» » "Dağlıq Qarabağ münaqişənin hərbi yolla həlli üçün münasib geosiyasi şərait hələ yetişməyib" - Politoloq rəyi

"Dağlıq Qarabağ münaqişənin hərbi yolla həlli üçün münasib geosiyasi şərait hələ yetişməyib" - Politoloq rəyi

Bölmə: Siyasət, MANŞET
"Dağlıq Qarabağ münaqişənin hərbi yolla həlli üçün münasib geosiyasi şərait hələ yetişməyib" - Politoloq rəyi
"Dağlıq Qarabağ münaqişənin hərbi yolla həlli üçün münasib geosiyasi şərait hələ yetişməyib" - Politoloq rəyi
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına inanmır.

Maraqlısı budur ki, aprel ayının əvvəlində baş vermiş döyüşlər Rusiyanın təkidi ilə dayandırıldı. Rusiya rəsmiləri münaqişənin həll ediləcəyinə dair söz verdi. Ancaq bir neçə aydır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar dayandırılıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovdan əvvəl isə ABŞ dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin həllinin yaxın perspektivdə mümkün olmadığını bildirib və fikrini “tərəflərin siyasi iradə nümayiş etdirməməsi” ilə əsaslandırıb.

Xalqİnfo.az bildirir ki, ABŞ və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə politoloq Elşən Manafov Ölkə.Az-da münasibət bildirib:

"ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri bəllidir. İlk baxışda bu münaqişənin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsinin vacibliyi vurğulanır, hər 3 tərəf münaqişənin tənzimlənməsində ərazi bütövlüyü və xalqların müqaddəratı prinsipinə istinadən münaqişənin tənzimlənməsinə münasibət sərgiləyirlər. Beynəlxalq hüququn bu iki müddəası bir-biri ilə ziddiyət təşkil edir. Əgər Azərbaycan münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinə tərəfdardırsa, Ermənistanın mövqeyi isə xalqların öz müqaddəratını müəyyən etmək hüququna istinad edir. Zamanında ATƏT-in Minsk qrupunun təklif etdiyi Madrid prinsipləri var idi. Azərbaycan münaqişənin mərhələləri həllində maraqlıdırsa, Ermənistan isə paket variantın tərəfdarı olub.

Aprel döyüşlərindən sonra məhz Rusiyanın israrlı mövqeyi nəticəsində Azərbaycan müəyyən amilləri nəzərə alaraq güzəştə getdi və hərbi əməliyyatları dayandırdı. Tərəflər atəşkəsə əməl edilməsi ilə bağlı öhdəliklər götürüb. Eyni zamanda hər iki tərəf Rusiya tərəfindən silahlandırılır. ABŞ-ın dövlət katibi Con Kerrinin bir müddət əvvəl verdiyi bəyanatda diqqəti çəkən məqam ondan ibarət idi ki, Kerri Dağlıq Qarabağ münaqişəsini Fələstin-İsrail münaqişəsi ilə müqayisə etdi. Fələstin-İsrail münaqişəsinin ən azı 70 illik tarixi var. Münaqişənin həll olmamasının səbəbi isə ABŞ-ın hər iki tərəflə səmimi olan münasibətidir. Bu münaqişəni Fələstin-İsrail münaqişəsi ilə müqayisə etmək ən azı ədalətsizlik olardı. Ona görə ki, ABŞ münaqişənin tənzimlənməsi üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirdiyini bildirir. Burada siyasi iradə nümayiş etdirməyən tərəf məhz Ermənistandır. Çünki Ermənistan müstəqil xarici siyasət həyata keçirməyə qadir dövlət deyil. Ermənistan Rusiyanın fort-postu kontekstindən çıxış edən bir tərəfdir. Ermənistan iqtidarı bir qərar qəbul edərkən mütləq Moskva ilə məsləhətləşməlidir.

Rusiya bu münaqişənin indiki status-kvo səviyyəsində qalmasının tərəfdarıdır. Baxmayaraq ki, Rusiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin hazırkı status-kvoda qalmamasını bildirirdilər. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. İstənilən vaxt bu münaqişə yenidən alovlana bilər və bölgədəki regional təhlükəsizlik şübhə altına düşəcək. Rusiyanın mövqeyində maraqlı məqam ondan ibarətdir ki, rəsmi Moskva hər iki tərəfi silahlandırır. Düzdür, Rusiya Azərbaycana özünün dünya bazarındakı silah tərəfdaşı kimi baxır və dünya bazarına çıxardığı silahlardan satır, Ermənistana isə ya istismara yararsız silahlar, ya da ucuz qiymətə silahlar satır. Rusiya münaqişəni həll etməməklə hər iki tərəfə təsir imkanını əlində saxlayır. Rusiyanın Ermənistana təsir imkanları bəllidir. Ermənistan Rusiyadan iqtisadi, siyasi baxımdan asılıdır. Azərbaycanın isə Rusiyadan nə enerji, nə də Ermənistan kimi iqtisadi asılılığı var. Bu mənada Rusiya Azərbaycana təsir imkanlarını Dağıq Qarabağ münaqişəsi konteksində saxlayır. Bu münaqişənin həll edilməmiş qalmasında Rusiyanın marağı ondan ibarətdir ki, şimal qonşumuz münaqişənin tənzimlənməsi üçün bu və ya digər addım atacağı təqdirdə, Azərbaycan müstəqil siyasət yürütmək iqtidarındadır. Rusiya ondan narahatdır ki, Azərbaycan regional təhlükəsizlik məsələlərində daha müstəqil mövqe sərgiləyir.

Rusiya başa düşür ki, Azərbaycan bölgənin açar dövlətidir. Məhz Azərbaycandan Xəzərə, Yaxın və Orta Asiyaya çıxmaq olar. Rusiya həm də Qərbin Azərbaycanda mövqelərinin möhkəmlənə biləcəyindən ehtiyat edir. Bu mənada yaxın gələcəkdə hələ də münaqişənin həll edilməməsində maraqlı olacaq. Rusiya gözəl başa düşür ki, Azərbaycanı Ermənistan kimi əlində saxlamaya bilməyəcək. Rusiyanın da indiki zamanda yeganə təsir rıçaqı məhz Dağlıq Qarabağ münaqişəsidir.

Dağlıq Qarabağ münaqişəsinin həll olması üçün münasib şərait bu ilin aprel, may ayında yaranmışdı. Hərbi uğurlar Azərbaycanın xeyrinə idi. Çox təəssüf ki, biz bu hərbi uğurları davam etdirə bilmədik. Nəticə etibarı ilə münaqişənin hərbi yolla tənzimlənməsi üçün yaranmış vəziyyəti əldən vermiş olduq. Dağlıq Qarabağ münaqişənin hərbi yolla həlli üçün münasib geosiyasi şərait hələ yetişməyib".

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler