» » Üç prezidentin Tiflis görüşündə mühüm bəyanatlar

Üç prezidentin Tiflis görüşündə mühüm bəyanatlar

Bölmə: Siyasət, MANŞET
Üç prezidentin Tiflis görüşündə mühüm bəyanatlar
Sammitdə Ukraynanın ərazi bütövlüyü dəstəkləndi; Rusiyanın bu görüşdən məmnun qalmadığı aydındır

Mayın 6-da Gürcüstanda “2014 Tiflis sammiti” keçirilib. Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb. Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilən sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilib, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili üçtərəfli görüşün yekunlarına həsr olunan mətbuat konfransında deyib ki, sammit çərçivəsində üç ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb: “Bu gün bizim həyata keçirdiyimiz birgə layihələr Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirir. Ən əsası da odur ki, Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqı bölgədə sabitliyin qorunub saxlanmasına zəmanət verir. Bu, bizim iradəmizin və istəyimizin nəticəsidir”.

İlham Əliyevin deyib ki, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda dostluq, qardaşlıq əlaqələrini təsdiqlədilər: “Bu, çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, xalqlarımız, həm də qonşularımız və qitə üçün əhəmiyyətlidir. Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat, investisiya layihələri bizim ölkələrimizi daha sıx birləşdirir. Onu da deyə bilərəm ki, bu üçtərəfli format artıq dünya miqyasında böyük maraq doğurur. Bu, əslində unikal formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və hörmət əsasında xalqlarımızın maraqlarına cavab verən müasir, mədəni, bərabərhüquqlu münasibətlər qurub. Bizim münasibətlərimiz əməkdaşlıq üzərində qurulub. Bu əməkdaşlıqdan hər bir ölkə böyük fayda götürür”.

Azərbaycan prezidenti qeyd edib ki, bu gün dünyada enerji məsələsi ən vacib məsələdir: “Bu üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu da bizim əməkdaşlığımızın gözəl nəticəsidir. Gələcəkdə bu üç ölkə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək. Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr Avropa üçün böyük əhəmiyyət daşıyır. ”Şahdəniz 2" layihəsinə start verilib. “Şahdəniz 2", Trans Anadolu və Trans Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar olacaq. Bu vəsaiti də biz qoyacağıq ki, maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək.

Bu layihələrin icrası nəticəsində 10 minlərlə yeni iş yerləri açılacaq, biznes imkanları yaranacaq. Bu gün fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız bu layihələrdə fəal iştirak etsinlər və buna hazır olsunlar. İnvestisiya imkanlarımızı daha da genişləndirəcəyik. Yəni bizim ölkələr xarici sərmayədarlar üçün daha da böyük məna daşıyacaq. Bu da hər bir ölkənin marağındadır. Azərbaycan ən böyük investisiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi, güclü siyasi iradə dayanır. Əsas şərt budur. Bu təməl üzərində də biz münasibətlərimizi qururuq”.(APA)

İlham Əliyev: “Bizi birləşdirən layihələr həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün əhəmiyyətlidir”


İlham Əliyev hazırkı sammitin çox məhsuldar olduğunu bildirərək növbəti tədbirin Azərbaycanda keçirilməsini təklif edib: “Biz bu gün apardığımız fikir mübadiləsi ətrafında qərara gəldik ki, belə görüşlər müntəzəm keçirilsin. Etiraz etmirsinizsə, təklif edirik ki, növbəti sammitimiz Azərbaycanda keçirilsin və bu xoş niyyətli əməkdaşlığımız davam etsin”.

“Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”.

Türkiyə prezidenti Abdullah Gül bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: “Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq”. Daha sonra Gül Bakı-Tiflis-Qars dəmiryolunun inşasından söhbət açıb: “Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi böyük layihələr üç ölkə tərəfindən həyata keçirildi. Qafqaz regionunda sabitliyə və rifahın yaranmasında bu üç ölkənin xidmətləri çoxdur. Xalqlarımız həm qardaş, həm də qonşudur. Bundan sonra da belə əhəmiyyətli görüşlərin keçiriiləcəyinə ümid edirik”.



Virtualaz. org saytının şərhinə görə, üçtərəfli əməkdaşlıq sistemi Azərbaycan və Gürcüstanın öz müstəqilliklərini qoruyub saxlamasında ciddi amil olaraq qalır. Şübhəsiz ki, Rusiya Azərbaycan, Türkiyə, Gürcüstan üçtərəfli əməkdaşlığını həmişə yaxından izləyib və Moskvanın bundan məmnun olmadığı yaxşı məlumdur.

Ancaq indi nəinki regionda, bütövlükdə dünyada vəziyyət dəyişir. Türkiyə artıq Qərbin Avrasiya regionundakı ən sadiq müttəfiqi deyil. Ankara ilə Vaşinqton arasında hansı problemlərin yaşandığını Türkiyədəki son bələdiyyə seçkiləri ərəfəsindəki vəziyyət bir daha nümayiş etdirdi.

Eyni zamanda, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinin üstündən xətt çəkildiyini əminliklə demək olar. Əvəzində Türkiyə Rusiya ilə yaxınlaşır, Ukrayna ətrafında yaranmış böhran Türkiyənin Rusiya ilə yaxınlaşaraq öz maraqlarını təmin etməsi baxımından yeni imkanlar açıb.

Ankara Rusiyanın “Cənub axını” qaz kəmərinin Türkiyənin quru ərazisindən keçməsini təklif edir. Türkiyə hökuməti Krımın Rusiyaya birləşdirilməsinə açıq dəstək verməyib, ancaq buna qarşı da çıxmayıb.

Türkiyənin öz geosiyasi prioritetlərində düzəlişlər etməsi Azərbaycan və Gürcüstanın da xarici siyasət prioritetlərinə təsirsiz qala bilməz. Hazırda Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə Assosiasiya sazişi imzalaması məsələsi gündəmdə dayanır. Lakin Türkiyənin dəstəyi olmadan Gürcüstan hakimiyyətinin bu sazişə gedəcəyi ciddi sual doğurur.

Azərbaycan Aİ-nin Assosiasiya sazişi təklifindən artıq imtina edib və bunu maraqlarına uyğun hesab etmir. Bu üç ölkə yeni reallıqlardan çıxış edərək Rusiyanın iqtisadi, siyasi, enerji və digər maraqlarına uyğun gəlməyən əməkdaşlıq istiqamətlərini dəyişməlidir. Belə görünür ki, “Tiflis 2014" sammiti məhz bu məqsədlə çağırılıb.
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler