» » Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul olundu

Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul olundu

Bölmə: Siyasət
Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul olundu
Beynəlxalq təşkilat siyasi məhbusların həbsini pislədi, onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdi; XİN məsələyə dərhal və sərt cavab verdi
Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilərək səsvermədən keçib. Bu barədə “Azadliq.info”nun yaydığı məlumata görə, müzakirələr zamanı avropalı parlamentarilər Azərbaycanda vəziyyəti tənqid ediblər.

Azərbaycanla bağlı qətnamə layihəsini Avropa Parlamentinin almaniyalı deputatı Aleksandr Graf Lambsdorf ALDE qrupu adından təqdim edib. Qurumun saytında yerləşdirilən sənədin layihəsində Azərbaycandakı repressiyalar, o cümlədən hüquq müdafiəçilərinin həbsi, müstəqil mediaya basqılar, QHT-lərin susdurulması və s. məsələlərlə yanaşı, Azərbaycan məmurlarına sanksiyaların tətbiqinə dair təklifin də öz əksini tapdığı bəlli idi. Sentyabrın 18-də keçirilən müzakirələrin yekununda qətnamənin layihədə olduğu kimi, yoxsa hansısa düzəlişlərlə qəbul edildiyi hələlik bəlli deyil. Müzakirələrin yekunu barədə Avropa Parlamentinin saytında yerləşdirilən məlumatda deyilir: “Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlərə hücumları dayandırmağa, sərbəst toplaşma ilə bağlı qadağanı aradan qaldırmağa çağırır. Avropa Parlamentinin deputatları Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Həsən Hüseynlinin həbsini pisləyir, onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. Avropa Birliyi Azərbaycanla əməkdaşlığı dəstəkləyir, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasını bu münasibətlər üçün şərt hesab edir”.

Virtualaz.org saytı isə xəbər verir ki, sənəddə Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblər pislənir, Azərbaycan hökuməti isə insan haqları sahəsində islahatlar aparmağa çağırılır. Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini insan haqları sahəsində həllini çoxdan gözləyən problemləri ləngimədən aradan qaldırmağa, bu sahədə müvafiq islahatlar aparmağa, vətəndaş cəmiyyəti fəallarının, müxalif siyasətçilərin və müstəqil jurnalistlərin sıxışdırılmasına son qoymağa səsləyiblər. Qətnamədə Bakıda sərbəst toplaşmağa qoyulan qadağanın aradan qaldırılmasının vacibliyi də vurğulanır. Bununla belə, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan müxalifətinin ümidlərini doğrultmayan digər vacib məqam da var. Belə ki, sənəddə azərbaycanlı məmurlara sanksiya tətbiq edilməsinə dair heç bir çağırış yoxdur.
Qeyd edək ki, qətnamə layihəsində Azərbaycanda son bir neçə ildə insan hüquqları sahəsində vəziyyətin aramsız olaraq pisləşdiyi, ölkədə Avropa Birliyi ilə əməkdaşlıq üzrə Fəaliyyət Planının qəbul olunmasına baxmayaraq, qeyri-hökumət təşkilatlarına, müstəqil mətbuat orqanlarına qarşı təzyiqlər, hədələrin artdığı, müxalif qüvvələr, hüquq müdafiəçiləri, gənclər, sosial şəbəkə fəalları və jurnalistlər arasında qorxu mühitinin yaradıldığı, nəticədə özünüsenzura mühitinin formalaşdığı əksini tapırdı.

Yəqin ki, Azərbaycan hökuməti AP-nin qətnaməsini cavabsız qoymayacaq. Bundan öncə də qurum Azərbaycanla bağlı sərt dildə qətnamələr qəbul edib və Bakıdan adekvat cavab alıb. Elə müzakirələrin gedişində qətnamə layihəsi ilə bağlı Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun adından Avropa Parlamentinin prezidenti Martin Şults, Avronest PA-nın həmsədrləri və Avropa Parlamentinin üzvlərinə müraciət edilmişdi. Müraciətdə Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların qəbul oluna biləcəyindən narahatlıq əksini tapmışdı. Düzdür, qətnamə layihəsinin ruhundan sanksiyalarla bağlı qərarın veriləcəyi gözlənilirdi. Lakin bu, baş vermədi. Qətnamə layihəsindən görünürdü ki, avropalı parlamentarilər Azərbaycandakı repressiyalarla bağlı rəsmi Bakıya qarşı konkret addımların atılmasını istəyir. Qətnamə layihəsinin xüsusi “təcili” qrifi ilə işarələnməsi də diqqətdən yayınmırdı. E.Süleymanovun müraciətində isə qətnamə layihəsinin müəllifləri “Azərbaycana qarşı qərəzli kampaniyanın iştirakçıları” kimi təqdim olunur, Avropa Parlamentinin rəhbərliyi və üzvlərindən sənədin qəbuluna imkan verməmək istənilirdi. Güman olunur ki, Avropa Parlamenti Azərbaycan hakimiyyətinə bir az da vaxt verməyi qərara alıb. Xüsusilə də Rusiyanın postsovet məkanını ələ keçirməyə yönəldiyi indiki ərəfədə Azərbaycanla bağlı da sərt sanksiya qərarlarının verilməsi Bakını Avropadan uzaqlaşdırmaq demək olardı. Üstəlik, qış ərəfəsində Avropa alternativ enerji mənbəyi hesab etdiyi Azərbaycanı küsdürmək istəməzdi. Ancaq istənilən halda qətnamə Bakıya qarşı təzyiq hesab olunur.



Bir müddət öncə qəzetimizə açıqlamasında Avropadan Azərbaycana qarşı təpkilərin artacağı barədə fikirlərini açıqlayan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, mahiyyətindən asılı olmayaraq Azərbaycan əleyhinə hər hansı qətnamənin qəbulunu ağrı ilə qarşılayır: “Çünki bəzilərindən fərqli olaraq mən dövlətimi, millətimi sevən adamam. 2014-cü ildə dövlətimizə, millətimizə qarşı elə bil kimlərsə qərəzli siyasət apardı. O zaman biz çox narahatlıqla çağırışlar etdik ki, bu addımlardan çəkinin, Azərbaycanı sivil dünya ilə üz-üzə qoymayın. Müstəqil vətəndaş cəmiyyəti olmayan ölkədə inkişaf da olmaz. Amma çağırışlara məhəl qoyulmadı və birdən-birə vətəndaş cəmiyyətinə qarşı basqılar başladı. Məncə, ilk növbədə bu basqılar kimin siyasətidir, tapılıb cəzalandırılmalıdır. Hansı qrupdur ki, Azərbaycanın imicinə zərbə vurur, əvvəlcə o müəyyənləşməlidir. Mən dəqiq bilirəm ki, həbs olunan həmkarlarımdan heç biri Azərbaycanın ziyanına qərarın qəbul olunmasını arzulamır, onlar Azərbaycanı çox sevirlər. Ölkədə siyasi məhbus olmasını istəyənlər məhz bu iqtidarın içərisindədir. Onlar Azərbaycanı dünya ilə üz-üzə qoyur. Azərbaycan hökuməti özü belələrini axtarıb cəzalandırmalıdır”. M.Qəhrəmanlı təəssüflə qeyd etdi ki, Azərbaycana qarşı sanksiya gözləyir: “Beynəlxalq maliyyə institutlarına artıq bununla bağlı müraciətlər edilir. Bilmək lazımdır ki, Azərbaycan dünyadan təcrid olunmayıb, tək yaşaya bilməz. Ancaq sanksiyalar qətnaməyə nə cür münasibət bəslənəcəyindən çox asılıdır. Yenə Azərbaycanı istəməyən qüvvələr bu qətnaməyə qarşı sərt reaksiya versələr, ardınca sanksiya qaçılmaz olacaq. Ən azı ilkin mərhələdə bu prosesdə iştirak edən məmurlar cəzalana, onların xarici ölkələrdə qoyduğu milyonların taleyi təhlükə altına düşə bilər. Amma mən yenə də istəmirəm ki, ölkəmə sanksiya tətbiq olunsun. Onu da istəmirəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti boğulsun”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bu mövqedədir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı sərt qətnaməsi rəsmi Bakını zərrə qədər də narahat etmir: “Birinci dəfə deyil ki, avropalı deputatlar Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətinin ağır olduğunu söyləyir və buna görə hakimiyyəti tənqid edirlər. Reallıqlardan çıxış etməliyik. Reallıq isə bundan ibarətdir ki, Azərbaycan hakimiyyətinin Avropa Parlamenti ilə bağlılığı yoxdur, bu qurumun qətnamələri rəsmi Bakının siyasətinə təsir etmir. Yox, əgər Azərbaycan da Gürcüstan, Moldova və Ukrayna kimi Brüssellə assosiativ saziş imzalasaydı, onda demək olardı ki, Avropa Parlamentinin qətnaməsinin Bakı üçün hansısa təsir gücü var və hakimiyyət bu kimi sənədlərdən nəticə çıxaracaq”.

E.Şahinoğluna görə, digər tərəfdən rəsmi Bakı daxili məsələlərdə, ümumiyyətlə, xaricdən gələn təzyiqə dözümsüz yanaşır və kənar təzyiq altında qərar verməyi xoşlamır: “Bəzən isə belə qətnamələr əks-effekt verir. Yəni əslində Avropa Parlamentinin hazırda həbsdə olan insanların azadlığı üçün hakimiyyətə qarşı qəbul etdiyi qətnamənin həmin məhbuslara xeyirdən çox zərəri ola bilər”.

Bu arada Azərbaycanın digər beynəlxalq təşkilatla da problemləri ortaya çıxıb. BMT-nin İşgəncələrin qarşısının alınması üzrə alt komitəsinin (İQAT) Azərbaycana gəlmiş nümayəndə heyəti səfəri yarımçıq dayandırmaq və ölkəni tərk etmək qərarını verib. Bunu “Media forum” saytına BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə ofisindən bildiriblər.

Ofisdən qeyd ediblər ki, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokoluna (OPCAT) Azərbaycan da qoşulub və nümayəndə heyəti də Azərbaycana bu protokol əsasında öz mandatını həyata keçirməyə gəlib. Ancaq heyət Azərbaycanda maneələrlə qarşılaşıb, onu öz mandatını həyata keçirməyə qoymayıblar və səfəri dayandırıb ölkəni tərk etmək qərarı da buna görə verilib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə ofisi vurğulayır ki, Azərbaycanın rəsmi qurumları azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar zəmanət versə də, nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmasının, digərlərində isə heyətin öz vəzifələrini tam yerinə yetirməsinin qarşısı alınıb: “Fakültativ protokol üzrə Azərbaycanın götürdüyü öhdəliklərin ciddi pozulması nəticəsində və nümayəndə heyətinin 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün çətinliklərlə üzləşməsi səbəbindən nümayəndə heyəti missiyanı vaxtından əvvəl dayandırmaq qənaətinə gəlib.

Nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb, lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmiləri ilə müvafiq danışıqları davam etdiriblər. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şujun Muhammad Azərbaycanın xarici işlər nazirinin müavini ilə görüşüb".

Təzyiqlər isə bununla bitmir. Britaniyada bəzi təşkilatlar bp-nin mərkəzi ofisi qarşısında aksiyalar keçirərək Azərbaycanda insan hüquqlarının pozulması səbəbindən bu ölkə ilə əməkdaşlığı dayandırmağı tələb ediblər. Hələ ki bp-nin və rəsmi Bakının bu məsələlərə reaksiyası məlum deyil.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Parlamentinin bu qətnaməsi ilə əlaqədar açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan XİN hesab edir ki, Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə tamamilə əsassız və qeyri-obyektivdir:

“Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə edilmir. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qərəzli münasibətin göstəricisi olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır”.

Bəyanatda sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizinin genişləndirilməsi” və "Trans-Anadolu" layihəsinin təməlqoyma mərasimi ərəfəsində belə bir qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna insan hüquqları adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler