» » İlham Əliyev britaniyalı naziri və yaponiyalı rəsmini qəbul etdi

İlham Əliyev britaniyalı naziri və yaponiyalı rəsmini qəbul etdi

Bölmə: Siyasət
İlham Əliyev britaniyalı naziri və yaponiyalı rəsmini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Tereza Meyin ölkələrimizin münasibətləri haqqında dediyi xoş sözlərdən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Böyük Britaniyanın mərasimdə yüksək səviyyədə təmsil edilməsinin Birləşmiş Krallıq hökumətinin bu tədbirə verdiyi böyük önəmin göstəricisi olduğunu bildirdi. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlətimizin başçısı onu yeni əsrin müqaviləsi adlandırdı.

İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğuladı.

Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini dedi. “Azərbaycan və Böyük Britaniya etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir”, - deyən Alan Dunkan ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Böyük Britaniyanın dövlət naziri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasını tarixi hadisə adlandıraraq qeyd etdi ki, bu, ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edəcək.

Söhbət zamanı ölkələrimiz arasında viza rejiminin qarşılıqlı surətdə sadələşdirilməsinin əhəmiyyəti qeyd olundu.

***

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.

Manabu Hori Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının mühüm əhəmiyyət daşıdığını vurğuladı və bu münasibətlə Azərbaycan Prezidentini təbrik etdi. O, Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar təbriklərini çatdırdı.

Regionun lider dövləti olan Azərbaycanın dünyada yaxşı nüfuz qazandığını deyən Manabu Hori Yaponiyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Qonaq son vaxtlar ölkələrimiz arasında faydalı qarşılıqlı səfərlərin həyata keçirildiyini və həmin səfərlər zamanı müxtəlif sahələrdə sərmayə qoyuluşu ilə bağlı səmərəli danışıqların aparıldığını dedi. O, münasibətlərimizin daha sürətli inkişafı məqsədilə Yaponiyanın da Azərbaycan ilə viza rejimini sadələşdirməyi planlaşdırdığını qeyd etdi.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev Yaponiyanın bu mərasimdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Yaponiyanın hər zaman Azərbaycandakı layihələrə maliyyə dəstəyi göstərdiyini vurğuladı, Yaponiya Hökumətinin ölkəmizdə müasir infrastrukturun yaradılmasına kreditlər ayırmasını yüksək qiymətləndirdi. Enerji sektorunda da ölkələrimizin uğurla əməkdaşlıq etdiklərini bildirən Prezident İlham Əliyev vurğuladı ki, Yaponiya şirkətləri uzun illərdir Azərbaycanda neft-qaz yataqlarının işlənilməsində fəal iştirak edir və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verirlər.

Dövlət başçısı qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı, enerji sahəsi ilə yanaşı, sənaye, azad ticarət zonasında əməkdaşlıq, əczaçılıq, kənd təsərrüfatı, o cümlədən çayçılıq və neft-kimya sahələrində qarşılıqlı sərmayələrin qoyulmasının əhəmiyyətindən danışdı.

İlham Əliyev britaniyalı naziri və yaponiyalı rəsmini qəbul etdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler