» » İlham Əliyev yeni qurumun yaradılması ilə bağlı -

İlham Əliyev yeni qurumun yaradılması ilə bağlı - Fərman verdi

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyev yeni qurumun yaradılması ilə bağlı -

Prezident İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

"Xalqinfo" xəbər verir ki, fərmanda qeyd olunur ki, dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində son vaxtlar bir sıra mühüm qərarlar qəbul edilib.

Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadəni və bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini zəruri edir.

Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

2. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (bundan sonra – Mərkəz) 3 nəfər üzvdən ibarət Müşahidə Şurası yaradılır, Şuranın sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

3.2. Mərkəzin icra orqanının funksiyalarını Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir.

4. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnamənin və maliyyə hesabatlarının təsdiq edilməsi;

4.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.3. Mərkəzin yenidən təşkil və ləğv edilməsi;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. təsərrüfat cəmiyyətlərinin yaradılması, habelə idarə, filial və nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

4.2.2. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə Mərkəzə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. Mərkəzin nizamnamə fondunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə əlaqədar məsələləri həll etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler