» » “Freedom House” rəsmi Bakını sanksiyalarla təhdid edir

“Freedom House” rəsmi Bakını sanksiyalarla təhdid edir

Bölmə: Siyasət
“Freedom House” rəsmi Bakını sanksiyalarla təhdid edir
“Rusiyaya sanksiyalar tətbiq ediləcəyinə də inanmırdılar...” - FH-nın prezidenti Devid Kramer rəsmi Bakını sanksiyalara cəlb etmək üçün çalışacaqlarını bəyan edib

“Bir çoxları Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını mümkün hesab etmir, ancaq yeganə yol çalışmaqdır”.

Bu sözləri "Freedom House" azadlıq təşkilatının prezidenti Devid Kramer BBC Azərbaycancaya açıqlamasında deyib.

Yada salaq ki, son həftələrdə Qərbin Azərbaycana ciddi sanksiyalar tətbiq edəcəyi ilə bağlı açıqlamalar bir neçə dəfə səsləndirilib.

Azərbaycan iqtidarının ən sərt tədbirlər sırasına aid edilən sanksiyalar tətbiqi ilə üzləşməsinə səbəb kimi ölkədə insan haqları ilə bağlı durumun kəskinləşməsi göstərilir. İnformasiyalı qaynaqlar iddia edir ki, uzun illərdir Qərb institutları ilə sıx əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının siyasi səbəblərlə həbs edilməsi ciddi narazılıqlara səbəb olub. Həbs edilən bəzi şəxslərlə sərt davranılması, onlara fiziki işgəncə verilməsi Qərbin Azərbaycana indiyə qədərki yumşaq tənbeh siyasətini 180 dərəcə dəyişməsinə səbəb olub.
Ehtimal edilir ki, ən qısa zamanda Qərb institutlarının siyasi məhbus elan etdiyi şəxslərin azadlığa buraxılması ilə bağlı proses başlamasa, Azərbaycandan bir nazir də daxil olmaqla, hüquq-mühafizə, istintaq, məhkəmə, Penitensiar Xidməti təmsil edən yüksək çinli məmurlardan təxminən 15 nəfərə sanksiyalar tətbiq edilə bilər.

Oktyabrın 2-də “The American Interest” jurnalında çap olunan məqalədə cənab Kramer və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Richard Kozlariç ABŞ Konqresini Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırıblar: “Rusiya ilə bağlı da çoxları düşünürdü ki, sanksiyalar mümkün olmayacaq. Amma sonradan Maqnitski Aktı Rusiyaya da tətbiq olundu”. Bu sözlərin müəllifi bir zamanlar ABŞ Dövlət Departamentində yüksək vəzifə tutan və Maqnitski Aktı üzərində işləyən Devid Kramer deyib ki, bundan yayınmağın sadə yolu var - dövlətlərin demokratik prinsiplərə sayğısı və üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi.

Onu da vurğulayaq ki, Maqnitski Aktı kimi tanınan qanun, vergi rəsmilərinin fırıldaqçılığını araşdıran vəkil Sergey Maqnitskinin 2009-cu ildə Moskva həbsxanasında ölümünə görə məsuliyyət daşıyan rəsmiləri cəzalandırmağı nəzərdə tutur. Maqnitski siyahısındakı 18 nəfər Amerikaya daxil ola bilməz və bu ölkənin bank sistemindən istifadə edə bilməz.
“Konqres sizin narahatlıqlarınızı bölüşürmü? Bunu Rusiya ilə olduğu vəziyyətlə müqayisə etmək olarmı”, sualını cavablayan cənab Kramerin fikrincə, Konqresin Azərbaycan barədə narahatlıqları artmaqdadır.

“Azərbaycandan bir nazir də daxil olmaqla, hüquq-mühafizə, istintaq, məhkəmə, Penitensiar Xidməti təmsil edən yüksək çinli məmurlardan təxminən 15 nəfərə sanksiyalar tətbiq edilə bilər”


“Sözün düzü, düşünürəm ki, Konqres üzvlərinin əksəriyyəti Azərbaycanda baş verənlərə fikir vermir. Məqaləni yazmağımızın səbəblərindən biri də elə bu idi. Amma məncə, ölkədə vəziyyətin pisliyi barədə məlumatlılıq artır”, Devid Kramer deyir.

“Başa düşürəm ki, Azərbaycanın enerji potensialına görə və Azərbaycanın Əfqanıstandakı terrorçuluğa qarşı mübarizədəki roluna görə bunun üçün dəstək almaq çətin olacaq. Amma problem ondadır ki, hökumətin addımları biabırçı olmağa başlayıb və bunun nəticəsiz qalmayacağını göstərmək vaxtıdır”.

Devid Kramer onun və səfir Kozlariçin nəzərdə tutduğu sanksiyalar barədə daha ətraflı məlumat verib. Müəlliflərin fikrincə, Azərbaycanda ABŞ vətəndaşı Səid Nurinin bir həftəyə yaxın ölkədən çıxmasına imkan verilmədən sonra, Dövlət Departamenti öz saytında Azərbaycana getmək istəyən amerikalılara bu təhlükə barədə xəbərdarlıq etməlidir: “İkincisi isə rejimdə ciddi insan haqları pozuntularına, o cümlədən fəalların, jurnalistlərin, müxalifətçilərin həbsinə görə məsuliyyət daşıyan şəxslərin dalınca düşmək vaxtıdır. Hökumət elə bilir ki, bu addımlara görə cavabdeh olmayacaq. Əgər nəticələr olmasa, onlar bunu etməyə davam edəcək”.

Oktyabrın 2-də çap olunan məqalə “Bakıya qarşı sanksiyaların vaxtıdır” adlanır. Rəsmi Bakı bu çağırışa hələ ki münasibət bildirməyib. Azərbaycan hökuməti insan haqları pozuntuları barədə ittihamları rədd edir və fəalların qanun pozuntularına görə həbs olunduğunu deyir. Hökumət eləcə də beynəlxalq təşkilatları və xarici dövlətləri Azərbaycanın işlərinə qarışmaqda ittiham edir.

"Freedom House"un dünyada media azadlığına dair son hesabatına görə prezidentin sözçüsü Əli Həsənov təşkilatı “subyektiv” adlandıraraq Azərbaycana aid hissəsini tənqid edib. Əli Həsənov deyib ki, hesabatın Azərbaycanla bağlı hissəsi “qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler