» » Müsavatda qarşıdurma

Müsavatda qarşıdurma

Bölmə: Siyasət, BLOK XƏBƏR
Müsavatda  qarşıdurma
Müsavat Partiyasının qurultayının sentyabrda keçiriləcəyi barədə açıqlama yayılandan sonra partiyadaxili ittihamlar adi hal alıb.


“Qafqazinfo”nun Meydan.tv-yə istinadən məlumatına görə, iyulun 25-də Müsavat Partiyasının üzvü Səxavət Əlisoyun Facebook-da “Müsavat başqanı kim olacaq?” başlıqlı paylaşımı müzakirə mövzusuna çevrilib, müsavatçılar arasında isə mübahisə doğurub.

S.Əlisoy yazıb: “Bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur. Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, "filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər var, "behmənkəs"in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var”.

O, daha sonra bildirib ki, Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir: “Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı TÜRK oğlu TÜRK olmalıdır və əminəm ki, belə də olacaq”.



S.Əlisoya Hollandiyada mühacir həyatı yaşayan Eldəniz Yusupov isə “Mən də təklif edirəm, Müsavat başqanı naxcıvanlı ola bilməz” - deyə reaksiya verib.

Ondan sonra hazırda Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasının Məclis rəhbəri Tapdıq Abbas Arif Haçılını hədəfə alıb. O, Arif Hacılının qrupunun S.Əkbəri partiyadan uzaqlaşdırmaqda ittiham edib.

Vəziyyət o həddə çatıb ki, mübahisə edən tərəflər bir-birinin milliyətinə şübhə ilə baxırlar. Elə Arif Hacılının iyulun 29-da Facebook səhifəsində yazdıqları da dediklərimizi təsdiqləyir.

Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri yazır ki, Müsavat Partiyasının 600-dək qurultay nümayəndəsi onun milliyyətinin, dininin, siyasi əqidəsinin, partiyanın və Azərbaycanın gələcək inkişafı ilə bağlı düşüncələrinin, insanlara münasibətinin nə cür olğunu çox yaxşı bilir: “Müsavat başqanının kim olması yalnız müsavatçıları deyil, partiyanın cəmiyyətdə olan dostlarını, rəqiblərini, düşmənlərini də maraqlandırır və hər kəs öz düşüncələrinə uyğun olaraq bu məsələyə müdaxilə etməyə çalışır”.

A.Hacılı hazırda Müsavatda yeni başqanın seçilməsi zərurəti ortaya çıxdığı üçün başqanlığa iddia edən şəxslərə və xüsusi iddiaçılara qarşı kampaniyaların aparılmasında qeyri-adi bir şey görmür: “23-cü ildir Müsavat Partiyasında rəhbər vəzifələrdə fəaliyyət göstərirəm. Düşünürəm ki, Səxavət Əlisoy, Tapdıq Abbas və ya bir başqasının fikirləri partiyanın qurultay nümayəndələrinin mənə olan münasibətini dəyişməyəcək. Ona görə də bu məsələlərlə bağlı müsavatçıların xüsusi narahatlıq keçirməsinə əsas yoxdur”.

Sosial şəbəkələrdəki müzakirələrdə o fikir xüsusilə vurğulanır ki, gəncliyə yol verilməlidir. Gənclərdən isə Tural Abbaslı daha şanslı namizəd hesab olunur. Amma o və Müsavat başqanı İsa Qəmbər hazırkı mübahisəli duruma susqun yanaşır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler