» » Burda günəş yoxdu, günəşə ümid də yoxdu heç!


Burda günəş yoxdu, günəşə ümid də yoxdu heç!

Bölmə: Siyasət, Köşə
Burda günəş yoxdu, günəşə ümid də yoxdu heç!

Vahid Qazi


Azadlığın, köləliyin şəkli necədi sizin təsəvvürünüzdə, bilmirəm!

Mənim xəyalımdakı azadlıq ucsuz-bucaqsız çiçəkli çəmənliyinin günəşlə açılan səhərinə bənzəyir.

Köləlik deyəndə isə gözümün qabağına bataqlıq meşəsinin şərqarışan ala-qaranlığı gəlir.

Eskizini qaralamağa cəhd elədiyim bu iki fərqli mənzərəni siz də fikrinizdə canlandırmağa çalışın! Özünüzü əvvəl günəşli çəmənlikdə, sonra bataqlıq alatoranlığında duyun!

Alınırmı?

Çiçəklərinə şeh düşən çəmənliyin üfüqədək uzanan genişliyinə baxın! Havasını ciyərlərinizə çəkin! Sabah günəşinin ilığını dərinizdə hiss eləyin!

Şeh üstündə bərq vuran şəfəqlər günəşdən soraq gətirib sizə. Nur selindən gözünüz qamaşır, qıyılır, amma beyninizdə aydın düşüncələrə yol açılır.

Bax, mənim ”Azadlıq” tablom belədi!


...İndisə bataqlıq meşəsinə çökməkdə olan qaranlığın vahiməsini yaşamağa çalışın! Bataqlıq sükunətini dinlədinizmi heç? Mən qulaq asmışam ona, illər öncəsi, Belarus meşəsində. Qorxuncdu!

Batmamaq çabası yaşam davalarının ən dəhşətlisidi. Yer bağrına çəkir səni, nəfəsin kəsilir, boğurulsan...

Batmaq deyil faciənin yekəsi, bata-bata yaşamaqdı.

Azadlığın olmadığı yerin mənzərəsi, kölə ömrün halı-haləti də belədi.

Burda günəş yoxdu, günəşə ümid də yoxdu heç!

***

28 may 1918-ci il İstiqlal Bəyannaməsi XIX əsrin 70-ci illərindən üzü bəri Azərbaycanda formalaşan milli məfkurənin qələbə aktıdı.

Cümhuriyyət Ataları zülmət bataqlığını çəmənzarlığın günəşli sabahına çevirməyi bacarmış adamlardı.

Onlar bu gücü Axundov-Hacıbəyov-Rəsulzadə milli şüur arealında yaşamış neçə-neçə milli məfkurə daşıyıcısından almışdılar.

Cümhuriyyətçilik ruhumuzu kommunizm epidemiyası da məhv edə bilmədi. İndiki neobolşevik zaman da keçəcək.

Azadlıq fədaisi sonuncu azərbaycanlı duranacan İstiqlal günəşimiz sönməyəcək!

Onu sönməyə sən qoymayacaqsan, Cümhuriyyətinin 99 yaşını təbrikə tələsdiyim dost!

İstiqlalımız Qurucu Ataların əmanətidi.

Əmanət amanatı!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler