» » Berdiməhəmmədov Bakıdan Kremlə hansı mesajı verdi?

Berdiməhəmmədov Bakıdan Kremlə hansı mesajı verdi?

Bölmə: Siyasət
Berdiməhəmmədov Bakıdan Kremlə hansı mesajı verdi?
Türkmənistan və Azərbaycan prezidentləri arasında görüşlərin intensivliyi artıb.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi təhlilçi iki ölkə arasındakı münasibətlərdə 15-20 il əvvəlki gərginliyin olmadığını bildirib:

“SSRİ dağıldıqdan sonra Türkmənistanla Azərbaycan arasında gərginlik yaradan əsas səbəblərdən biri Xəzər dənizindəki “Kəpəz” yatağıyla bağlı idi. Azərbaycan neftçilərinin kəşf etdiyi həmin yatağı Türkmənistan özününkü sayırdı və adını “Sərdar” qoymuşdu. Azərbaycan münasibətləri daha da gərginləşdirməmək üçün həmin yataqda çalışmalara başlamadı. Bunun qarşılığında da Türkmənistan həmin yatağa olan iddiasını əvvəlki illərdə olduğu kimi sərt şəkildə gündəmə gətirmir”.

Berdiməhəmmədov Bakıdan Kremlə hansı mesajı verdi?











Politoloq Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı iki ölkə arasında bir neçə sənəd imzalandığını deyib:

“Bunlardan ən vacibi prezidentlərin imzaladıqları strateji tərəfdaşlıq haqqında bəyannamədir. Digər sənədlər də əməkdaşlığın inkişafına təkan verməlidir. Məsələn, iki ölkənin limanları ilə yükdaşımaların artması barədə saziş imzalandı. Bu yolla rəsmi Bakı tikintisi tamamlanan Bakı-Tiflis-Qars dəmiryolu üzərindən yük daşımaların artmasına nail ola bilər. Türkmənistanla Türkiyə bu dəmiryolu vasitəsilə ticarət mübadiləsini artırmaq imkanına malik olacaqlar”.

Politoloqun fikrincə, iki ölkə arasındakı əməkdaşlıqda ən vacib mövzu türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasını təmin etməkdir:

“Prezidentlərin Bakı görüşündə mətbuata Xəzərin dibi ilə boru xəttinin çəkilişi haqqında konkret nəsə deyilməsə də, Qurbanqulu Berdiməhəmmədovun mətbuat üçün verdiyi açıqlamada bu sözləri diqqət çəkdi: “Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik”. Bu, faktiki o deməkdir ki, Türkmənistan öz qazının nəqli məsələsində Azərbaycanla əməkdaşlıq etmək istəyir”.

E.Şahinoğlu qeyd edib ki, Türkmənistan öz qazını yalnız Rusiya ilə deyil, başqa marşrutlarla da dünya bazarlarına çatdırmaq istəyir:

“Rusiyadan asılılıq Türkmənistana baha başa gəlir, “Qazprom” şirkəti istəyəndə türkmən qazını alır, istəməyəndə isə boru xəttinin fəaliyyətini dayandırır. Bu isə Türkmənistanda iqtisadi vəziyyəti ağırlaşdırır. Buna görə də Aşqabadın Rusiyanın boru xətti asılılığından qurtulması üçün Xəzərin dibi ilə boru xəttinin tikintisinə razılaşması vacibdir. Ancaq Aşqabadın Avropaya ünvanlanmış “gəlin qazımı sərhəddən alın” təklifinə heç kim razılaşmayacaq. Xəzərin dibi ilə boru xəttinin tikilməsi üçün Türkmənistanın Avropa, Türkiyə və Azərbaycanla səylərini birləşdirməsi və bu qüvvələrin özlərində güc tapıb birlikdə Rusiyaya “bizim daxili işimizə qarışma, Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə mane ola bilməzsən” demələri lazımdır”.(Axar.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler