» » Sırada kim var?

Sırada kim var?

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Sırada kim var?
Mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad olunması gözlənilən olduğu qədər də gözlənilməz hadisə kimi səciyyələndirilir. Çünki adı nurçuluqda hallandırılan komitə sədrinin vurulacağı nəzəri cəhətdən mümkün sayılsa da, bəziləri hesab edirdi ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun vəzifədən azad olunması ilə nurçuluq söhbəti bitəcək.


Ancaq 2012-ci ilin may ayının 31-də bu vəzifəyə təyin edilən Elşad İskəndərovun iki ili tamam olmamış işdən çıxarılması prosesin davam etdiriləcəyinə şübhə yeri qoymadı.

Politoloq Ərəstun Oruclu vurulan məmurların nurçularla əlaqədar cəzalandırıldığına inanmır: “Məsələ burasındadır ki, bu prosesin nə olduğu bilinmir. Məlum deyil ki, bu, nə prosesdir, o adamları niyə işdən qovurlar. Nurçuluq məsələsi bir bəhanədir. Sadəcə olaraq ətraflarında müəyyən bir informasiya boşluğu yaranmasın deyə, o boşluğu öncədən nurçuluq söhbəti ilə doldururlar. Elşad İskəndərov hara, din hara. Bildiyim qədər nurçular din amilinə üstünlük verir, bu əsasda şəbəkələşirlər. Bu insanlar hər şeydən keçiblər, bir dindən başqa. Amma işdən çıxarılmada səbəb nurçuluq amili deyil. Hesab edirəm ki, burada başqa bir şey var. Bu, daha çox komandadaxili mübarizəyə oxşayır. Yəni bu qrupu şərti olaraq kimlər irəli çəkirdisə, onların mövqeləri hakimiyyət içərisində zəifləyir. Ona görə də mövqeyi zəifləyənlərin kadrlarını sıradan çıxarırlar”.

Ə.Oruclu bu prosesin dayanmayacağı qənaətindədir: “Yəqin ki, davam edəcək. Nəzərə alsaq ki, hakimiyyətin divar vərəqlərindəki anonsları hələ də davam edir. Deməli, işdən kənarlaşdırmalar da, bununla bağlı izahlar da davam edəcək”.

Politoloq parlamentin növbəti tərkibində də bu dəyişikliklərin əksini tapacağı qənaətindədir: “Ancaq belə gərgin bir dönəmdə parlament seçkilərinə qədər yaşamaq lazımdır. Ona qədər nələr olacaq, bilinmir. Hər halda görünən budur ki, ciddi dava gedir və kimin bu davadan qalib çıxacağını demək çox çətindir. Bu tərəfdən də xarici faktorların təsiri sərtləşir və güclənir”.

Qeyd edək ki, adı nurçuluqda hallandırılan deputat Ceyhun Osmanlının da istintaqa cəlb olunduğu, saatlarla dindirildiyi barədə məlumatlar vaxtaşırı yayılır. Hesab olunur ki, deputat toxunulmazlığı hələlik onunla bağlı sərt qərarın qəbul olunmasına imkan vermir. C.Osmanlının susmaqda davam etməsi də maraqlı məsələdir. Dünən israrlı zənglərimizə baxmayaraq deputat telefonu açmadı.

Bu arada adı nurçularla əlaqədə hallandırılan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov da sükuta üstünlük verir. Hesab olunur ki, növbəti qurbanlıq fiqur bu şəxslər ola bilər...

“Yeni Müsavat”


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler