» » Ariel Koen: “Söhbət İlham Əliyevin Obamadan şəxsi incikliyindən getmir...”

Ariel Koen: “Söhbət İlham Əliyevin Obamadan şəxsi incikliyindən getmir...”

Bölmə: Siyasət
Məşhur ABŞ politoloqu Ariel Koenin müasir dünyaya və aparıcı dövlətlərin siyasi xəttinə baxışı digər nüfuzlu ekspertləriin fikirlərindən həmişə köklü şəkildə fərqlənib.

ABŞ Beynəlxalq Təhlükəsizlik İnstitununun nəzdindəki Energetika, Təbii Ehtiyatlar və Geopolitika Mərkəzinin direktoru və Avrasiya problemləri üzrə ekspert A.Koen virtualaz.org saytına eksklüziv müsahibəsində Cənubi Qafqaz ətrafındakı geosiyasi vəziyyətə dair fikirlərini paylaşıb:

- Cənab Koen, siz ABŞ-ın ən məlumatlı analitiklərindən biri kimi, necə fikirləşirsiniz: Qərblə Rusiya arasındakı indiki qarşıdurma nə qədər uzana bilər?

- Qarşıdurmanın müddəti və dərəcəsi yalnız Rusiyanın mövqeyindən asılıdır. Qərb tərəfindən verilən bəyanatların təhlili göstərir ki, o, Rusiya ilə bu qarşıdurmanın uzanmasında heç bir halda maraqlı deyil, bunu istəmir. Bu da özünü onda göstərir ki, nə ABŞ, nə də Avropa Ukraynaya silah vermir. Onların rəsmi Kiyevə göstərdiyi maliyyə yardımı da çox cüzidir. Ukrayna böhranı 95 faiz Rusiya tərəfindən səhnələşdirilib. Moskvanın yeganə məqsədi Ukraynanın NATO və Avropa İttifaqına üzv olmasının qarşısını almaq və bu nəhəng ölkəni dil mənsubiyyəti baxımından parçalamaqdır. Amma Rusiyanın bu siyasətinin heç bir perspektivi yoxdur. Çünki Ukrayna artıq öz seçimini edib. Bu siyasətin nəticələri isə Moskvaya çox baha başa gələcək.

- Siz belə hesab edirsiniz ki, “soyuq müharibə” illərində Almaniyada olduğu kimi Ukrayna da divarla iki yerə bölünəcək?

- Ukrayna ilə Almaniyanı müqayisə etməzdim. Ukrayna Qərb tərəfindən işğal olunmayıb axı. Biz indi sadəcə olaraq Krıma və Donbasın bəzi vilayətlərinə münasibətdə Rusiya aqressiyası ilə üz-üzəyik. Burada söhbət Dnestryanı hadisəsinin daha geniş miqyaslı variantından gedir. Ukraynanın timsalında bu, Krımdır, Donbasdır, eləcə də çox böyük ehtimalla Şərqi Ukraynanın digər bəzi vilayətləridir.

Ariel Koen: “Söhbət İlham Əliyevin Obamadan şəxsi incikliyindən getmir...”

- Yəni sözünüzdən belə çıxır ki, Rusiya təkcə Donbasla da kifayətlənməyəcək...

- Çox təəssüf, mənim qənaətim belədir ki, Rusiya Donbasla da kifayətlənməyərək daha da irəli gedə bilər.

- Deməli, siz belə güman edirsiniz ki, Qərbin sanksiyaları Rusiyanı dayandırmaq gücündə deyil, eləmi?

- Bu sanksiyalar Rusiyanın artıq bütün iqtisadiyyatına təsir göstərir. Müstəqil ekspertlərin hesablamalarına görə, Rusiya artıq bank, energetika və digər vacib sahələrdə ciddi itkilərə məruz qalıb. Bu da Rusiyada ümumi daxili məhsul istehsalı səviyyəsini nəzərəçarpacaq dərəcədə azaldıb. Bu itkinin həcmi haradasa 300 milyard dollar təşkil edir. Rusiyanın kapital bazarından çıxarılan 120 milyard dollar sərmayəni də bunun üstünə gələndə kifayət qədər böyük rəqəm yaranır. Rusiya dayanmasa, Qərbin sanksiyaları daha da sərtləşəcək və artacaq.

- Amma bunlar Putinin sanki heç vecinə də deyil...

- Bəli, elədir. Rusiyalıların Putinə dəstəyi hələlik çox böyükdür. Amma zənnimcə, iqtisadi və geosiyasi böhran Putinin populyarlığına tezliklə mənfi təsir göstərməyə başlayacaq.

- ABŞ prezidenti Barak Obamanın siyasətini dəfələrlə tənqid etmisiniz. Sizcə, Obama Rusiyanın Ukraynaya qarşı aqressiyasını dayandırmaq üçün nə etməli idi?

- ABŞ-ın indiki rəhbərliyi bu məsələdə uğur qazanmağa cəhd edirdi, amma xarici siyasətdə çoxlu səhvlərə yol verdi. Ən böyük səhvlərdən biri o oldu ki, Obama ABŞ-ın postsovet məkanındakı rolunu və təsir gücünü azaltdl. Bu da Rusiyaya istədiyi kimi manevrlər etmək meydanı və fürsəti verdi. ABŞ rəhbərliyinin bu səhvi öz ağır nəticələrini Gürcüstanda da göstərdi, Ukraynada da. Obama bu ölkələrin heç birinə heç vaxt gəlməyib. Ora yalnız vitse-prezidenti Cozef Baydeni göndərib. Bayden isə postsovet ölkələrinin liderlərinə korrupsiya ilə mübarizə yolları barədə mühazirə oxumaqla kifayətlənib. Bununla da sübut etməyə çalışıb ki, Ağ Ev həm Mixail Saakaşvili, həm İlham Əliyev, həm də Nursultan Nazarbayevlə məsafə saxlayır. Bu cür siyasət isə ABŞ-ın bu ölkələrdəki maraqlarına çox ağır zərbə vurub. Rusiya isə əksinə, ABŞ-ın zəifliyini hiss edən kimi bu ölkələrə təzqiyini artırmağa başlayıb.

- Rusiya ilə Azərbaycanın yaxınlaşmağa başlamasını bununla izah edirsinizmi?

- Haradasa bəli... Burada söhbət heç də İlham Əliyevin Barak Obamadan şəxsi incikliyindən getmir. Məsələ bunda deyil. Söhbət Vaşinqtonun postsovet ölkələrinə münasibətdə seçdiyi siyasi xətdən gedir. Mən ABŞ isteblişmentinə dəfələrlə xəbərdarlıq etmişəm ki, Vaşinqton postsovet məkanına, Cənubi Qafqaza, o cümlədən bu regionun ən əsas, “açar” ölkəsi olan Azərbaycana xüsusi diqqət yetirməlidir. Amma təəssüf ki, ABŞ-da nə diplomatiya, nə də təhlükəsizlik məsələləri ilə məşğul olan adamlar Azərbaycanın rolunu başa düşmürlər. Onlar ikitərəfli münasibətlərin gündəmində olan məsələlərə seçmə üsulu ilə yanaşırlar.

Demokratiya və insan haqları məsələsi həm bir politoloq, həm də ABŞ vətəndaşı olaraq məndən ötrü çox vacibdir. Lakin rəsmi Bakı ilə münasibət və danışıqlarda təkcə bu iki məsələ həlledici və əsas məsələ olmamalıdır. Biz həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində də Bakı ilə ciddi işləməliyik. Obama administrasiyası isə hələ də İranla və Ukrayna böhranına baxmayaraq Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir. ABŞ bu yolu tutmaqla Gürcüstan və Azərbaycan kimi ölkələrə başqa seçim imkanı saxlamır. Ona görə də bu iki ölkə həm Moskva və Pekin, həm də Tehran və Ankara ilə balanslı siyasət yürütmək yolları axtarmağa məcburdur. Dediyim kimi, ABŞ onlara başqa çıxış yolu saxlamayıb. Ermənistana gəlincə isə bu ölkə ilə bağlı isə hər şey onsuz da aydındır...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler