» » Putin və Əliyev görüşür - Mərhələli həll planı

Putin və Əliyev görüşür - Mərhələli həll planı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Putin və Əliyev görüşür - Mərhələli həll planı
Açığı, indi Rusiyanın küncə sıxıldığı bir zamandır.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan və Rusiya prezidentlərinin bu il ərzində gözlənilən görüşləri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq birinci görüşün bu il Astanada enerji məsələləri üzrə sərgi çərçivəsində baş tuta biləcəyini vurğulayıb:

“Hər iki ölkə enerji problemləri üzrə inkişaf etmiş texnologiya və təcrübəyə malikdir. Görüşü bu baxımdan əhəmiyyətli hesab etmək olar. Rəsmi Bakı enerji başqa, bir çox önəmli məsələləri də qaldıracaq. Bu, ÜAK-ın ləğvi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır. Moskvanın Bakıya verdiyi vədlər var. Rusiya Aprel döyüşlərindən sonra məsələnin həlli ilə intensiv məşğul olacağını və 5 rayonun qaytarılması ilə bağlı səylərini artıracağını bildirmişdi. Əvəzində isə Rusiyanın Ermənistanı sürətlə silahlandırılmasını müşahidə etdik. Moskva buna silahlandırma sarıdan yaranmış balansın pozulmasını bərpa etmək istəyilə bəraət qazandırdı. Bu, çox qüsurlu bir gedişdir və o deməkdir ki, Rusiya bölgədə müharibə riskini qoruyub saxlamağa çalışır.

Açığı, indi Rusiyanın küncə sıxıldığı bir zamandır. ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq üçün prezidentə göndərib. Yəqin ki, ABŞ prezidenti bunu təsdiq edəcək. Əks təqdirdə, Trampın impiçmenti çox real görünə bilər. Bir sözlə, Avropa və ABŞ-ın Rusiyanı sıxışdırma prosesi güclənir. Üstəlik, Rusiyanın daxilində vəziyyət ürəkaçan deyil. Mitinqlərin kütləvi hal alma ehtimalı böyükdür. Bu fonda Rusiya çox ciddi bir mərhələyə qədəm qoyur. Çünki Putinin qayğıları həddindən çoxdur, o, əvvəlki kmi təkəbbürlü və yuxarıdan aşağı söhbətlər apara bilməz”.

Politoloq hesab edir ki, Rusiyanın təklənməsi prosesi Moksvanı Bakı ilə əlaqələri daha yüksək səviyyəyə qaldırmağa vadar edəcək:

“Bu sarıdan Azərbaycan və Rusiya prezidentlərinin bu il ərzində gözlənilən görüşü əvvəlkilərdən fərqlənəcək. Bu görüşlərdə Azərbaycan prezidentinin əlinin daha möhkəm olduğu şəksizdir. Rusiya bu dəfə Azərbaycanla daha çox bərabərhüquqlu tərəfdaşlar səviyyəsində davranacaq. Bu kontekstdə Azərbaycan Rusiya tərəfinə Qarabağ problemi ilə bağlı təkliflər verə bilər”.

Q.Hüseynli ikinci görüşün İranda Şimal-Cənub dəmiryolu dəhlizinin açılışında gözlənildiyini deyib:

“Bundan əlavə, Azərbaycan və İran rəhbərliyinin ayrıca görüşü də olacaq. İran Dağlıq Qarabağ məsələsində daha çox Ermənistanın yanındadır. İran TIR-larının Dağlıq Qarabağ ərazisində yükdaşımaları barədə məlumatlar var. Ermənistanla İran arasında ciddi ticarət əlaqələri mövcuddur. Üstəlik, bu əlaqələr hərbi sahəni də əhatə edir. İranın vəziyyəti Rusiyanınkından da ağır olacaq. Çünki ABŞ və bəzi Avropa ölkələrinin İrana qarşı təzyiqləri artır. Yəni Tehran daha ciddi sınaqlar qarşısındadır. Belə olan halda isə Bakı Tehran qarşısında Qarabağla bağlı beynəlxalq hüquq normaları çərçivəsində davranılmasının zəruriliyi barədə məsələ qaldıra bilər. Ayrıca, İranın daxilində azərbaycanlıların fəallığının artması isə rejimi düşünməyə vadar edəcək. Dünyada gedən qlobal siyasi proseslər Azərbaycanın xeyrinə irəliləyir.

Ağ Evin bu yaxınlarda Cənub Qaz Dəhlizinə hər cür qayğının artırılacağı və Şimal-2 qaz kəmərinin çəkilişinin əleyhinə dair bəyanatı onu göstərir ki, Qərb bu istiqamətdə Rusiya və İrana təzyiqləri artıracaq. Bu cür əlverişli siyasi konyektura Azərbaycana özünün haqq işində çox yaxşı perspektivlər vəd edir”.

Politoloq onu da əlavə edib ki, Azərbaycan müharibəyə hazırdır, ancaq problemin dinc yolla həllinə üstünlük verir:

“Danışıqlar prosesi yenilənərsə, bir çox məsələlər həllini tapa bilər. Rəsmi Bakı növbəti görüşlərdə bu məsələni də Rusiyadan tələb edəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler