» » Nurçuların sirri

Nurçuların sirri

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Nurçuların sirri
Azərbaycanda Türkiyə iqtidarının sifarişi ilə nurçulara qarşı aprelin əvvəllərində start götürən kampaniya “Hizmət” hərəkatına bağlılığı iddia olunan iki yüksək vəzifəli şəxsin işdən çıxarılması ilə müşayiət olundu. Elnur Aslanov Prezident Administrasiyasında siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən, Elşad İsgəndərov isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postundan azad edildi.


Bundan sonra adı çəkilən şəxslərə və onlara bağlı bir sıra tanınmış simalara qarşı kampaniya aparıldı. Hətta bəzilərinin həbs ediləcəyi haqda informasiyalar dövriyyəyə buraxıldı. Ancaq bir müddət sonra Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri, Elşad İsgəndərov isə Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsinə təyin edildilər. Türkiyə baş nazirinin israrı ilə başladılan anti-nur kampaniyasına isə xeyli vaxtdır son qoyulub.

Bu mövzuda söhbət etdiyimiz ekspertlər də baş verənlərin səbəblərinin ciddi olduğunu bildirirlər. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, nurçu olduğu iddia edilən bir neçə məmurun vəzifədən kənarlaşdırılması, az sonra həmin məmurların müxtəlif nazirliklərdə yeni vəzifələrə təyin olunması hakimiyyət daxilində qruplar arasında gedən mübarizənin təzahürüdür: “Bir qrup rəqib qrupa qarşı müxtəlif kompromatlardan istifadə edib onu zəiflətməyə çalışır. Qarşı tərəfdəki qrup isə öz gücünü nümayiş etdirib öz nümayəndələrini yenidən vəzifələrə təyin etdirir. Baş verənləri bu cür şərh etmək olar”.

M.Əliyev nurçu olduğu iddia edilən məmurların vəzifədən çıxarılmasının Türkiyənin baş naziri Tayyib Ərdoğanın istəyi ilə həyata keçirildiyini düşünmür: “Mən eşitməmişəm ki, nurçu olduğu üçün Türkiyədə insanları vəzifədən çıxarıblar. Əgər Türkiyənin özündə bu baş vermirsə, bizdə niyə olmalıdır?” Lakin tərəfimizdən bildirək ki, M. Əliyevin dediklərinin əksinə olaraq, “Hizmət” hərəkatına bağlı olduğu şübhəsi ilə Türkiyədə yalnız 8 min polis işdən azad edildi, ya da vəzifələri endirildi; hazırlıq kursları qapadıldı. Hazırda Türkiyədə “Hizmət” hərəkatına qarşı repressiyalar davam etməkdədir.

Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Mirinin fikrincə, bir müddət əvvəl bəzi şəxslərin vəzifələrdən çıxarılmasının nurçuların kütləvi vurulması, onlarla birdəfəlik üzülüşmə prosesi olmadığı artıq təsdiqini tapıb: “Məlum olduğu kimi, biz prosesin davamını görmədik. Bir neçə nəfəri vəzifədən çıxarmaq sadəcə, hakimiyyətin balans siyasəti idi. Elə siyasət yürüdüldü ki, müəyyən mənada Ərdoğan da razı salındı. Yəni bir neçə strateji postda olan şəxslər uzaqlaşdırıldı, müəyyən müddətdən sonra isə məhz həmin şəxslərin arxasındakı qlobal bir şəbəkəni-Fətullah Güləni narazı salmamaq üçün həmin adamları qismən aşağı vəzifələr olsa da yeni postlara təyin etdilər. Diqqət etdinizsə, Azərbaycanda fəaliyyət göstərən Gülən məktəblərinin də heç biri bağlanmadı. Bütün bunlar onu göstərdi ki, hakimiyyət həmin şəbəkənin gücünü tanıyır, onunla hesablaşır, xüsusən də başda Fətullah Gülən olmaqla onun rəhbərlik etdiyi “Hizmət” hərəkatını narazı salmağı zərərli hesab edir. Çünki Gülənin ABŞ-a yaxın olduğunu, onun sözünün eşidildiyini bilir. Bu gücü narazı salmaq rəsmi Bakıya sərf etmir”.

Ekspertə görə, Azərbaycanda “Hizmət”ə bağlı olanların fəaliyyəti bundan sonra da davam edəcək: “Ərdoğanın xahişindən sonra vəzifədən götürülən adamların sonradan yeni vəzifələrə təyinatı göstərdi ki, bu adamların hərəkətləri dövlətə və hakimiyyətə xəyanət səviyyəsində qiymətləndirilmir. Əksinə, hakimiyyət onlarla işbirliyini davam etdirmək istəyindədir. Bu işbirliyi davam edəcək”.

musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler