» » Hansı nazirliklərdə qüsurlar var? - Administrasiya siyahını açıqladı

Hansı nazirliklərdə qüsurlar var? - Administrasiya siyahını açıqladı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Hansı nazirliklərdə qüsurlar var? - Administrasiya siyahını açıqladı"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın şəhər və rayonlarında hər ay vətəndaşları qəbul edirlər. Bu işin üç ilə yaxındır davam etdirilməsi vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmış və yerlərdə keçirilən qəbullarda öz əks-sədasını tapıb".

“Xalqinfo”
xəbər verir ki, bu məlumat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində öz əksini tapıb.

Məqalədə qeyd olunur ki, qəbullarda vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin həlli həmin orqanların rəhbərlərinin işində önəmli yerlərdən birini tutur. Bu qarşılıqlı ünsiyyət regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsində mühüm vasitələrdən birinə çevrilib.

2015-ci ildə respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayondan 11336 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 11152 müraciətə baxılmış, bunların bir çoxu operativ həll edilmiş, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Qəbullarda iştirak etmiş 11336 vətəndaş daxili işlər (4868 nəfər), təhsil (623), əmək və əhalinin sosial müdafiəsi (512), ekologiya və təbii sərvətlər (491), ədliyyə (465), iqtisadiyyat (342), kənd təsərrüfatı (298), mədəniyyət və turizm (284), səhiyyə (280), fövqəladə hallar (263), vergilər (252), gənclər və idman (187), nəqliyyat (164), rabitə və yüksək texnologiyalar (117) nazirləri, Əmlak Məsələləri (452), Dini Qurumlarla İş (230), Gömrük (112), Ailə, Qadın və Uşaq Problemləri üzrə (100) dövlət komitələrinin sədrləri, Baş prokuror (327), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (361), Dövlət Sərhəd Xidmətinin (217) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (326), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (65) sədrləri tərəfindən qəbul edilmişdir. Qəbullarda qaldırılan məsələlərin 84,6 faizi qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olub.

Vətəndaşlar qəbullar zamanı həmin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında həll edə bilmədikləri bir çox məsələlərin həllinə nail olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 57,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilib, 26,6 faizi müsbət həll edilmiş, qalanları icrada saxlanılmış və ya aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş, bir qismi isə əsassız sayılıb.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 170 dövlət orqanında vətəndaşların qəbulu vəziyyəti ilə yanaşı, 2016-cı ilə dair qəbul cədvəlləri də öyrənilib. Demək olar ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində həftənin bütün iş günləri vətəndaşların qəbulu təmin olunur. İmtiyazlı şəxslərin, habelə zərurət yarandığı təqdirdə, digər kateqoriyalardan olan vətəndaşların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən növbədənkənar qəbul edilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, bu il də hər həftə yerli icra hakimiyyəti orqanları tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi planlaşdırılır.

İqtisadiyyat Nazirliyi, Xətai, Nərimanov, Nəsimi, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Göygöl, Xaçmaz, Xocavənd, Kürdəmir, Qazax, Qobustan, Laçın, Saatlı, Sabirabad, Samux, Şəmkir, Zərdab rayon icra hakimiyyətləri və digər qurumlar tərəfindən qəbul məsələləri, o cümlədən cədvəllərin tərtibi daha yaxşı təşkil edilmişdir. Həmin cədvəllərdə qəbul saatına məhdudiyyət qoyulmur, qəbulun yeri və vaxtı, onun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri öz əksini tapır.

Bununla yanaşı, bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər təşkilatlarda qəbulun təşkilində narahatlıq doğuran məsələlərdən biri odur ki, ayrı¬-ayrı hallarda yerlərdə qəbul cədvəlləri bəzən formal xarakter daşıyır, onların tərtibinə lazımınca fikir verilmir. Halbuki, qəbul cədvəllərinin düzgün tərtib edilməsi qəbulun yaxşı keçirilməsində əsas şərtdir. Qəbul cədvəllərini təhlil edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir.

Məsələn, Energetika, Müdafiə Sənayesi və Xarici İşlər Nazirliklərində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Mərkəzi Bankın, “Azəristiliktəchizat”, “Aqrolizinq”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Bakı Metropoliteni”, “Azərenerji”, “Azneftkimyamaş”, “Azərkəndtikinti” SC-lərdə, “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatında, Milli Arxiv İdarəsində, Dövlət Mülki Aviasiya Administrasiyasında, Beynəlxalq Bankda, Ticarət və Sənaye, Auditorlar palatalarında, “Azərittifaq”da, Bakı, Daşkəsən, Göyçay, Xızı, Kəlbəcər, Quba, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətlərində qəbulun təşkilində müəyyən qüsurlar nəzərə çarpır.

Son illər ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet saytlarının yaradılması və yeni proqram təminatlarının tətbiqi vətəndaşların qəbulu işinin asanlaşdırılmasına və səmərəli nəticələr əldə olunmasına gətirib çıxarmışdır. Dövlət orqanlarının saytlarının monitorinqi göstərir ki, onların çoxu müasir tələblərə cavab versə də, diqqəti cəlb edən qüsurlar da mövcuddur. Bəzi saytlar mütəmadi yenilənmir və lazımi informasiyalarla təchiz olunmur. Məsələn, Xızı Rayon İcra Hakimiyyətinin saytında qəbul cədvəli 2012-ci ili əhatə edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler