» » Prezidentin Cocuq Mərcanlı səfəri - beynəlxalq aləmə verilən 2 mühüm mesaj

Prezidentin Cocuq Mərcanlı səfəri - beynəlxalq aləmə verilən 2 mühüm mesaj

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Prezidentin Cocuq Mərcanlı səfəri - beynəlxalq aləmə verilən 2 mühüm mesaj
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bölgəyə səfəri zamanı maraqlı açıqlama verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil.

Ceyms Appaturay bildirib ki, "soyuq müharibə" dövründə SSRİ ilə ABŞ da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi:

“Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz”.

Xalqinfo.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu şərhində dyeib ki, Ceyms Appaturayın Ermənistanla Azərbaycan arasındakı konflikti ABŞ-la SSRİ arasındakı qarşıdurmaya bənzətməsi mübahisə doğurur.

“Birincisi, ABŞ və SSRİ nüvə dövlətləri idi və bu iki dövlət arasında müharibənin başlamamasına bu faktor təsir edirdi. Nüvə silahı hər iki dövləti müharibədən sığortalayırdı.

İkincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və münaqişə davam edir. Nə SSRİ ABŞ ərazisini, nə də ABŞ SSRİ ərazisini işğal etmişdi.

Üçüncüsü, nüvə faktoruna baxmayaraq, ABŞ və SSRİ bir neçə dəfə müharibə riski ilə üz-üzə qaldı. Sovet və Amerika tankları Berlində üz-üzə gəldi, daha sonra Karib böhranı yaşandı və iki dövlət müharibənin bir addımlığında idi”-deyə E. Şahinoğlu söyləyib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan sürətlə silahlanırlar. Və Azərbaycanın maliyyə imkanları silah vər hərbi texnikaya milyardlarla dollar xərcləməyə imkan verir.

“2000-ci ilə qədər bölgədə atəşkəsə riayət olunurdu. İndi isə vəziyyət tam fərqlidir. Hər iki dövlət xeyli silahlanıb, bu faktor da cəbhə bölgəsindəki gərginliyi və müharibə riskini artırır.

Bu arada, prezident İlham Əliyev Cəbrayılın Cocuq Mərcanlı kəndində oldu. Keçən ilin aprelinə qədər Cocuq Mərcanlıda yaşayı yox idi. Çünki Ermənistan ordusu yaxınlıqdakı təpədən kəndi atəş altında saxlayırdı. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi. Bununla da Cocuq Mərcanlı kəndinin yenidən qurulması və məcbur köçkünləri kəndə köçürmək üçün şərait yarandı. İlham Əliyev iyunun 14-də kəndin bərpa olunan evləri, məktəbi, məscidi və digər infrastukturları ilə tanış oldu. Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır”.

Politoloqun sözlərinə görə, ölkə başçısının Cocuq Mərcanlıya səfəri beynəlxalq aləmə verilən iki mühüm mesajdır.

“Birinci mesajın əhəmiyyəti odur ki, kənddə bərpa işləri başa çatıb və Azərbaycan hökuməti işğal altındakı digər kəndləri və şəhərləri də bərpa etməyə və ora məcburi köçkünləri yerləşdirməyə hazırdır.

İkinci mesajın əhəmiyyəti odur ki, rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yolla azad edilməsini təmin edə bilər. Cocuq Mərcanlı kəndi sülh yolu ilə azad edilmədi, bu hərbi əməliyyatın nəticəsi idi. Bu o deməkdir ki, danışıqlar nəticə verməsə Cocuq Mərcanlı prosesi davam edə bilər”.

E. Şahinoğlu bu məqama diqqət çəkib ki, dövlət başçısı İlham Əliyevin Cocuq Mərcanlıya gəlişi ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri ilə üst-üstə düşdü. Onun sözlərinə görə, bu mənada həmsədrlərin Cocuq Mərcanlıya səfəri də təşkil etmək aktualdır.

“Həmsədrlər əvvəlcə İrəvanda oldular, oradan Dağlıq Qarabağa gəldilər. Həmsədrlərin Bakıya da səfəri nəzərdə tutulub. Bakıdan sonra onların Qarabağa aid Cocuq Mərcanlıya səfərinin təşkili də aktualdır. Erməni separatçılarının nəzarətindəki Xankəndidə olan vasitəçilər Azərbaycanın nəzarətindəki Cocuq Mərcanlıda olmasına da ehtiyac var”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler