» » "ABŞ istədiyi vaxt Xəzərə girəcək"

"ABŞ istədiyi vaxt Xəzərə girəcək"

Bölmə: Siyasət, MANŞET
"ABŞ istədiyi vaxt Xəzərə girəcək"

“Bakı ilə Aşqabad arasında Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi reallaşa bilər”.

Bu barədə publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.

Onun sözlərinə görə, burda əsas maneə yaradan Rusiyadır: “Rusiya Xəzərdə ən böyük qüvvədir və ondan başqa ikinci qüvvənin olmasını istəmir. Kreml düşünür ki, Xəzəryanı ölkələrdən hansısa ABŞ qüvvələrini dənizə gətirə bilər. Həştərxanda kənar qüvvələrin dəniz hövzəsinə müdaxilə etməməsi haqqında bəyanat da buna hesablanmışdı. Lakin bu bəyanatdan başqa bir şey deyil. müqavilə imzalansaydı başqa, amma bəyanatlara əməl etməmək olar. Hazırki məqamda isə Amerikanın Xəzərə girməyə ehtiyacı yoxdur. ABŞ nə vaxt arzulasa, o vaxt Xəzərdə peyda ola bilər”.

V. Quluzadə qeyd edib ki, Rusiyanın istəmədiyi və qorxduğu məsələlərdən biri də Türkmənistan qazının dənizin dibi ilə çəkiləcək boru kəməri vasitəsilə Bakıya, burdan da Avropaya çıxmasıdır.

“Lakin Rusiya nə qədər istəməsə belə, bu baş verə bilər. Necə ki, Bakı-Tbilisi-Ceyhan reallaşdı. O vaxt da Rusiya istəyirdi ki, bizim neftimiz Bakı-Novosibirskaya xətti ilə getsin, amma BTC tikildi. BTC yalnız Azərbaycan neftinin yox, bütün Xəzəryanı ölkələrin neftinin daşınmasına hesablanıb. Bu böyük strategiya Amerikanındır. Amerika istəyir ki, gələcəkdə Qazaxıstan nefti Çinə yox, Avropaya axsın. Bunun da ən yaxşı yolu Aktau-Bakı adlı neft boru kəmərinin BTC-yə doğru çəkilməsidir. Eyni zamanda, qaz kəmərləri ilə bağlı məsələ də belədir. Yəni, TANAP təkcə “Şahdəniz” qazını deyil, digər Xəzəryanı ölkələrin, xüsusilə Türkmənistanın qazını Avropaya daşıyacaq”, -deyə politoloq qeyd edib.

V. Quluzadə hesab edir ki, bu baş verəcəksə, Rusiya heç nə edə bilməyəcək: “Rusiya buna qarşı heç bir hərbi əməliyyat keçirdə bilməz. Rusiyanın ən böyük əməliyyatı Qarabağ əməliyyatı idi, bu da BTC-yə qarşı aparıldı. Düzdür, Azərbaycan, Ermənistan, daha sonra Gürcüstan münaqişə nəticəsində qeyri-stabil ölkəyə çevrildi, amma BTC reallaşdı və Qərb Azərbaycana da, Gürcüstana da girə bildi. Yaxın müddətdə Ermənistana da girəcək və bu ölkədə dəyişiklik baş verəcək”.

Xəzərin statusu məsələsinə gəlincə, sabiq dövlət müşaviri deyib ki, bu geosiyasi xəritədə proseslərin necə inkişaf edəcəyi ilə bağlıdır.

“Həştərxan sammitində də bu məsələ həll olunmadı, ona görə də bu sammit ciddi heç nəyi ilə yadda qalmadı. Gələn sammitdə də həll olunacağını düşünmürəm. Bu daha çox Rusiyanın Ukrayna böhranından və sanksiyalardan necə çıxacağından asılı olacaq, eləcə də bir sıra digər məsələlərdən”, -deyə V. Quluzadə vurğulayıb.

Qeyd edək ki, Rusiyanın “Nezavisimaya qazeta” Bakıdakı mənbələrə istinadən xəbər verir ki, Bakı ilə Aşqabad dənizin dibi ilə boru kəmərinin çəkilməsində razılığa gəliblər.

“Hər iki ölkə lideri Xəzərin dibi ilə boru kəmərinin çəkilməsinin tərəfdarıdır. Həştərxanda Xəzər sammitinin ardından bu iclasın keçirilməsi də diqqətdən yayınmır. Ortaq yanaşmaların tapılması tərəflərə əlavə problemlərə güc sərf etmədən birgə layihələrin reallaşmasına imkan verir. Hansı ki, burda əsas məsələ dənizin dibi ilə boru kəmərin çəkilməsi və beləliklə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan boru kəmərlərinin əlavə enerji mənbələri ilə təmin edilməsidir.

Bu marşrut iki ölkə üçün də strateji baxımdan olduqca əhəmiyyətlidir.

Aşqabad öz qazını dünya bazarlarına çıxarmaq üçün şaxələndirilmiş marşrutlara üstünlük verir. Hansı ki, türkmən qazına maraqlı olan Uzaq Şərq alıcıları da var. Bununla yanaşı, Ukrayna hadisələri fonunda Avropanın qaz problemi kəskinləşir və türkmən qazı Qərb üçün aktuallığını artırıb. Türkmən qazının Avropaya ən sərfəli çıxışı isə “Transxəzər” marşurutudur. Belə ki, Rusiyadan yan keçərək dənizin dibi ilə Bakıya, ordan da bu günlərdə təməli atılan “Cənub qaz dəhlizi” ilə Türkiyə, Yunanıstan və İtaliya olmaqla Avropaya çıxarıla bilər.

Artıq rəsmi Bakı Türkmənistan və Mərkəzi Asiya qazına öz kommunikasiya vasitələrini verə biləcəyini açıqlayıb. Aşqabad isə öz sərhədləri yaxınlığında qazı satır, gələcək isə onlar üçün maraqlı görünmür. O da faktdır ki, Türkmənistan Avropa üçün 10 milyard kubmetr qaz ehtiyatı saxlayır. Türkmənbaşı Qurbanqulu Berdiməhəmmədovun mövqeyi belədir ki, qazın Avropaya çıxması üçün lazım olan dənizin dibi ilə boru kəmərinin tikintisi yalnız Xəzəryanı ölkələrin razılığı ilə baş tuta bilər.

Beləliklə, Bakı və Aşqabad bu məsələdə razıdır.

İndi söz Qərbə qalır. Ekspertlərin fikrincə, əgər Avropa lazımlı siyasi iradə göstərib Rusiya və İranın öhdəsindən gələcəksə, bu baş tuta bilər. Yəni bu işdə enerji təhlükəsi ilə qarşı-qarşıya qalan Qərb çalışmalıdır. Bakı və Aşqabad isə öz qazını satır və əlavə problem istəmirlər”, -deyə nəşr qeyd edir.
- See more at: http://axar.az/news/31451#sthash.c9rUQVKE.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler