qarşısında bəyan olundu.

Bundan əlavə, Azərbaycan prezidenti sessiya çərçivəsində BMT baş katibi Antoniu Quterreşlə görüşüb. Baş katib Qarabağ münaqişəsi ilə bağlı narahatlığını bildirib. O ümidvar olduğunu bildirib ki ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması üçün mümkün olan hər şeyi edəcəklər. Bundan əlavə, Azərbaycan prezidentinin amerikalı həmkarı Donald Trampla görüşü də mühüm hadisə oldu. Bütün bunlar Azərbaycan dövlətinin Qarabağla bağlı siyasətində də önəmli faktorlardandır.

“Azərbaycan prezidentinin çıxışını son illər ərzində BMT Baş Assambleyasında səslənən ən cəsarətli və qətiyyətli çıxış kimi dəyərləndirirəm. Ona görə ki, dövlət başçısı təkcə münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqdan və öhdəliklərdən irəli gələn addımların atılmadığını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyini vurğulamaqla kifayətlənmədi, həm də aprel döyüşlərini nümunə gətirməklə işğalçı sülhə məcbur edilməyəcəyi təqdirdə, hərbi əməliyyatların başlaya biləcəyi ehtimalını irəli sürdü, müharibə anonsunu verdi”.

İşğalçı ölkəyə aprel xəbərdarlığı - Sərkisyana Nyu-York zərbəsi

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi. Ekspertin sözlərinə görə, dövlət başçısı vacib olan mesajları verdi: “Prezident hamının başa düşə biləcəyi şəkildə işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələri qəbul edənlərə bildirdi ki, buyurun, qəbul etdiyiniz sənədlərin həyata keçirilməsi istiqamətində müvafiq addımlar atın, əgər atmayacaqsınızsa, Azərbaycan BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq sənədlərin müvafiq müddəalarına uyğun olaraq, öz suveren hüquqlarını əsas görürərək torpaqlarını işğaldan azad edəcək. Sərkisyanın yalanları Azərbaycan prezidentinin bir neçə cümləsi ilə alt-üst edildi. Onun Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən bir cani və hərbi diktator olduğu, ölkəsini feodal qanunları ilə idarə etdiyi və regionun digər dövlətlərinə də məhz bu dünyagörüşü çərçivəsindən yanaşdığı vurğulandı. Azərbaycanda multikultural ənənələrin bütün dünya üçün nümunə ola biləcəyi faktlarla vurğulandı”.

E.Mirzəbəyli bildirdi ki, İsrailin baş nazirinin öz çıxışında Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcəklərini vurğulaması da həm prezidentin İlham Əliyevin çıxışında yer alan faktların təsdiqi, həm də dolayısıyla Sərkisyana cavab xarakteri daşıyırdı: “Sərkisyan öz çıxışında Ermənistanda həyata keçirilən sosial-iqtisadi layihələr, görülən işlər barədə bir kəlmə də danışmadı. Çünki bu işlər yoxdur. Azərbaycan prezidenti isə son illər ərzində ölkəmizdə görülən işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən, eləcə də gerçəkləşməkdə olan qlobal enerji və nəqliyyat dəhlizləri layihələrini xatırlatmaqla Azərbaycanın Ermənistandan bütün sahələrdə dəfələrlə yüksəkdə dayandığını Baş Assambleyanın diqqətinə çatdırdı. Sərkisyan bu toplantıda tamamilə fiaskoya uğradı və qeyd edim ki, artıq Ermənistan mətbuatında bu barədə fikirlər səslənməkdədir”.

İşğalçı ölkə başçısının BMT tribunasından eşidilən iddiaları bir daha təsdiqlədi ki, Ermənistan sülh yolu ilə təcavüzə son qoymaqda maraqlı deyil. Belə bir vəziyyət isə status-kvonun uzun müddət qalmasını mümkünsüz edir və müharibə riskini artırır. Politoloq E.Mirzəbəyli də bu perspektivi istisna etmir: “Azərbaycan prezidenti kifayət qədər ciddi mesajlar verdi və hesab edirəm ki, ölkə başçısının çıxışından Ermənistan və bu işğalçı ölkənin himayəçiləri nəticə çıxaracaqlar. Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı qətiyyətli mövqeyi ortalıqdadır. Əgər Ermənistan yenidən danışıqlar prosesini pozmağa, təxribat törətməyə cəhd göstərəcəksə, o zaman işğalçının sülhə məcbur edilməsi üçün hərbi əməliyyatların keçirilməsi qaçılmaz olacaq”.

İşğalçı ölkəyə aprel xəbərdarlığı - Sərkisyana Nyu-York zərbəsi

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu də savaş təhlükəsini real sayır: “Beynəlxalq aləm və işğalçı dövlət növbəti aprelə hazırlaşmalıdır. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Seçim Ermənistan hakimiyyətinin və ona təzyiq etmək istəməyən böyük dövlətlərindir”.

Politoloq qeyd etdi ki, prezident İlham Əliyevin BMT-nin 21 sentyabr sessiyasındakı çıxışı və orada toxunduğu tezislər bir neçə səbəbdən vacib idi: “Birincisi, İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sərkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sərkisyanın çıxışını alt-üst etdi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalını konkret faktlarla anlatdı, Xocalı soyqırımını xatırlatdı və hər ikisində Ermənistanın hazırkı prezidentinin birbaşa iştirakını bildirdi. Bunun belə olduğunu Sərkisyan və erməni cəmiyyəti də bilir. Ona görə də Sərkisyan İlham Əliyevin çıxışına cavab olaraq qalxıb deyə bilməzdi ki, ”Azərbaycan torpaqlarını, o cümlədən Dağlıq Qarabağa aid olmayan torpaqları mən işğal etməmişəm və ya Xocalı əhalisinin qətliamında iştirak etməmişəm". İlham Əliyev BMT-dəki çıxışında birmənalı dedi ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq".

E.Şahinoğlunun qənaətincə, prezident Əliyevin bunu məhz BMT tribunasından deməsi vacib idi: “Çünki beynəlxalq aləm elə bilməməlidir ki, biz əbədiyyətə qədər işğalla barışacağıq. Bizim güc yolundan istifadə etmək hüququmuz var və bu, elə BMT sənədlərində əks olunub. Bir dövlət başqasının torpaqlarını işğal etməməlidir, işğal edərsə, ona qarşı istənilən tədbir həyata keçirilə bilər. İkincisi, İlham Əliyev BMT tribunasından Azərbaycandakı iqtisadi islahatlardan, enerji və nəqliyyat layihələrindən danışdı. Bunun da xatırladılması yerində idi. Məsələn, Ermənistan prezidenti çıxışında ölkəsinin bir böyük layihədə iştirakından danışa bilmədi. Çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regional layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr iştirak edir. Mənə elə gəlir ki, Azərbaycan prezidenti çıxışının bu yerində Ermənistanın niyə bu böyük layihələrdən kənarda qaldığını və işğaldan imtina edəcəyi halda bölgədəki əməkdaşlığın sərhədlərinin genişlənəcəyini xatırlatmalı idi. Bu, BMT-də onu dinləyənlərdə Azərbaycan torpaqlarının işğalının hamıya zərər verdiyi təsəvvürünü gücləndirmiş olardı”.

Azərbaycan təkcə diplomatik sahədə sözünü demir. Prezident BMT kürsüsündən xalqımızın mövqeyini ifadə etdiyi məqamda ordumuzun döyüş hazırlığı ilə bağlı paralel işlər aparılır. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub. Məlumata görə, plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetirib.

İşğalçı ölkədə isə narahatlıqlar artmaqdadır, bunu erməni ekspertlərin dedikləri də təsdiqləyir. Siyasi şərhçi Romella Mnasakyan iddia edir ki, Nalbəndyanın dedikləri erməniləri sakitləşdirməyə hesablanmış sözlərdir. “Əslində isə Ermənistan məğlub olub, hakimiyyət məğlubiyyəti gizlətmək üçün primitiv fikirləri cəmiyyətə sırıyır. Ermənistan üçün hər şey kədərlə başa çatacaq”, - deyə o bildirib (publika.az)

Azərbaycanın 15 minlik canlı qüvvə və çoxsaylı hərbi texnika ilə genişmiqyaslı hərbi təlimləri, həmçinin Türkiyə - Azərbaycan birgə hərbi təlimləri, o cümlədən ölkəmizin Çexiyadan yeni silahlar alması Ermənistanı xeyli məyus edib. Xarici işlər naziri Edvard Nalbəndyan “Bu gün silah bazarı o dərəcədə qəddar bazara çevrilib ki, silah satıcıları özlərinə alıcı tapmaq üçün mübarizə aparırlar.

Azərbaycanın isə pulu var”, - deyə diaspor təmsilçiləri qarşısında bildirib. Bununla o, həm ölkəsinin Azərbaycan ordusu qarşısında olduqca çətin durumda olduğunu demək istəyib, həm də dolayısı ilə erməni diasporuna pul mesajı verib...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler