» » İmranov-Abbasov-Hüseynov triosu

İmranov-Abbasov-Hüseynov triosu Azərbaycana qarşı təhlükəli oyunda

Bölmə: Siyasət, BLOK XƏBƏR
İmranov-Abbasov-Hüseynov triosu
İmranov-Abbasov-Hüseynov triosu Azərbaycana qarşı təhlükəli oyunda - GÜNÜN MANŞETİ
Ölkəmizi qarışdırmaq üçün qiyamçılar bir araya gətirilir; Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun “Avrasiya hərəkatı” yaratması ölkəmiz əleyhinə daha bir təhlükənin anonsu kimi qiymətləndirilir; projedə qiyamçı polkovnik Surətin və Rusiyanın əsas adamlarından olan Abbas Abbasovun da olduğu iddia edilir; Rusiya rəsmi Bakını yenidən provokasiyaya çəkir...

Ötən saylarımızda keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiya Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımovun Azərbaycanın “Avrasiya hərəkatı” yaratmaları haqda məlumat vermişdik. Azərbaycan mətbuatı bu hərəkatı birmənalı olaraq Rusiyanın ölkəmizə qarşı növbəti provokasiyası kimi təqdim edir. Xatırladaq ki, 2013-cü ildə Moskvada Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilat yaradılmışdı.


Bu təşkilatın Kremlin iradəsiylə yaradıldığı haqda iddialar sonrakı proseslərdə özünü tam doğrultdu. Sonradan mətbuatın “Milyarderlər İttifaqı” adı verdiyi təşkilat prezident seçkisində öz namizədi ilə iştirak edib hakimiyyəti götürməyi planlaşdırırdı. Bunun üçün Bakıda Milli Şura adlı təşkilat da quruldu. Həmin təşkilata Abbas Abbasovun yaxın adamı, kinodramaturq Rüstəm İbrahimbəy gətirildi. Azərbaycan hakimiyyətinin davamlı basqılarından və hədələrindən sonra Rusiya bu proyektini həyata keçirə bilmədi.

Rüstəm İbrahimbəyov həbs təhlükəsi qarşısında Bakıya gəlməkdən imtina etdi. Bunun ardınca - 2013-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin Bakıya rəsmi səfər etdi. Onun prezident İlham Əliyevlə görüşündən sonra Moskva Milli Şuranın arxasından qismən çəkildi və birmənalı şəkildə hakimiyyəti və onun namizədini dəstəkləmək qərarı verdi. Lakin məlum olduğu kimi, bu “dəstək” Azərbaycana baha başa gəldi. Rusiya ölkəmizlə xərac alan yolkəsən kimi rəftar etdi...

Görünür, Rusiya hər seçkidə Azərbaycanı, onun iqtidarını hədələməkdən, rəsmi Bakı ətrafında gərginlik yaratmaq kursundan birdəfəlik imtina etməyib. Bunun üçün də davamlı təzyiq rıçaqları yaradır.
***
Yeni elan olunan “Avrasiya hərəkatı” ilə “Milyarderlər İttifaqı”nın ssenarisi eyni mərkəzdə - Moskvada yazılsa da, aralarındakı fərq ciddidir. RATİ daha çox ictimai-siyasi proseslərə təsir etməklə Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmağa can atırdısa, “Avrasiya hərəkatı” adı altında yaradılan yeni təşkilatın hərbi-siyasi üsullarla buna nail olmağa çalışacağını istisna etmək mümkün deyil. “Milyarderlər İttifaqı”nın rəhbərləri biznes adamları idisə, “Avrasiya hərəkatı” adı altında yaradılan yeni təşkilatın rəhbərləri Rusiya güc strukturlarında çalışmış, birbaşa Rusiya hərbi-siyasi hakimiyyətinə bağlı şəxslərdir. Parlament seçkiləri ərəfəsində, eyni zamanda, Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya kəşfiyyatına, hərbi dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi deyil.

“General” ayamalı İlqar Qasımov Azərbaycanı yenidən Kremlin təsir dairəsinə qaytarmağa çalışan siyasətçilərdən biri kimi tanınır. O, 1996-cı ildən bu yoldadır. “Azərbaycan Yolu” Siyasi Hərəkatının (AYSH) sədri olmaqla yanaşı GUAM ölkələri siyasi partiyaların Koordinasiya Şurasının sədri kimi də bunu heç vaxt gizlətməyib. Rusiya hərbi-siyasi dairələrinə bağlı İ.Qasımov ən müxtəlif illərdə Azərbaycanda siyasi səhnədə peyda olub. Hər dəfə də gəldiyi kimi də siyasi səhnəni əliboş tərk edib və bu, onun qeyri-ciddi fiqur kimi qəbul olunmasına gətirib çıxarıb.



Onun yeni ideyadaşı, sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov haqda isə bunu demək olmaz. Ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirən çekist N.İmranov 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasına 6 ay qalmış doğma DTK divarları onu sıxmağa başlayıb. 24 il 6 aylıq xidmətdən sonra N.İmranov istefa verib və Azərbaycana gəlib. N.İmranovun bu hərəkətinin vətənpərvərlik hisslərindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanıldıqlarını başa düşdülər. Hərbi xidmətdə olanlar səbirsizliklə sakit və qayğısız həyatlara başlamalarını gözləyirlər.

Belə bir imkan isə 25 illik xidmətdən sonra verilir. N.İmranov Azərbaycana xidmətinin bitməsinə 6 ay qalmış qayıdıb, üstəlik istefa verməklə, özünü təqaüddən məhrum etməklə. Ölkədə siyasi gərginliyin olduğu bir vaxtda N.İmranovun dönüşü haqda o dövrün siyasi hakimiyyəti, AXC iqtidarı da məlumatlı olub. Bu dönüşün heç də yaxşı nəticələr verməyəcəyini təxmin etsələr də, lazımi addım atmağa tələsməyiblər. Hakimiyyətdəkilər qərar qəbul etməyə tələsmədikləri bir vaxtda N.İmranov gözlənilənlərin əksinə olaraq Gəncəyə yollanıb.

Milli hakimiyyət devrildikdən sonra məlum olur ki, N.İmranov qiyamçı polkovnik Surət Hüseynovun əsas məsləhətçilərindən olub. Yeri gəlmişkən, S.Hüseynovla N.İmranovun qohumluq əlaqələrinin olması haqda da məlumatlar var. Hər iki şəxs kökəncə Qərbi Azərbaycandandırlar. N.İmranov 1944-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun (indiki Ermənistan Respublikası) Şişqaya kəndində anadan olub. 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1975-ci ildə Naxçıvan MR-də komsomolun 1-ci katibi vəzifəsindən SSRİ DTK-nın ali məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərib, 1986-cı il oktyabrın 4-də Azərbaycan DTK sədrinin müavini təyin edilib. 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb.



1993-cü ilin yayında AXC hakimiyyətinin süqutundan sonra, iyulun 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.

1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə prezident Heydər Əliyev N.İmranovu əfv edib və o, azad olunandan sonra Rusiyaya yollanıb. Bu illər ərzində N.İmranovun adı gündəmə 4 iyun qiyamı ilə bağlı xatirələrdə gətirilirdi. N.İmranov isə Rusiyada oturub susmağa üstünlük verirdi.




Onun yenidən siyasi səhnəyə qayıtmasını öz saatını, vaxtını gözləməsi kimi də dəyərləndirmək olar. Vaxtilə Abbas Abbasovun kuratoru olmuş N.İmranovun bu gün də Surət Hüseynovla əlaqələrinin olması haqda məlumatlar var. Maraqlıdır ki, N.İmranovun yaratdığı təşkilatda sabiq müdafiə naziri Rəhim Qazıyevlə yanaşı Surət Hüseynovun da adı hallanıb. R.Qazıyev təşkilata hər hansı bir formada bağlılığının olmadığını bəyan etsə də, S.Hüseynov hələ də susur.

Susmaq isə həmişə razılıq əlaməti kimi qəbul olunur...

Nəriman İmranovun gözlənilmədən ictimai-siyasi fəaliyyətə başlaması yeni və daha təcrübəli kadrların Azərbaycan uğrunda mübarizəyə qoşulması kimi də qiymətləndirilir. Görünən odur ki, Rusiya siyasi dairələri Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq üçün yeni oyuna başlayıblar. Komandanın başçıları ortadadır, onların ətrafına toplaşacaq üzvlərinin meydana çıxmasına da elə də çox vaxt qalmayıb.



Sonda bir məsələni də xatırladaq. Ötən ay Abbas Abbasov “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilatın rəsmən buraxıldığını elan etdi. Mətbuat bunu Moskvanın Azərbaycan hakimiyyəti ilə anlaşması, ölkəmizi özünün nəzarətindəki agentlər vasitəsi ilə qarışdırmaqdan imtina kursu kimi təqdim etdi. Lakin görünür, Kreml Azərbaycan hakimiyyətini gərginlikdə saxlamaqda maraqlıdır. Rusiya daha “çox basqı, daha çox güzəşt” taktikasına bu dəfə hərbçiləri də qatıb. Abbas Abbasovun da bu hərəkatda yaxından iştirak edəcəyi, əsas fiqurlardan olacağı indidən istisna edilmir. Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler