» » "İlham Əliyev müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır" -

"İlham Əliyev müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır" - Nuranə Şıxəliyeva

Bölmə: Siyasət
"İlham Əliyev müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır" -
“Tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu”.

Bu fikirləri Xalqinfo.az-a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının İctimai Təşkilati məsələlər üzrə Departamentinin rəhbəri Nuranə Şıxəliyeva 15 iyun – "Milli Qurtuluş Günü" münasibəti ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Lakin təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi: “Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi”.

Nuranə Şıxəliyeva həmin dövrlərin bir sıra tarixi aspektlərinə də toxunaraq bildirib ki, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. “Bu dövrdə hakimiyyətdə olan xəyanətkar qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Eyni zamanda xarici dairələr də ölkəmizdəki xaosdan istifadə edərək, Azərbaycanın xəritədən silinməsi, parçalanması istiqamətində aşkar fəaliyyətə keçmişdilər”-deyə qeyd edən Nuranə Şıxəliyeva vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

O, əlavə edib ki, 1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır: “1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.

15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. 15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir ki, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi". Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir”.

Nuranə Şıxəliyevanın sözlərinə görə, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır: “Artıq 24-cü ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə vurğulayıb: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Məhz bu inam və bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler