» » Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

Bölmə: Siyasət
Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub
İyunun 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub.

Xalqinfo.az-ın məumatına görə, Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib.

1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. O, keçmiş SSRİ məkanında ictimai elmlər sahəsində bu yüksək elmi ada layiq görülən ilk alimlərdən olub. 1977-ci ildə ona professor adı verilib.

1976-1978-ci illərdə Z.Səmədzadə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978-82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olub.

1980-ci ildə Z.Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib.

1983-1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olub.

Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Z.Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində həmçinin respublika regionlarının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi mühüm yer tutur.

O, dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdi.

Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycan paytaxtının iqtisadi və sosial inkişafı ilə bağlı araşdırmaları dv mühüm yer tutur. Bu araşdırmalar əsasında Bakının iqtisadi, sosial inkişafına dair 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim edilmişdi.
Ziyad Səmədzadənin bilavasitə rəhbərliyi və iştirakı ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanunlar hazırlanıb.

Z.Səmədzadənin 1986-1991-ci illərdə elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Onu bu mürəkkəb, taleyüklü problemin elmi tədqiqi sahəsində pioner saymaq mübaliğə olmaz.

Ziyad Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləyib. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müsbət rol oynayıb.

Akademikin apardığı dərin iqtisadi araşdırmalar əsasında keçmiş İttifaqda və bütün dünyada siyasi xadimlər və geniş ictimaiyyət DQMV-dəki həqiqi sosial-iqtisadi vəziyyət haqda düzgün təsəvvür əldə etdi. Onun həmin dövrdə hazırladığı orijinal araşdırmaların əksəriyyəti geniş əks-səda doğurmuş, Azərbaycan və rus dillərində nəşr edilmiş "Dağlıq Qarabağ: naməlum həqiqətlər" adlı kitablarına daxil edilmişdir.

Z.Səmədzadə TASİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkib, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirib, milli koordinator, bir iqtisadçı-alim kimi TRASEKA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparıb, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış edib və Brüssel bəyannaməsini imzalayıb.

İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri olan Ziyad Səmədzadə nüfuzlu beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görüb.

Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan "Azərbaycan XXI əsrin astanasında" üçcildliyi nəşr edilib.
Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik "İqtisadiyyat" adlı qəzet təsis edib və onun müntəzəm nəşrinə başlayıb.
Respublikanın elmi ictimaiyyəti onu böyük alim və praktik-iqtisadçı, bacarıqlı təşkilatçı, müasir mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və təbliğatçısı kimi tanıyır.

Ziyad Səmədzadənin elmi fəaliyyətində Azərbaycan və dünya iqtisadiyyatı problemlərinin tədqiqi böyük yer tutur. Dünya ölkələrinin təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, "Dünya iqtisadiyyatı: Çin "iqtisadi möcüzəsi" kitabını nəşr etdirmişdir.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, "Böyük yolun mərhələləri" - "Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndiriblər.

Z.Səmədzadə 2005-ci ildən bəri Milli Məclisin deputatıdır.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.
Akademikin üç övladı var. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən Səmədzadə həkim və publisistdir və atasının nəşr etdirdiyi “İqtisadiyyat” qəzetinin baş redaktorudur.

Ziyad Səmədzadənin oğlu Elşad Səmədzadə atasının yolunu davam etdirir, o, iqtisadçıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler