» » Sərdar Cəlaloğlu Müsavatın təklifinə “yox” dedi

Sərdar Cəlaloğlu Müsavatın təklifinə “yox” dedi

Bölmə: Siyasət
Sərdar Cəlaloğlu Müsavatın təklifinə “yox” dedi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müxalifətin oktyabr ayı üçün planlaşdırdığı mitinqlər barədə danışıb.
Müsavat funksionerləri siyasi məhbuslara azadlıq tələbi ilə bağlı yeni mitinq keçiriləcəyini açıqlayıb. Təklif edilib ki, bu aksiya KXCP, ADP, AzDP və digər təşkilatların qatıldığı Birləmiş Hüquq Müdafiə Mərkəzi ilə birgə keçirilsin.

ADP sədri Sərdar Cəlaloğlu “qafqazinfo”ya açıqlamasında Müsavatın bu təklifinə qarşı çıxıb: “Azərbaycanda mitinq müxalifətin özünü təsdiq, müxalifət arasında rəqabət metoduna çevrilib. “Milli Şura mitinq keçirib biz də keçirək” deyib mitinq kimi demokratik prosedura belə qeyri-ciddi yanaşma yanlışdır.

Birincisi, mitinq keçirməkdə bizim məqsədimiz nədir? Əgər söhbət Azərbaycanda insan haqları və azadlıqlarının durumunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdırsa, BMT, ATƏT, Avropa İttifaqı, ABŞ prezidneti və beynəlxalq hüquq müdafiə təşkilatlarının mövqeyi ortadadı. Aydın olur ki, dünyaya Azərbaycandakı demokratik vəziyyət bəllidir. Ona biz niyə mitinq keçiririk?

İkincisi, bu mitinqlərlə iqtidarı hansısa qərar qəbul etməyə məcbur etmək mümkün deyil. Çünki iqtidar ictimai rəylə hesablaşmır, həmçinin mitinqlər elə də kütləvi olmur ki, hökümət öz hakimiyyətini saxlamaq naminə müəyyən güzəştə getsin. Bu baxımdan, mitinqi nəyə görə keçirməliyik?

Üçüncüsü, Milli Şura mitinq keçirdi, biz də ona dəstək verməyimizə baxmayaraq, 2 min adam toplaşdı. Yəni xalq aktiv şəkildə mitinqlərə qoşulmur. Xalqın iştirak etmədiyi proses demokratik ola bilməz. Hökümətn təzyiqləri də bu işdə rol oynayır. Həm də mitinqlri təşkil etmək üçün çox böyük vəsait və vaxt lazımdı. Bunlar bu gün elan edirlər ki, sabah mitinqdir. Hər kəs öz funksionerlərin yığıb gətirir. Hökümət mitinqlərə elə nəzarət edir ki, partiya funksionerlərindən başqa heç kim ora gəlmir. Mən öz üzvlərimə nə deyəcəyimi onlar onsuz da bilirlər”.

Partiya sədri deyib ki, mitinqlərə yalnız partiya funksionerləri gəlir, onlar da bu məsələlərdən məlumatlıdırlar: “Biz gözləməliyik ki, xalq özü nə vaxt küçələrə çıxsa, onda irəli çıxıb təşkilatçılıq etməliyik. Ona görə də kim ki, Milli Şura ilə intriqa aparmaq istəyirsə, getsin nə istəyir eləsin. Şəxsən mən obyektiv zərurət olmayacağı təqdirdə, mitinqlərin keçirilməsini demokratiyaya zərbə hesab edirəm.

Biz siyasi məhbuslarla bağlı dəyirmi masa keçirib müzakirə aparmışıq. Beynəlxalq təşkilatlara da müraciət etmişik. Mitinqdə bundan artıq nə edəcəyik?! Kimsə çıxıb 5 nəfərin qarşısında deyəcək ki, filankəs həbs olunub. Ora gələnlər yalnız partiya funksionerləri olur, onlar da kimin həbs olunduğunu bilirlər. Bəzi qüvvələrin bir-biri ilə rəqabətə görə demokratik prosedurları gözdən salmasının qəti əleyhinəyəm”.

Sərdar Cəlaloğlu qeyd edib ki, QHT-lərin fəaliyyəti demokratik prinsiplərə zidd olub: “Xalqlar hər gün küçəyə çıxmır. Bu gün QHT-lər xalqın içinə o dərəcədə işləməmişdi ki, onların həbs olunmasına xalq reaksiya versin. Xalq heç bilmir ki, Leyla Yunus, Rauf Mirqədirov, Anar Məmmədli nə işlə məşğul olub. Çünki QHt-lərin fəaliyyəti düzgün qurulmamışdı, demokatik prinsiplərə zidd idi. Ona görə də onların həbsi xalq tərəfindən anlalmır ki, niyə mən bu adamı müdafiə etməliyəm? Çünki QHT-lərin fəaliyyətində xalq iştirak etməyib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler