» » Elçin Şıxlı: “ABŞ bunun intiqamını alacaq” - Müsahibə

Elçin Şıxlı: “ABŞ bunun intiqamını alacaq” - Müsahibə

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Elçin Şıxlı: “ABŞ bunun intiqamını alacaq” - Müsahibə
Xalqinfo.az “Ayna-Zerkola” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir.

- Elçin müəllim, son dövrlər Rusiya və ABŞ qırıcıları bir-birinə güc nümayiş etdirir. Qarşılıqlı təhdidlərin sayı artıb. Siz vəziyyəti necə qiymətləndirirsiniz?

- Mən adətən rus kanallarına baxmıram. Baxanda da həyasız təbliğatları üzündən əsəbləşirəm. Dünən təsadüfən Vladimr Solovyovun verilişinə baxdım. Solovyovun ritorikasından belə başa düşdüm ki, rusların “fısı” sanki bir qədər yatıb. Həmin verilişdə Solovyov proqramına dəvət etdiyi xarici qonaqların və onun fikri ilə razı olmayan mütəxəssislərin üstünə əvvəlki kimi çığırmırdı. Öz fikirlərini də aşağı tonla açıqlayırdı. Proqramda söhbət əsasən Suriyada Bəşər Əsəd rejiminə aid olan SU-22 təyyarəsinin amerikalılar tərəfindən vurulmasından gedirdi. Ruslar da bu hadisədən xeyli əndişə keçirirdilər.

Qeyd edim ki, sabiq prezident Barak Obama peşəkar diplomat olduğuna görə, özünü diplomatik çərçivə daxilində aparır, zənnimcə, bəzən Rusiya təbiətini bilmədiyi üçün onunla mədəni davranmağa çalışırdı. Moskva da bundan sui-istifadə edərək həyasızcasına ambisiyalarını irəli sürür və maraqlarını ətraf dünyaya yeridirdi. Amma indi ABŞ-da hakimiyyətdə Donald Trampdır. Tramp ümumiyyətlə dövlət işində çalışmamış bir şəxsdir, yaşı 70-dən yuxarıdır. Bəlkə də ən maraqlı cəhət odur ki, Trampın xasiyyəti elə Putinin xasiyyəti və xarakteri kimidir. Yəni kobud desək özünü “qabağından yeməyən” oğlanlardan sayır. Təsəvvür edin ki, iki eyni xarakterli şəxs dünya çapında toqquşur. Atalar misalı var, iki qoçun başı bir qazanda qaynamaz. Mən demirəm ki, bu qoçlardan hansı yaxşı, hansı isə pisdir. Ancaq o aydındır ki, bu iki qoçun toqquşmasından ətrafdakılar əziyyət çəkəcək və çəkir də. Bu baxımdan hesab edirəm ki, artıq Rusiya-Amerika arasında soyuq müharibə başlayıb. Bu müharibə Obamanın prezidentliyinin son 1 il yarımından başlamışdı. Mən sanksiyaları nəzərdə tuturam. Xatırlayaq, Obama İranla razılığa gəlmişdi, Tehranın üzərindən sanksiyalar götürülürdü, İran beynəlxalq dünyaya inteqrasiya olunurdu. Amma Tramp gəldikdən sonra İranla münasibətlər sıfır hala gətirildi, vəziyyət bir qədər mürəkkəbləşdi. Təsəvvür edin ki, Tramp Səudiyyə Ərəbistanına səfər etdi, orada ərəblərlə 100 milyard dollarlıq silah müqaviləsi bağladı. Bundan sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri Qətər Əmrliyinin üzərinə gedir. Az sonra Qətər Amerika ilə 12 milyardlıq silah müqaviləsi bağlayır. Bu mənada hesab edirəm ki, soyuq müharibə sözün əsl mənasında başlayıb, vəziyyət də kəskinləşir. Söhbət ondan gedir ki, Rusiya və Amerikanın eyni xarakterli rəhbərləri toqquşur. İndi əsas məsələ hansı tərəfin və nə zaman geriyə addım atacağı ilə bağlıdır.

- Rusiya və Amerika prezidentləri iyulun 7-8-də Hamburqda görüşəcək. Siz bu görüşdən hansı nəticə gözləyirsiniz?

- Mən sözügedən görüşdən hər hansı bir nəticə gözləmirəm.

- Niyə?

- Sadəcə olaraq bu görüş daha çox şəxsi tanışlıq xarakteri daşıyacaq. Bundan sonra onlar bir-birilə söhbət edəcək, müzakirələr aparacaqlar. Bir-birilə görüş zamanı ilk olaraq gözünü qaçıran lider üstün gələn tərəf olmayacaq. Hələliksə mən Hamburq görüşündən heç nə gözləmirəm.

- İyunun 16-də NATO-nun F-16 qırıcıları Baltik dənizi üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşıb. İyunun 19-da rus SU-27 döyüş təyyarələri ABŞ-ın kəşfiyyat təyyarəsinə 1,5 metr yaxınlaşıb. Bu arada NATO-nun Pribaltika regionunda təlimlər keçdiyi məlum olub. Bütün bunlar mümkün müharibə ehtimallarının təzahürüdürmü ?

- Mən müharibə ssenarisini real hesab etmirəm. Çünki ancaq dəli və manyak müharibəyə gedər. O da bəllidir ki, nə NATO, nə də Rusiya rəhbəri manyak deyil. Əlbəttə, Rusiya özünü nə qədər "qabağından yeməyən" oğlan kimi aparsa da, son məqamda özü özünü məhv etmək fikrində olmaz. Putinin bütün siyasəti hakimiyyətdə qalmağına yönəlib. Hesab edirəm ki, Putinin hakimiyyətdə qalması üçün ona müharibə sərf etmir. Əgər müharibə olarsa, Putin hakimiyyətini itirə bilər.

- Ötən həftə ABŞ Konqresinin Senatı Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib. Sənəd Nümayəndələr Palatasında təsdiqləndikdən sonra icrası üçün prezident Trampa təqdim ediləcək. Sizcə, belə sanksiyalarla Rusiyanı cilovlamaq mümkündür?

- Sanksiyaların təsiri ola bilər. Nəzərə almaq lazımdır ki, iqtisadi cəhətdən onsuz da Rusiyanın vəziyyəti yaxşı deyil. Söhbətin pulsuzluqdan getmir, dövlət büdcəsindən gedir. Əlbəttə, ciblərdə pullar var. Rusiyanın iqtisadiyyatı SSRİ-nin iqtisadi sistemindən heç nə ilə fərqlənmir. Başqa sözlə, Rusiyanın iqtisadiyyatı müasir deyil, köhnə metodlarla işləyir. Yəni xammal üzərində qurulan iqtisadiyyatdır. Xırda şirkətlərin işləməsi, fəaliyyəti öz yerində, amma ümumilikdə makro iqtisadi göstəricilər baxımdan Rusiya iqtisadiyyatı neft və qazın ixrac qiymətindən asılıdır. Digər iqtisadi mexanizmlər işləmir. Rusiya aqrar ölkə olaraq qalır, büdcədə tam dolmur. SSRİ iqtisadi cəhətdən çökdürülmüşdü, Rusiyada təxminən bu vəziyyətdədir. İndi ABŞ Rusiyanın iyirmiyə yaxın şirkətinə, bir neçə hökumət üzvünə sanksiyalar qoyursa, deməli vəziyyət bir qədər də pisləşəcək. Unutmayaq ki, həmin şirkətlərin çoxunu Putinin yaxın ətrafında olan insanlar idarə edir. Əgər onlar qazancdan və milyonlardan mərhum olacaqsa, doğrudanda bu sanksiyalar işləyəcəksə, deməli həmin şəxslər narazı qalacaq. Amerikanın məqsədlərindən biri iqtisadi basqıdırsa, digər tərəfdən bilirlər ki, Rusiyada hər şey monopolistlərin əlindədir. Başqa sözlə, əgər monopolistlər və oliqarxlar milyonlardan olacaqsa, bu halda onlar ya Putindən geriyə addım atmağı tələb edəcək, ya da 2018-ci ildə onun yenidən prezident seçilməsinə əngəl törədəcək.

- Vaşinqton-Tehran münasibətlərində də soyuq küləklər əsməyə başlayıb. Ərəb coğrafiyası ABŞ-dan dəyəri yüz milyardlarla ölçülən silahlar alacaq və məntiqlə alınan silahlar susmayacaq. Bu baxımdan ABŞ-İran münasibətləri və mümkün ssenarilər haqda proqnozunuz necədir?

- Zəngin ərəb ölkələrinin böyük əksəriyyəti monarxiya quruluşuna malikdir, amma onların ABŞ-la xüsusi problemi olmur. Dost olmasalar da, bir-birilə əməkdaş edən dövlətlərdir. İranla ABŞ arasında isə belə münasibətlər yoxdur. 1979-cu ildə iranlıların Amerika səfirliyini tutması, oradakı diplomatların və amerikalıların başına oyun açmasını ABŞ unutmayıb. Sözsüz ki, illər keçsə də, amerikalılar bunun intiqamını almağa çalışacaqlar. Bu baxımdan ABŞ Körfəzdəki ərəb ölkələrini silahlandıracaq.

İkincisi, burada həm də süni və şiə məsələsi var. ABŞ bundan da istifadə edib İranı zəiflətməyə çalışacaq.

- Hərbi ekspansiya gözlənilirmi?

- Yox, mən hərbi ekspansiya gözləmirəm. Amma məhəlli toqquşmaları ola bilər. Olsa da, burada ABŞ əsgərləri iştirak etməyəcək.

- Yəni iştirakçılar Körfəz ölkələri və İran olacaq?

- Müsəlman dünyasının tərəfləri bir-birinə qarşı olacaq. Əslində bu qarşıdurma ABŞ-sız da mövcud idi. İran dünyada şiəliyi yaymaq, ixrac etmək istəyir, Səudiyyə Ərəbistanı isə sünni məzhəbinə dəstək olur. Yəni toqquşma ABŞ-ın iştirakı olmadan da mövcuddur. Sadəcə ABŞ bu vəziyyətdən istifadə edir və müsəlmanları bir-birinə qarşı qoyur.

Hesab edirəm ki, burada günah ABŞ-da deyil, bizim müsəlmanların özündədir. Daha doğrusu islam dünyasının nümayəndələrindədir.

- Siz, yaxın dövrdə dünyada mövcud olan gərgin iqtisadi, siyasi və hərbi münasibətlərin bir qədər də gərginləşəcəyini gözləyirsiniz?

- Gərginlik artıq var. Bu proses məntiqi sonluğuna çatmadan dayanmayacaq.

- Məntiqi sonluq deyəndə nəyi nəzərdə tutursunuz?

- Tərəflərdən hansınınsa məğlub olması və ya tam məğlub olmaması üçün geri çəkilməsini nəzərdə tuturam. Bir məqam da var. Gəlin görək islam dünyası müasir dünyaya innovasiya, texniki yeniliklər baxımından nə verib və nə verə bilər? Mən qərbi pisləməsəm də, bəzi şeylər var ki, bəyənmirəm. Bu öz yerində. Amma biz dünyanı elmi və innovativ cəhətdən lokomotiv kimi irəli aparan məkana baxsaq ancaq qərb dünyasını görürük. İslam dünyası bu işlə məşğul olmaq istəmir. Nə bir yenilik var, nə də bir avtomobil ixtira etmişik. Biz ancaq bir-birimizi öldürməklə məşğuluq. Qərb dünyası da baxıb görür ki, müsəlmanlar bir-birini çomaqla döyüb öldürür, götürüb silahını bizə satırlar, məsləhət görür ki, çomağı bir kənara qoyun və bir-birinizə bomba atın.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler