» » BMqT Azərbaycana önəm verir -

BMqT Azərbaycana önəm verir - Szabados

Bölmə: Siyasət, BLOK XƏBƏR
BMqT Azərbaycana önəm verir - Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 28-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados ilə görüşüb.

Xalqinfo.az
Axar.az-a istinadən xəbər verir ki, görüşdə Baş nazirin müavini Əli Həsənov xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorları ilə görüşlərini xatırladıb və təşkilatla ölkəmiz arasında münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, miqrasiya sahəsində mövcud olan uğurlu əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Əli Həsənov BMqT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək, müxtəlif sahələrlə bağlı həyata keçirilən humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib, ölkəmizin bu təşkilatla əməkdaşlığın gücləndirilməsi kontekstində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində əldə olunan nailiyyətlərə və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair hərtərəfli fikir mübadiləsi aparılan görüşdə Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq qurumlar içərisində Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hökumət daha çox önəm verir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bizim üçün yeni olan miqrasiya probleminin həlli ilə bağlı milli qanunvericilik bazasının yaradılmasında və digər hüquqi sənədlərin hazırlanmasında bu təşkilatın təcrübəsindən istifadə olunub. Bu gün Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, bütün milli qanunvericiliyimiz beynəlxalq standartlara uyğunlaşdırılıb və bu sahədə kifayət qədər hüquqi baza formalaşıb. Bundan sonra da bu təşkilatla əməkdaşlığı davam və inkişaf etdirmək Azərbaycan hökumətinin marağındadır”.

Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdə fəaliyyətə başlamasından sonra həyata keçirdiyi layihələri prioritet layihələr kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir. Bütün bunlar isə onların sayının artmasına gətirib çıxardığından bu təşkilatla hələ əməkdaşlığın, prioritet istiqamətlər üzrə layihələrin davam etdirilməsinə ehtiyac duyulur.

Əli Həsənov, həmçinin ölkəmizin miqrasiya sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb və miqrasiya proseslərini tənzimləmək məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini qeyd edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Beynəlxalq Miqrasiya təşkilatı ilə miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi, insan alverinə qarşı mübarizə və kənd yerlərində kəhrizlərin bərpası vasitəsilə su təchizatının və həyat şəraitinin yaxşılaşdırılması sahəsində çox böyük əməkdaşlıq edib. Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, həmin problemin həlli yolları ilə bağlı görülən işlər barədə də qonağa hərtərəfli məlumat verən Əli Həsənov bildirib ki, nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bunlar antidemokratikdir.

Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan Baş nazirin müavini deyib: “Qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. İkinci Dünya müharibəsindən sonra münaqişələrin sayı artdıqca qaçqın və miqrantların sayı da artmağa başladı. Son 50 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bunlar dünyada hegemon dövlətlərin torpaq, təbi sərvətlər əldə etmək və nüfuz dairələrinin genişləndirmək kimi cəhdlərinin nəticəsidir. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz. Biz isə sizinlə yaranmış problemin humanitar tərəfi ilə məşğuluq”.

Baş nazirin müavini bildirib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 800 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 10 milyona yaxın əhalisi olan Azərbaycan ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlə bağlı problemlərin öhdəsindən gəlir. Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Prezidentin fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstərirlər.

Əli Həsənov, həmçinin vurğulayıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrilib. Bu cür tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması üçün gözəl imkanlar yaradır.

Ətraflı məlumata, BMqT-nin fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirən xanım Argentina Szabados bu gün Azərbaycanın ərazisinin 20 faizinin işğal altında olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq, ölkəmizin böyük uğurlara imza atdığını vurğulayıb, bütün bunlardan məmnunluğunu ifadə edib, Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib.

Xanım Argentina Szabados Azərbaycanda yaradılmış miqrasiya idarəçiliyi modelini çox bəyəndiyini və onun digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib. O, Azərbaycanın tolerant ölkə olmasını vurğulayaraq, əcnəbilərin hüquqlarının qorunması sahəsində görülən işlərin təqdirəlayiq olduğunu, ölkəmizdə beynəlxalq təşkilatların fəaliyyəti üçün tam şəffaf və lazımi şərait yaradıldığını və onların vahid mərkəzdən uğurla idarə edildiyini diqqətə çatdırıb. O, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Qonaq, həmçinin Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. O, ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək.





Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler