» » Azay Quliyev: "Bu - cinayətdir"

Azay Quliyev: "Bu - cinayətdir"

Bölmə: Siyasət
Azay Quliyev: "Bu - cinayətdir"


“Ermənistanın işğal altındakı Azərbaycan ərazilərinə xarici vətəndaşların, o cümlədən parlament üzvlərinin səfərlərini təşkil etməkdə məqsədi işğal faktını legitimləşdirmək cəhdləridir”.

Bu haqda deputat Azay Quliyev Tiflisdə keçirilən “Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları” mövzusundakı konfransda çıxışı zamanı bildirib.

Virtualaz.org saytının Tiflisə ezam olunmuş əməkdaşı xəbər verir ki, konfrans Gürcüstan Demokratiya Təşəbbüsləri tərəfindən təşkil olunub. Konfransın işində Gürcüstan, Azərbaycan, Moldova, Latviya və Ukraynadan olan parlament, hökumət və QHT nümayəndələri, habelə Avropa Parlamentinin üzvləri, ATƏT təmsilçiləri iştirak edir.

Azay Quliyev konfransdakl məruzəsində Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatların bu münaqişə barədə qəbul etdiyi və Ermənistanın məhəl qoymadığı qətnamələr haqda məlumat verdi. Deputat daha sonra Ermənistan tərəfinin son illər işğal altındakı Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının, o cümlədən parlament üzvlərinin və digər rəsmilərin səfərlərini təşkil etmək səylərini artırdığını xatırlatdı.

O bildirdi ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa edilən bu cür səfərlər beynəlxalq hüquq normalarının və milli qanunvericliyin kobud şəkildə pozulmasıdır.

A.Quliyev Azərbaycan tərəfinin bu cür qanunsuz səfərlərin qarşısını almaq üçün gördüyü tədbirlər haqda məlumat verərək dedi ki, Xarici İşlər Nazirliyi belə şəxsləri persona non-qrata elan edir və onların adını xüsusi siyahıya daxil edir.

“Təəssüf ki, bu siyahıda, Azərbaycan qanunlarını və beynəlxalq normaları pozanlar arasında deputatlar, o cümlədən Avropa İttifaqına üzv ölkələrin parlament üzvləri, Fransanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri kimi şəxslər yer alır. Bu, qəbuledilməzdir. Xüsusən Fransa Minsk Qrupunun həmsədri kimi, əgər bitərəf, ədalətli vasitəçi kimi görünmək istəyirsə, belə hallara yol verməməlidir” - deyə deputat çıxışında bildirdi.

Məruzəçi xatırlatdı ki, Azərbaycan qanunlarına görə ölkə sərhədlərini qanunsuz keçənlər cinayət məsuliyyəti daşıyır və Dağlıq Qarabağa qanunsuz səfər edən xaricilər bunu nəzərə almalıdır. O, Azərbaycan hökumətinin belə şəxslərə şans tanıdığını, onların rəsmən üzr istəyəcəyi və öz əməllərini bir daha təkrar etməyəcəklərinə öhdəlik götürəcəyi halda adlarının “qara siyahı”dan çıxarılacağını da bildirdi.

A.Quliyevin sözlərinə görə, işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə yanaşı bəzi xarici şirkətlər bu ərazilərdə iqtisadi fəaliyyətlə də məşğuldur. Bu isə beynəlxalq hüquq normalarının növbəti dəfə kobud şəkildə pozulmasıdır. Deputat bildirdi ki, Dağlıq Qarabağda istehsal edilmiş malların Aİ üzvü olan ölkələrdə satışa çıxarılması faktları da mövcuddur və bu cür hallar beynəlxalq hüquq normalarına ziddir.

Bəs bu hüquqi fəsadların aradan qaldırılmasının yolları nədir?

A.Quliyev dedi ki, yeganə həll yolu Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına geri qaytarılmasının təmin olunmasından ibarətdir.

Məruzəsinin sonunda A.Quliyev xarici ölkələri, o cümlədən Aİ ölkələrini öz vətəndaşlarının, parlamentarilərinin və digərlərinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərinin qarşısını almağa, bu əməlin beynəlxalq və milli qanunvericilik baxımından yaratdığı hüquqi nəticələri əvvəlcədən hesablamağa çağırdı.

Konfrans işini davam etdirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler