» » İlham Əliyev Qarabağı qaytarır

İlham Əliyev Qarabağı qaytarır

Bölmə: Siyasət
İlham Əliyev Qarabağı qaytarır

Azərbaycan hökmdarlarından - Rəsulzadədən Nərimanova, Bağırovdan ata Əliyevə qədər heç kimə nəsib olmayan bir işi görmək belə görünür ki, İlham Əliyevə nəsib olacaq.

Bəli, söhbət məhz hökmdarlardan gedir. Çünki Azərbaycanın istər inqilabaqədərki, istərsə də sovet və postsovet dövrlər tarixində dövləti kollektiv şəkildə idarə etmək nümunəsi yoxdur. Bizim ölkəmizdə siyasi hakimiyyət istisnasız olaraq yalnız şəxsləşdirilib, həmişə fərdi xarakterə malik olub.

Lakin biz bu gün hakimiyyətin formalaşması prosesinin xarakterindən və təbiətindən söz açmayacağıq. Söhbət işğaldakı torpaqların qaytarılmasına dair heç bir aydın perspektivin olmadığı şəraitdə kasıb bir ölkəni dağılmış iqtisadiyyatı və siyasi xaosu ilə birgə təhvil almış 40 yaşlı gənc siyasətçinin nəinki dolaşıq geosiyasi labirintdən necə çıxmasından, nəinki milli iqtisadiyyatı dirçəltməsindən, həm də 25 il qabaq işğal olunmuş Qarabağı qaytarmasından gedir. Özü də bircə güllə belə atmadan qaytarmasından...

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünən - oktyabrın 10-da axşam sensasion bir bəyanatla çıxış etdi. Ermənistanı Putinin Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul etdilər. Bəs bu nə deməkdir? Bu, o deməkdir ki, Ermənistanla işğal olunmuş Qarabağ arasındakı sərhəddə gömrük postları qoyulacaq.

Bu qərarın çarəsizlikdən və kasıblıqdan batıb gedən Qarabağa hansı ağır iqtisadi nəticələr, hətta sosial partlayış ehtimalı vəd etməsi məsələsini hələ bir kənara qoyaq. Azərbaycanın bu nəhəng geosiyasi uğurunun iqtisadi yöndən təhlilinə hələ sonra qayıdarıq. İndilik isə söhbət Azərbaycanın nəhəng siyasi-diplomatik uğurundan gedir.

Azərbaycan “Putin ittifaqı”na hər halda daxil olmadı. Bununla da öz suverenliyini bir daha isbatlamış, bloklara qoşulmamaq və bitərəflik siyasətinə sədaqətini bir daha ortaya qoymuş oldu. Ermənistan isə öz siyasi azadlığının və iqtisadi müstəqilliyinin sonuncu qalıqlarını da itirərək müstəmləkə asılılığı bataqlığına, boyunduruğa girdi.

Eyni zamanda İrəvan bununla Qarabağ üzərində nəzarət imkanlarını da itirdi. Özü də həm siyasi, həm də iqtisadi cəhətdən. Tam paradoksal vəziyyətdir!

Bir anlığa təsəvvür edin ki, Qarabağın İrəvandan kartof-soğan daşıyan ac-yalavac sakinləri indən belə Ermənistanla sərhəddə buna görə üstəlik hələ gömrük rüsumları da ödəməli olacaqlar. Heç də təsadüfi deyil ki, Sərkisyan rəsmi İrəvan üçün sadəcə rüsvayçılıq demək olan bu sənədi tərəddüd içində imzalayar-imzalamaz Ermənistan paytaxtını etiraz aksiyaları bürüdü. Ermənilər Sərkisyanı müstəqil erməni dövlətini məhv edib axırına çıxmaqda ittiham edirlər.

Bu minvalla Sərkisyanın ermənilərin milli maraqlarını satmaqda ittiham olunacağı gün də elə də uzaqda deyil. Sıralarında indiki prezidentin də olduğu “miatsum hərəkatı” elə bu cür ittihamlardan, Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi tələblərindən başlamamışdımı? Biz Qarabağı Azərbaycanı özləri qarışıq böyük dəlixanaya çevirmiş elçibəyçi “milli-demokratlar”ın ötürməsi və Moskvanın ermənilərə mütləq dəstəyi sayəsində itirmişdik. Özü də uzun müddətə. İndi isə Qarabağı Ermənistandan ayırdılar. Gömrük divarları ilə ayırdılar!

Beləliklə, İlham Əliyev çox gözəl və parlaq siyasi kombinasiya qurdu. İlham Əliyev Avrasiya məkanına girmədi, öz ölkəsinin müstəqilliyini qoruyub saxladı. Lakin həm də ən əsas vəzifəni həll etdi - Qarabağ Ermənistanın iqtisadi məkanından qoparılıb çıxarıldı. Siyasi (eyni zamanda hüquqi) məkana gəlincə isə bunu demək lazımdır ki, Qarabağ siyasi cəhətdən Ermənistan məkanına daxil olmamışdı və indi də daxil deyil.

Azərbaycan Ukraynanın, Gürcüstanın, Moldovanın və etnosiyasi münaqişələr girdabına salınmış digər əksər ölkələrin bacarmadığı, gücünün çatmadığı işi görməyə nail oldu. Yəni öz ərazilərinin ilhaq olunmuş hissəsini de-yure öz sərhədləri çərçivəsində təsdiqlədi. De-fakto olaraq isə bu anklavın işğalçı ölkədən ayrılması prosesini başlatdı.

Şübhəsiz ki, bu ciddi siyasi uğurun təməlində Kremlin İlham Əliyevə verdiyi dəstək dayanır. İlham Əliyev Ermənistanın vassal asılılığında olmasını qəbul etmiş Serj Sərkisyandan fərqli olaraq Rusiya ilə ağıllı və uğurlu qarşılıqlı faydalı münasibətlər sistemi qura bilib. Əlbəttə ki, bu münasibətlər siyasi və hərbi ittifaq çərçivəsində yox, ikitərəfli tərəfdaşlıq və əməkdaşlıq formatında qurulub.

İlham Əliyev özünü və Azərbaycanı Rusiya ilə qarşıdurmadan qorumağa nail oldu. Halbuki Qərb rəsmi Bakını dayanmadan belə bir qarşıdurmaya təhrik edirdi. Özü də bu təhriklər uzun illər ərzində davam edib.

İlham Əliyev Rusiyanın regiondakı dominant rolunun getdikcə artmasını, Qərbi Ukrayna xaric bütün postsovet məkanının, o cümlədən Mərkəzi Asiya diktaturalarının Kremlin yanında olmasını (bu, heç Qərbdə də şübhə doğurmur) nəzərə alaraq düzgün qərar verdi və maraqların uzlaşdırılması konsepsiyasına stavka etdi. Və budur, Barak Obama rəsmən bəyan edir ki, “Rusiya regionun aparıcı və nəhəng dövlətidir!”

Rusiya isə regionun taleyinə görə məsuliyyəti artıq öz üzərinə götürüb.

İlham Əliyev hamı ilə, o cümlədən Putinlə qaydalar çərçivəsində oynadı. Azərbaycan prezidenti qlobal layihələrdən tutmuş meqa enerji layihələrinin reallaşdırılmasına qədər hər bir məsələdə Kremlin maraqlarını nəzərə aldı. Necə deyərlər, süngünün üstünə yerimədi. Əliyev Qərbin onu tələyə doğru itələyən şirnikləndirici təhriklərinə uymadı. Bu, Saakaşvilinin, Yuşşenkonun, Timoşenkonun, nəhayət, faciəvi tarixin sonunda isə Poroşenkonun salındığı həmin o tələ idi.

Bu ağıllı siyasətin nəticəsi də göz önündədir. Azərbaycan üçün ən vacib, hətta həyati vacib qərarın qəbulu zamanı Putin də Əliyevin maraqlarını nəzərə aldı. Axı Putin də özünün yazılmamış qaydalarını heç vaxt pozmur. Dünənki gün də göstərdi ki, pozmur!

Dünənki hadisə daha bir vacib geosiyasi həqiqətin bir daha təsdiqlənməsi ilə əlamətdar oldu. Bu da odur ki, Qarabağ məsələsinin taleyi tamamilə Kremlin əlindədir. Qərb Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılıb (Putin Gürcüstanı da qaytarıb, bu mövzuda mübahisə aparanlar yalnız gürcü reallığının təfərrüatlarına vara bilməyən ekspertlərdir).

Qərbin bu regiondakı vəziyyətlə bağlı manipulyasiya etmək üçün praktiki olaraq heç bir təsir gücü və imkanları, heç bir rıçaqı qalmayıb. Qərbin Xəzərdə sadəcə qazma qurğuları qalıb, vəssalam. Və Qərb şirkətləri bu regionda neft çıxarmaqda davam edirlər. Tezliklə qaz ixracına da başlayacaqlar. Amerikalıların və avropalıların Cənubi Qafqazda yerləşməsi, buradakı proseslərdə iştirakı yalnız bundan ibarətdir.

Ermənistan “Putin ittifaqı”na daxil ediləndən və Kreml Qarabağı Ermənistandan ayırıb Azərbaycana bu bölgənin əsl Xozeyininin kim olduğunu göstərəndən sonra hansısa efemer Minsk Qrupunun və ya hansısa ATƏT-in bölgədəki rolu haqda mülahizə-mühakimələrə yalnız reallıq hissindən uzaq ekspertlər qapıla bilər.

Azərbaycanın qarşısında yeni, çox aktual və yeganə bir sual dayanır: rəsmi Bakı Avrasiya İttifaqına daxil ola bilərmi? Axı Rusiyada da başa düşürlər ki, Azərbaycan olmadan Cənubi Qafqazda mütləq protektoratdan söhbət gedə bilməz.

İlham Əliyev “Putin ittifaqı”na daxil olan ölkələrin dövlət başçılarının Minsk görüşündə iştirak etmədi. Amma Azərbaycan prezidenti MDB ölkələri dövlət başçılarının bu görüşdən azca əvvəl başa çatan sammitindəki çıxışında fikrini diplomatik dildə, çox aydın şəkildə ifadə etdi.

Mənim başa düşdüyüm qədər, Azərbaycan bu ittifaqa daxil ola bilər, lakin bir şərtlə: Azərbaycanın işğal olunmuş torpaqları dərhal qaytarılmalıdır!

Bəs Kreml bu məsələdə Ermənistana təsir göstərə bilərmi? Buna şübhə yoxdur. Axı Ermənistan özünü rəsmi satellit səviyyəsinə endirib.

Nazarbayev nəsə anlaşılmaz bir ifadə işlətdi. Bilmədim bunu bilərəkdən dedi, yoxsa yox. Amma təxminən belə dedi ki, biz ərazi mənsubiyyətindən tutmuş qalan digər mövzulara qədər bütün məsələlərdə razılaşma əldə etdik...

Kimlə kim razılıq əldə edib? Əliyevlə Sərkisyanmı? Heç inandırıcı və mümkün də deyil. Böyük ehtimalla Əliyevlə Putin anlaşıb. Çünki Sərkisyan artıq oyundankənar vəziyyətdədir...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler