» » “Qərb nəsə edirsə, bu müsəlmanların başında partlayır”-

“Qərb nəsə edirsə, bu müsəlmanların başında partlayır”- Şeyxin qardaşı

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Qərb nəsə edirsə, bu müsəlmanların başında partlayır”-
Cavanşir Paşazadə: “...Deyirdiniz israfçılıq eləməyin, israfçılıq eləmir, indi də deyirsiniz yemək vermir”
Milli Məclisin YAP-dan olan deputatı, Şeyxin qardaşı Cavanşir Paşazadə mətbuata danışmağa heç həvəsli deyildi. Xüsusilə də onun yas mərasimləri ilə bağlı dediklərinin böyük rezonans doğurmasından və fikirlərinin fərqli istiqamətlərdə yozulmasından sonra mövzuya yenidən qayıtmağa ehtiyac görmürdü.

Ancaq “Yeni Müsavat”a müsahibəsində Azərbaycanı təhdid edən məsələlər, həmçinin digər aktual mövzulara da münasibət öyrənmək istədiyimizi deyib israr etdik, nəticəsi oldu...

- Cavanşir bəy, İŞİD-in yaydığı xəritədə Azərbaycanın da adı var. Siz həm YAP-çı deputat, həm də inanclı şəxs olaraq İslam adına iddia edən bu terrorçu təşkilatdan Azərbaycana təhlükə görürsünüzmü?

- Mən hələlik Azərbaycana birbaşa təhlükə görmürəm. Ancaq əgər bu təşkilat Azərbaycanın qonşuluğundakı Türkiyəyə, Türkiyənin qonşuluğundakı dövlətlərə təhlükə yaradırsa, təbii ki, sabah bu, bizə də təhdid yaradacaq. Düzdür, Azərbaycan dini dövlət deyil, amma vətəndaşlarının tam əksəriyyəti müsəlmandır. İslamda, dində, şəriətdə baş kəsmək, uşaq, qadın öldürmək yoxdur. Bu, İslamı gözdən salan təşkilatdır. Heç bilmirəm bunlara nə ad qoyum. Bunların İslama heç bir aidiyyəti yoxdur. İnşallah, bu təşkilat Azərbaycana hər hansı təhlükə yarada bilməz.

- Necə bilirsiniz, Azərbaycan İŞİD-ə qarşı antiterror koalisiyasında yer almalıdırmı, yaxud Türkiyə ilə birgə çıxış etməlidirmi, yoxsa neytral mövqe tutması daha təhlükəsiz mövqedir?

- Sözsüz ki, bununla bağlı dövlətin siyasəti, mövqeyi var. Ola bilsin dövlət bu məsələlərə sözlə, fikirlə, yaxud ola bilsin müzakirələrlə qarışsın. Bizim dövlət başçımız İlham Əliyev cənabları elə siyasət yürüdür ki, heç bir kənar dövlətə qarşı nə iddiamız var, nə də hansısa dövlətin bizə qarşı iddia qaldırmasını istəmirik. Türkiyə dövlətinin təbii ki, bizim üçün xüsusi önəmi var. Biz istəməzdik ki, onun ərazisində, sərhədlərində belə xoşagəlməz hadisələr baş versin. Əlbəttə, biz buna biganə də qala bilmərik.

- Siz dəfələrlə Həcc ziyarətində olubsunuz, üstəlik də ərəb ölkələri ilə sıx əlaqələriniz var. İŞİD-in ərəb dövlətlərindən maliyyə alması iddiaları nə dərəcədə doğrudur? Necə bilirsiniz, bu qədər geniş imkanlara malik hörgütü hansı qüvvə yetişdirib ortaya çıxarıb?

- Təbii ki, iddialar mütləq həqiqət deyil. Hansı dövlətdən maliyyələşdirildiyi barədə qəti söz deyə bilmərəm. Təbii ki, köməklik olub, dəstək verilib. İŞİD-ə dəstək verən dövlət elə terrora dəstək verir. İslama xələl gətirən hərəkətləri himayə edən, maliyyələşdirən dövlət və ya qurumlar elə özləri də İŞİD-dən pis yoldadırlar. Təbii ki, bunlara dəstək var, ancaq hansı dövlət olduğunu demək çətindir. Şübhəsiz ki, nə İslama, nə qanuna, nə şəriətə uyğun məsələ deyil.

- Paralel şəkildə İŞİD-in Qərb dairələrindən də himayə olunduğu barədə fikirlər var...

- Müsəlman ölkələri başa düşməlidir ki, Qərb nəsə edirsə, bu, müsəlmanların başında partlayır. Hələ Qərbin özünün başında partlayanları görməmişəm. Yəni baş verən irili-xırdalı hadisələrin cəzasını müsəlmanlar çəkir. Bəzi müsəlman dövlətləri onların təsirinin altına düşüb, çıxa bilmir, bəziləri də hələ təzəcə Qərbin təsiri altına girmək istəyir. Qərbin Pakistanda, Əfqanıstanda, İraqda yürütdüyü siyasətin nəticəsi göz önündədir. Bunlar ayrı-ayrı ölkədə dağıtdıqları daşı daş üstə qoyublarmı, bir yetimin başına əl sürtüblərmi? Bunlar bir yetimxanadakı uşaqların qarnını doydurubmu? Hamısını dağıdıb qoydular, bunu müsəlman ölkələri görməlidir.

“Mübariz Qurbanlının üzərinə çox böyük işlər düşür, ancaq inanırıq ki, bütün bu işlərin öhdəsindən layiqincə gələcək”


- İŞİD-in hədələdiyi ünvanlar sırasında Dağıstan da var idi. Şimali Qafqaz respublikaları ilə sizin və Şeyxin normal münasibətləri var. Vəziyyətlə bağlı müzakirələriniz olubmu?

- Son 5-6 ildə Dağıstanda terror aktları vaxtaşırı həyata keçirilirdi, indi şükür ki, azalıb. Bu yaxınlarda Çeçenistanda da müəyyən hadisələr baş verdi. Baxmayaraq ki, deyirlər Ramzan Kadırov qəddardır və s. Amma göründü ki, bu insanları boş buraxmaq olmaz, gərək nəzarət olsun. Məncə, orda da inşallah, ciddi hadisələr baş verməyəcək.

- Bu arada Dərbəndin azərbaycanlı meri həbs olundu, indi ev dustağıdır. Yəqin ki, Qurban Qurbanovu yaxından tanıyırsınız, onun vurulması səbəbləri ilə bağlı nə deyə bilərsiniz?

- Onun nədən vəzifədən çıxarıldığı barədə biz nəsə deyə bilmərik, o dövlətin başçısı var, kadr siyasəti barədə özü qərar verir. Bizim o merlə münasibətlərimiz, ona hörmətimiz ola bilər, indi də var, söhbət bundan getmir. Ancaq düşünmək olmaz ki, Qurbanov azərbaycanlı olduğu üçün işdən çıxarılıb. Hər halda, nə baş verdiyi onun özünə aydındır.

- Belə məlumat var ki, o, “Milyarderlər İttifaqı”ndan tanıdığımız Ramazan Abdulatipovun qəzəbinə düçar olub. Abdulatipovu yaxından tanıyırsınız?

- Bəli, tanıyıram, qabaqlar görüşmüşəm. Azərbaycanda da olub, Dağıstanda da bəzi tədbirlərdə iştirak edib, millət vəkili olan zaman da görüşmüşük. Respublikaya rəhbər göndəriləndən sonra təmaslarımız olmayıb. Təbii ki, dövlət başçısıdır, onun öz siyasəti, dəst-xətti var. O, istənilən sahədə islahatlar apara bilər, heç kim ona deyə bilməz ki, niyə bu addımı atdın.

- Azərbaycanda necə, kadr islahatları gözlənilirmi?

- Vallah, bunu dövlət başçısı hamıdan yaxşı bilir. Prezident lazım bildiyi zaman kadrları dəyişir. Bir müddət əvvəl kadr dəyişikliyi olanda çoxları fərqli fikirlər deyirdi. Ancaq görürük ki, yeni nazirlər istər kənd təsərrüfatı, istər təhsil sahəsində böyük işlər görülür. Yaxud Səlim müəllimin işləri nəticəsində pensiya ilə bağlı camaatımız əziyyət çəkmir, bankomatlarda pul çatışmazlığı müşahidə olunmur.

- Ancaq Mübariz Qurbanlı Dini Komitəyə sədrliyə başlayandan sonra ehsan qadağaları məsələsi ictimai müzakirəyə çıxdı ki, bu da birmənalı qarşılanmadı. O cümlədən siz qadağaların əleyhinə çıxdınız...

- Yox, elə deyil. Biz Mübariz müəllimlə 10 il bir yerdə millət vəkili olmuşuq, münasibətlərimiz də çox yaxın olub. Cənab prezidentin onu Dini Komitəyə sədr təyin etməsi və millət vəkillərinə etimad göstərməsi təbii ki, bizi sevindirdi. Mübariz müəllim böyük siyasətçi, işini bilən, xalqını sevən və haqqı nahaqqa verməyən insandır. Mübariz müəllim israfçılığın əleyhinə çıxdı və bu məsələdə insanlarımızın maariflənməsini zəruri saydı. O da dedi ki, bir neçə il əvvəl 3-7 mərasimləri var idi, artıq yoxdur, insanlar artıq buna öyrəşir. Yəni təklif olunan yeni qaydalar da yaxın bir-iki ildə yerini alacaq. Bəli, Mübariz müəllimin üzərinə çox böyük işlər düşür, ancaq inanırıq ki, bütün bu işlərin öhdəsindən layiqincə gələcək.

- Ancaq kənardan belə görüntü yarandı və şərhlər oldu ki, siz, həmçinin Şeyx həzrətləri Mübariz Qurbanlının ehsan qadağası ilə bağlı dediklərinə qarşı çıxırsınız...
- Yox, elə deyil. Şeyxin dedikləri onun özünə məxsusdur. Mənim dediklərimdən söhbət gedirsə...Təbii ki, mən də israfçılığa qarşıyam. Ancaq insanlar da öyrəşməlidir. Ehsan qarın doydurmaq üçün deyil.

- “Təzəpir”də israfçılığa qarşı mübarizə aparılırmı?

- Burda bir cür adi yeməkdir, çay, su verilir. İndi meyvə vaxtıdır, üzüm, ya başqa meyvə qoyulur.

- Yəni restoranlardakı kimi məsciddə yas sahibinə konkret menyu təklif edilmir?

- Yox, yox. Bu, heç yerdə yoxdur, sadəcə, camaatın söhbətləridir. Restoranlarda elə olur.

- Yas mərasimlərinin qanunla tənzimlənməsi barədə layihənin parlamentə çıxarılması gözlənilmir ki?

- Hələ ki belə bir şey yoxdur. Biz deyirik gəlin düşünək, görək vəziyyəti necə dəyişə bilərik? Adamın atası rəhmətə gedibsə, o, atasını bələdiyyəyəmi etibar etməlidir? Təbii ki, yox. Əgər bu, olmayacaqsa, onda qanunun qəbuluna nə ehtiyac var. Rusların “pominka”sını kim əlindən ala bilər? 70-80-ci illərdə Rusiyada “suxoy zakon” çıxdı. Ancaq millət qalxdı ki, bizim “pomenka”larımız var, ölümüz öləndə biz içki veririk, sən necə yəni içki satmayacaqsan? Buna görə böyük qırğınlar düşdü. Yaxud yevreylər deyir ki, məclisdə filan şeylər, ya içki olmalıdır. Onlara qadağa qoyulmur ki. Malı mala qatmaq lazım deyil. İsrafçılıq başqa söhbətdir, ehsan vermək başqa...

- Cavanşir bəy, restoranlardakı hazırkı durum necə, sizi qane edirmi?

- Əlbəttə, dediklərimiz restoranlarda öz təsirini göstərməlidir. O gün bir toyda idik. Özü də müxalifət partiyalarından da 10-12 nəfər vardı, hamımız bir yerdə oturmuşduq. Ofisiantdan menyunu soruşdular, məlum oldu ki, qabaqkı menyu deyil, nəsə söz-söhbətə səbəb oldu. Dedim, bəs deyirdiniz israfçılıq eləməyin, israfçılıq eləmir, indi də deyirsiniz yemək vermir. Belə dədəm vay, belə dədəm vay...(Gülür)

- Şeyxin Nobel mükafatına namizəd göstərildiyi barədə məlumat yayılıb. Bu barədə daha təfsilatlı nə deyə bilərsiniz?

- Mən də sizin kimi televiziyadan eşitdim. Şeyx də bilmirdi, mən ona dedim ki, belə bir şey var. Hələlik namizədliyi verilib, inşallah, layiq bilsələr, təbii ki, olacaq. Etimad göstəriləcəksə, kimliyindən asılı olmayaraq bu, Azərbaycan üçün böyük nailiyyət olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler